Şizofreniyadan əziyyət çəkən ana və övladı 1 il 3 aydır dərmanlardan məhrumdurlar.
Milli.Az xəbər verir ki, Goranboy rayonunun Qazanbulaq qəsəbəsində yaşayan Coşqun Ricai, anası və qardaşı üçün lazım olan dərmanların artıq 1 ildən çoxdur ki, TƏBİB tərəfindən verilənmədiyini iddia edir.
Coşqun Ricainin sözlərinə görə, 63 yaşlı anası Taliyə Əliyeva və 42 yaşlı qardaşı Nurlan Ricai 19 ildir şizofreniya xəstəliyindən əziyyət çəkirlər. Hər iki şəxs dövlət tərəfindən təyin edilmiş dərmanları qəbul etmədikdə onların vəziyyəti ağırlaşır. Nəticədə evdə əşyalar sındırılır, işıq və qaz sayğaclarına müdaxilə edirlər. Ricai bildirib ki, dərmanlar artıq uzun müddətdir verilmir və əvəzedici dərmanlar da onlara kömək etməyib. Bu səbəbdən anası və qardaşının vəziyyəti getdikcə pisləşir.
Coşqun Ricai həmçinin qeyd edib ki, anası ali təhsilli olub və uzun illər müxtəlif vəzifələrdə çalışıb, qardaşı isə hərbi xidməti başa vurduqdan sonra narahatlıqlar yaranıb. Hazırda hər ikisi ömürlük 2-ci qrup əlildir.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, problemin araşdırılması davam edir.
Asya
Milli.Az