Cəmiyyət

Ölkəmizdə Ramazanı sabah qeyd etməyənlər də var... - Deputatdan ÇAĞIRIŞ

29 Mart 2025 18:33
Baxış: 1 591
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabah ölkəmizdə Ramazan bayramı qeyd ediləcək. Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaq. Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00, Təzəpir məscidində 09.00-a təyin edilib.

Lakin bütün müsəlman ölkələrində Ramazan bayramı eyni vaxtda qeyd edilmir. Məsələn Səudiyyə Ərəbistanında martın 31-i, İranda daha fərqli tarixlərdə Ramazan qeyd olunur.

Ölkəmizdə də bəziləri Qafqaz Müsəlmanları İdarəsinin təqviminə əsasən yox, məhz adını sadaladığımız ölkələrin təqviminə əsasən bayramı qeyd edirlər.

Ramazan təqvimi ilə bağlı fikir ayrılığının səbəbi, bu haçalanmanın müsəlman dünyasında ixtilafların dərinləşməsinə səbəb olub-olmayacağı, eləcə də öz təqvimimiz ola-ola başqa ölkələrin kalendarına uyğun bayram qeyd etməyin nə qədər düzgün olub-olmadığı ciddi suallar doğurur.

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, Ramazan ayının başlaması və bitməsi birbaşa yeni ayın çıxması ilə bağlıdır:

"Yəni yeni aypara çıxanda müsəlmanlar oruca başlayırlar, növbəti yeni aypara çıxanda isə orucu dayandırırlar. Bu gün müsəlman dünyasında Ramazan ayının başlaması və bitməsi ilə bağlı fərqli mənzərinin olmasının səbəbi ayrı-ayrı ölkələrdə, yerlərdə ayın müxtəlif vaxtlarda görülməsi ilə əlaqədardır. Azərbaycanda rəsədxana deyir ki, ayın 30-da yeni ay çıxır. Başqa ölkələrdə isə yeni ayın martın 31-də görünəcəyi bildirilir. Fikir ayrılığının yaranmasının səbəblərindən biri budur",

Deputatın sözlərinə görə, bəzi ölkələr Ramazan bayramını fərqli gündə qeyd etməyi məqsədli şəkildə edir.

"Yəni digər ölkələrdən tamamilə fərqlənmək və özlərinin gücünü, qüdrətini göstərmək üçün bir sıra hallarda belə addımları atırlar. Əslində İslama görə bir müsəlman ölkəsində ay görünübsə, bütün müsəlmanlar oruca başlaya bilərlər. Eyni zamanda bir müsəlman ölkəsində yeni ay göründükdə, hamı onun əsasında orucunu dayandıra bilər. Hesab edirəm ki, ən düzgün yanaşma budur. Müsəlmanlar çalışmalıdırlar ki, bu yanaşmaya keçsinlər. Təəssüf ki, bu, hələ mümkün deyil. Qeyd etdiyimiz kimi bəzi müsəlman ölkələri digər ölkələrdən fərqlənməni özləri üçün prinsip seçirlər. Hər il digər ölkələrdən fərqlənməyə çalışırlar. Amma mən düşünürəm ki, birliyi, vəhdəti, bərabərliyi təmin etmək üçün müsəlmanların eyni tarixdə oruca başlayıb, orucu dayandırması yaxşı olar. Bu, mümkündür və həmrəyliyə də töhfə verə bilər. Uzun müddətdir ki, əksər müsəlman dövlətləri fərqli günlərdə Ramazana başlayıb, oruclarını dayandırırlar. Bəzən müxtəlif polemikalar olsa da, bu hansısa qarşıdurmaya aparıb çıxarmır".

C.Məmmədov ölkəmizdə fərqli vaxtlarda Ramazana başlayanlar və oruclarını dayandıranlar barədə də danışıb. O, bunun təəssüf doğurduğunu qeyd edib:

"Təəssüflə qeyd etmək lazımdır ki, ölkəmizdə sabah müsəlmanların bir qismi bayramı qeyd etsələr də, bir qismi həftənin ilk günü qeyd edəcəklər. Təəssüf ki, biz hər il olduğu kimi bu il də eyni problemi yaşayırıq. Bu məsələnin həlli kifayət qədər mürəkkəbdir. Amma mən düşünürəm ki, istək olarsa, başqa ölkələrdən fərqlənmək düşüncəsini, öz gücünü, qüdrətini göstərmək təşəbbüsünü, cəhdini bir sıra ölkələr kənara qoysalar, biz hər il bu problemi yaşamaya bilərik. İnsanlara da tövsiyyəm ondan ibarətdir ki, onlar Qafqaz Müsəlmanları İdarəsinin təqviminə əsasən oruca başladıqları kimi, həmin təqvimə əsasən də oruclarını bitirsinlər. Yəni biz müstəqil dövlətik. Azərbaycanın öz dövlət siyasəti var. Bu dövlət siyasətini bu gün də davam etdirməliyik, qorumalıyıq və bu istiqamətdə addımlar atmalıyıq. Bu olduqca önəmli məsələdir. Məsuliyyəti isə fətvanı verən qurumlar daşıyırlar,onlar narahat olmasınlar, bunun üçün heç bir əsas yoxdur. Əsas odur ki, dövlətimizin öz ənənələri, dəyərləri var. Biz bu ənənələri qorumalıyıq. Hesab edirəm ki, burada ilahiyyatçıların, din sahəsində çalışanların üzərinə böyük bir məsuliyyət və vəzifə düşür".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.