Qusar Rayon Mərkəzi Xəstəxanasında pasiyentlərə vaxtı keçmiş dərmanların verildiyi iddiası ilə bağlı yazı dərc etmişdik.
İddialara görə xəstəxananın aptek bölməsinin əməkdaşı İlhamə Hacıyeva (onun həm də xəstəxana direktorunun həyat yoldaşı olduğu deyilir) tibb işçilərinə vatsap nömrəsi vasitəsilə vaxtı keçmiş dərmanların xəstələrə verilməsinə dair tapşırıq verib.
Qusar Rayon Mərkəzi Xəstəxanasında pasiyentlərə vaxtı keçmiş dərman preparatlarının verilməsi iddiası ilə bağlı ilkin araşdırma başa çatıb.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, müəssisənin aidiyyəti üzrə əməkdaşları (tibb bacıları, böyük tibb bacıları və böyük mama vəzifəsində çalışan şəxslər, habelə Sığortanın təşkili və innovasiya şöbəsinin Aptek bölməsinin provizoru, Aptek bölməsinin müdiri) TƏBİB-ə dəvət edilərək izahatları alınıb:
"Həmin əməkdaşlar yayılan iddiaların həqiqəti əks etdirmədiyini və heç bir pasiyentə vaxtı keçmiş dərmanların verilmədiyini qeyd ediblər.
Sözügedən müəssisədə dərman sərfiyyatının qarşısının alınması məqsədilə istifadə müddətinin bitməsinə qısa vaxt qalmış dərman preparatlarının toplanması və aidiyyəti üzrə təhvil verilməsi qəti şəkildə tapşırılıb.
Məlumat üçün bildirək ki, dərman preparatları ilə davranış və onlardan istifadə qaydaları "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qeyd edək ki, dərman vasitələrinin son istifadə tarixi istehsalçı şirkət tərəfindən preparatların qablaşdırmasının üzərində qeyd edilir və dərman vasitələri həmin tarixə qədər istifadə edilə bilər.
İstifadəyə yararsız və son yararlılıq tarixi bitmiş dərman vasitələri isə müvafiq qayda və normalar çərçivəsində tibb müəssisələrindən toplanaraq utilizasiya edilməsi üçün aidiyyəti üzrə təhvil verilir".
Milli.Az