Cəmiyyət

“Oğlan dayısı arvadı ilə münasibətdədir, yeznə baldızla eşq yaşayır, RÜSVAYÇILIQDIR”

31 Yanvar 2025 20:10
Baxış: 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, həndbol üzrə milli komandamızın sabiq üzvü və kapitanı İnarə Yusibovanın narkomaniyadan əziyyət çəkməsinə dair veriliş hazırlanıb. Onu narkotik vasitələrin növbəti qurbanı kimi təqdim edib, bunun necə bir bəla olduğu göstərilib.

Burada iki sual yaranır: birincisi, belə həyat hekayələri ictimai şüura, əsasən də gənclərin altşüuruna işləyib, onları bu yola sala bilərmi?

İkincisi, ən müxtəlif aspektlərdən baxdıqda bir şəxsi bu şəkildə təqdim etmək doğrudurmu?

Globalinfo.az-a danışan sosioloq Lalə Mehralı birmənalı olaraq bunun göstərilməsinin əleyhinə olduğunu vurğulayıb.

Onun fikrincə, zərərli vərdişləri, əxlaqa uyğun olmayan davranışları göstərmək, ictimailəşdirmək dayandırılmalıdır:

"Narkomaniya haqqında çəkilən verilişlər təhlükəlidir. Dediyiniz videonu mən də gördüm, narkoman əlində narkotiki hazırlayır, bunun görüntüsünü blurlaşdırmadan yayırlar. Bilirsiniz, yeniyetmələr üçün bu cür görüntülər necə təhlükəlidir? Sağ olsun, çəkir, müalicəsinə kömək edir həmin adam, amma bunu yayımlayanda bəzi həssas yerləri verməməlidir. Qadının razılığına əsasən vəziyyətini göstərə, keçmiş və indiki həyatını müqayisə edə bilər. Lakin onu narkotik qəbul etdiyi yerdə çəkməməlidir".

Lalə Mehralı əvvəlki illərdə olan verilişlərə də toxunub:

"Xatırlayın, əvvəllər cinayət verilişləri var idi efirlərdə. Cinayəti törədənlər ən xırda detala qədər izah edirdi, istintaq videoları göstərilirdi, yüzlərlə insan, o cümlədən gənclər və yeniyetmələr də baxırdı ona. Cinayətkar planı necə qurduğunu, qətli necə törətdiyini, izi necə itirdiyini, yaxalanmamaq üçün nə üsullardan istifadə etdiyini danışırdı. Bu, insanları cinayət törətməyə təhrik edirdi. Artıq necə etməyi, necə gizlənməyi də bilirlər, necə etmək olar ki, iz qalmasın, tutulan şəxs nə səhv edib ki, tutulub, o səhvi təkraralamasınlar və s. Yəni həmin proqramlar ciddi formada cəmiyyəti hədələyir, cinayət sayını artrırdı".

Sosioloqun sözlərinə görə, hazırkı verilişlər əxlaqsızlığı təbliğ edir:

"Efirdəki sosial layihə altında göstərilən ailə biabırçılıqlarını düşünün. Bu cür verilişlər göstəriləndən cəmiyyətin əxlaqı pozuldu, orda göstərilir, bir növ dəlinin yadına daş salırlar. O verilişdə insanlar görür qardaş öz gəlinlərini qaçırır, əmi öz qardaşı qızına göz qoyur, 3 uşaqlı gəlin başqasına qoşulub evdən gedir, qayınata gəlininə tamah salır və bu, cəmiyyətdə adiləşir. Daha heç nəyə təəccüb etmirik, fərqindəsiniz? Seriallar da eyni effekti verir. İnsanları zərərli vərdişlərə, əxlaqsız davranışlara yönləndirir. Kiçik bir analiz etsəniz görərsiniz ki, efirdəki bütün reytinqli seriallarda insest münasibətlər var. Ailədə qardaş qardaşın arvadına sataşır, bacıoğlu dayısının yoldaşı ilə münasibətdədir, yeznə baldızla eşq yaşayır və bütün belə rüsvayçı münasibətləri "qarşılıqsız eşq", "saf məhəbbət" kimi qələmə verirlər. Bu cür həyat sürənləri qurban, zərərçəkən kimi qələmə verib, cəmiyyətin rəğbətini toplayırlar. Beləcə, cəmiyyətin əxlaqı pozulur, özündən xəbərsiz alt şüuru insest münasibətlərə müsbət baxır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.