Cəmiyyət

Bakıda “Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” adlı tədbir keçirilir - FOTOlar

5 May 2025 10:03
Baxış: 201
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah" adlı tədbir keçirilir.

Trend xəbər verir ki, Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, səfirlər və Avropanın əczaçılıq şirkətlərinin nümayəndələri iştirak edir.

Tədbirdə çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev bildirib ki, dərman vasitələri haqqında Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərə əsasən, dərman vasitələrinin dövlət qeydiyyatı məqsədilə aparılan ixtisaslaşdırılmış ekspertizanın müddəti 90 təqvim gününədək azaldılıb.

Onun sözlərinə görə, Qanuna yeni maddə əlavə edilərək xarici qeydiyyatın tanınması üzrə prosedur müəyyən olunub.

O bildirib ki, milli qanunvericilikdə son illərdə aparılan islahat tədbirləri, yaradılmış əlverişli biznes mühiti, cəlbedici investisiya şəraiti əczaçılıq sənayesinin inkişafı üçün geniş imkanlar açır.

"Azərbaycan Respublikasının ərazisində yaradılan xüsusi iqtisadi zonalarda müasir texnologiya və avadanlıqlarla təchiz edilmiş əczaçılıq müəssisələri qurulur, xarici tərəfdaşlarla birgə əczaçılıq müəssisələrinin təsis edilməsinə dair əməkdaşlıq müqavilələri imzalanır", - Nazir qeyd edib.

Nazir vurğulayıb ki, 2025/2026-cı tədris ilindən etibarən 6 yeni ixtisaslaşma üzrə magistratura səviyyəsində mütəxəssis hazırlığına başlanılacaq. Onun sözlərinə görə, ötən il Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində yaradılmış işçi qrup tərəfindən "Əczaçılıq təhsilinin inkişaf Konsepsiyası" hazırlanıb: "Konsepsiyanın Tədbirlər planına uyğun olaraq 2025/2026-cı tədris ilindən etibarən 6 yeni ixtisaslaşma üzrə magistratura səviyyəsində mütəxəssis hazırlığına başlanılacaq".

Öz növbəsində, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, hazırda Xidmətlər Zərfi çərçivəsində ambulator dərman təminatının sığorta hesabına aparılması üçün işlər aparılır.

O qeyd edib ki, əczaçılıq sənayesi səhiyyənin inkişafında və əhalinin sağlamlığının qorunmasında əsas strateji tərəfdaşdır.

"İcbari tibbi sığortanın əsas məqsədi də əhalinin sağlamlığının müdafiəsi, keyfiyyətli tibbi xidmətlərə bərabər və davamlı çıxışını təmin etməkir. Tibbi xidmətin keyfiyyətindən danışırıqsa, burada təkcə həkimin, tibb işçisinin deyil, dərmanın mövcudluğu, əlçatanlığı və effektivliyi də əsas rol oynayır.

Bilirsiniz ki, icbari tibbi sığortanın tətbiqindən sonra ölkənin bütün bölgələrində əhaliyə tibbi xidmətlərin əlçatanlığı artıb, vətəndaşların həkim seçimi imkanı genişlənib, profilaktik müayinələr və erkən diaqnostika göstəriciləri yüksəlib. Dərman təminatı bu böyük sistemin bir hissəsidir və hazırkı mərhələdə bu istiqamətdə ardıcıl şəkildə irəliləyirik. Bu sahədə ilk gündən əsas prioritetlərimizdən biri xüsusilə xroniki və geniş yayılmış xəstəliklər üçün dərmanların davamlı təminatı, xəstənin müalicə prosesinin yarımçıq qalmamasıdır".

Onun sözlərinə görə, hazırda Xidmətlər Zərfi çərçivəsində bir sıra tibbi xidmətlərlə yanaşı, təcili və təxirəsalınmaz tibbi yardım zamanı, stasionar müalicə prosesində, eləcə də ambulator şəraitdə aparılan tibbi prosedurlar zamanı istifadə olunan dərman vasitələri, anesteziya xidməti və tibbi sərf materialları icbari tibbi sığorta hesabına qarşılanır:

"Eyni zamanda, resept əsasında təyin olunan ambulator dərman vasitələrinin icbari tibbi sığorta hesabına təminatıistiqamətində işlər aparılır. Bununla bağlı mərhələli yanaşma tətbiq ediləcək: ilk mərhələdə ürək-damar sistemi xəstəlikləri, növbəti mərhələdə isə həzm və tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrinin resept əsasında sığorta tərəfindən qarşılanması nəzərdə tutulur. Paralel olaraq, dərman vasitələrinin siyahısını müəyyənləşdirən "pozitiv siyahı" hazırlanır. Bu siyahıya daxil olan dərmanlar üzrə apteklərlə müqavilələrin bağlanılması istiqamətində işlər aparılacaq. Bu addım vətəndaşların müalicə prosesində maliyyə yükünü azaltmaqla yanaşı, onların tibbi xidmətlərdən fasiləsiz və davamlı yararlanmasını da təmin etməyi hədəfləyir".

"Sonda demək istərdim ki, əczaçılıq sənayesinin inkişafı bizim üçün təkcə texniki və ya logistik məsələ deyil, bu birbaşa cəmiyyətin sağlam gələcəyinin təminatıdır.Vətəndaşa xidmət edən hər bir sahədə birlik, əməkdaşlıq və qarşılıqlı anlayış çox vacibdir.

Əminəm ki, bu tədbir əczaçılıq sənayesi sahəsində dövlət və özəl sektor arasında əməkdaşlıq imkanlarını genişləndirəcək və gələcək birgə təşəbbüslərə yol açacaq. Biz də öz növbəmizdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi olaraq hər zaman əməkdaşlığavə birgə təşəbbüslərə açığıq"- deyə Zaur Əliyev əlavə edib.

Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma isə çıxışında bildirib ki, bu gün Macarıstanın Azərbaycana ixracının 49 faizi məhz əczaçılıq sektorunun payına düşür.

"Macarıstan Azərbaycana dərman vasitələrinin tədarükünü 1993-cü ildən bəri həyata keçirir. 1997-ci ildə "Gedeon Richter" şirkəti Azərbaycanda nümayəndəliyini açmış ilk xarici əczaçılıq şirkətinə çevrilib", - deyə səfir bildirib.

O həmçinin, Macarıstanın "Egis" şirkəti 2020-ci ildə Qarabağ müharibəsinin gedişi zamanı Azərbaycanlı əsgərlərə dərman ianə etdiyini xatırladıb.

"Uzun illər ərzində macar əczaçılıq şirkətləri məhz keyfiyyətli, etibarlı və effektiv preparatları ilə Azərbaycanın səhiyyə sistemində öz etibarını və etimadını qazanıb",- deyə diplomat vurğulayıb.

T. Torma vurğulayıb ki, Macarıstan Mərkəzi və Şərqi Avropada ən böyük əczaçılıq məhsulları ixracatçısıdır və dünyada əczaçılıq məhsullarının ixrac həcminə görə 20-ci yeri tutur.

"Bu gün Macarıstanda aparılan bütün elmi-tədqiqat və təcrübi-konstruktor işlərinə (ETTKİ) yatırılan investisiyaların 60 faizi bio-elmlər sektoruna yönəldilir. Dünyanın 10 aparıcı biotexnologiya şirkətindən 9-nun Macarıstanda ya elmi-tədqiqat mərkəzi, ya istehsalat müəssisəsi, ya da hər ikisi mövcuddur," - deyə səfir qeyd edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.