17 aprel - Ümumdünya Hemofiliya Günüdür.
Azərbaycan Respublikasının Konstitusiyasının 39-cu maddəsinə əsasən, hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. Həmçinin "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü Maddəsinə əsasən, əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələrindən biri ətraf mühitin qorunması, ekoloji təhlükəsizliyin təmin edilməsidir. Dayanıqlı inkişafın əsas məqsədlərindən biri yaşından asılı olmayaraq əhalinin sağlam yaşayış tərzini təmin etmək və rifah halını yaxşılaşdırmaqdır. Məlumdur ki, ətraf mühit insan orqanizminin sağlamlığına daim təsir edir. Cəmiyyətimizdə hər bir insanın fərdi sağlamlığı onun irsi-genetik göstəricilərindən, əmək və həyat fəaliyyətindən, ətraf mühitin yerli faktorlarının təsiri və tibbi-sosial-sanitariya
yardımının əlçatanlığından asılıdır. Bu baxımdan ölkəmizdə hemofiliya kimi irsi qan
xəstəliyinə yanaşma çox diqqətəlayiqdir.
Hemofiliya nədir və hansı səbəblərdən yaranır?
Hemofiliya - qan laxtalanmasının pozulması ilə müşahidə olunan irsi qanaxma pozğunluğudur. Dünyada hər 10 min yenidoğulmuşdan birində bu irsi qan xəstəliyinə təsadüf olunur. Dünyada 800 mindən çox hemofiliyalı xəstə qeydə alınıb. Xəstəlik 70 % halda irsən - nəsildən-nəslə ötürülür. Bu xəstəlik ana xətti ilə ötürülür, qadınlar gendaşıyıcı, kişilər isə hemofiliyalı xəstə olur. Xəstəliyin yaranma səbəbi içərisində qohum nigahlar xüsusi yer tutur. Digər səbəblər isə ekoloji mühit nəticəsində genetik səviyyədə baş verən mutasion dəyişiklikdir.
Azərbaycan dünyanın hemofiliya və digər qanaxma pozğunluqlarının çox yayıldığı ölkələrindəndir, 1800-ə qədər qeydiyyatda olan pasient vardır. Ölkəmizdə qeyd olunan xəstəliyin bu səviyyədə rastgəlmə səbəbi qohum evliliklərin olması ilə bilavasitə əlaqədardır. Məhz bu səbəbdən ölkəmizdə qohum nigahların qadağan edilməsi çox təqdirəlayiq addımdır. İrsi qan xəstəliklərinin yaranmasının qarşısını almaq, bu xəstəliklə mübarizə aparmaq və irsimizin daha sağlam davam etməsi, sağlam gələcək nəsillərin yaranması məqsədilə qohum izdivaclarını qadağan etmək mühüm qərar idi.
Qan xəstəliklərinə ən çox rast gəlinən bölgələrimiz
Azərbaycanın iqtisadi və inzibati şəhərlərində hemofiliya xəstəliyinin yeni hadisələri və yayılma tezliyi bir-birindən kəskin fərqlənir, yüksək göstəricilər Aran iqtisadi rayonunda, Bakı və Sumqayıt şəhərlərində, Göyçay, Beyləqan, Zərdab, İmişli rayonlarda müşahidə olunur. Xəstəliyin bu intervalda yayılması, əsasən Bakı və Sumqayıt şəhərlərində rastgəlmə tezliyinin üstünlüyü tibbi-sanitar yardımın əlçatanlığı ilə əlaqədardır. Qanaxmalara meyllik müayinə, müalicə, sosial-psixoloji aspektdən istər xəstələr, istərsə də ailələrini ciddi yük altında qoyur. Bu səbəbdən bütün dünyada irsi qan xəstəliklərinə xüsusi diqqət ayrılır. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən rəsmi tanınmış qeyri-hökumət təşkilatı olan Ümumdünya Hemofiliya Federasiyasının 2025-ci ilə qədər müəyyən olunmuş strateji yol xəritəsində "Hamı üçün müalicə" prinsipi əsas götürülmüşdür. Bu ideologiya yaşadığı ölkədən, irqindən, dinindən asılı olmayaraq bütün hemofiliyalı insanların adekvat müalicə ala bilməsini hədəf seçmişdir.
Hemofiliyaya qarşı hansı tədbirlər görülür?
Azərbaycanda hemofiliyanın müalicəsi dayanıqlı inkişafın milli prioritet hədəflərindən biri sayılır. Ölkə rəhbərliyinin sosialyönümlü siyasəti çərçivəsində aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, bu sahəyə dövlət qayğısı ildən-ilə artırılır. İrsi qan xəstəlikləri ilə bağlı Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin əhəmiyyəti isə xüsusi vurğulanmalıdır.
Hemofiliyadan əziyyət çəkən insanların müalicəsi ilə bağlı son illər Azərbaycanda bir sıra mühüm tədbirlər görülüb. "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 264 nömrəli Fərmanına əsasən hazırlanmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş, 2006-2010-cu illər, 2011-2015-ci illər, 2015-2020-ci illər üçün təsdiq edilmiş Tədbirlər Planı hazırlanaraq həyata keçirilmişdir. Qeyd olunan tədbirlər bu xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə, onların laxtalanma faktorları ilə təminatının yaxşılaşmasına səbəb olub, hemofiliyalı xəstələrin normal həyat fəaliyyətinin təmin edilməsinə, ömürlərinin uzanmasına, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılmasına nail olunub.
Beləliklə, həyata keçirilmiş tədbirlərin Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsədlərə uyğun milli prioritet hədəflər qismindən "2030-cu ilədək profilaktik və müalicə vasitələrinin qeyri-yoluxucu xəstəliklərdən erkən ölüm hallarını 1/3-ə qədər azaltmaq və əqli sağlamlığı, sağlam yaşayışı təşviq etmək" və "Maliyyə riskindən qoruma da daxil olmaqla, hamı üçün təhlükəsiz, keyfiyyətli, əlçatan şəkildə əsas dərman preparatlarına çıxış imkanına nail olmaq" maddəsinin müddəalarına tamamilə uyğun gəldiyini vurğulamaq olar.
Mehparə Kazımova
Tibb üzrə fəlsəfə doktoru, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, hematologiya kafedrası, hematoloq