AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alanlardan biri də Zaqatala rayonu, Danaçı kənd sakini Mahir Carayev idi.
Milli.Az xəbər verir ki, o qəzadan 4 gün sonra ayılıb.
Hadisə şahidi qəza ilə bağlı deyib ki, hadisədən sonra huşunu itirib, olanları dəqiq xatırlamır:
"Dekabrın 25-i Qroznıya uçmaq üçün bilet almışdım. Bakıda təyyarəyə mindik, bir saata eniş etməli idik. Təyyarə eniş etməyə çalışanda qəza baş verdi. Həmin vaxt biz nə baş verdiyini dəqiq bilmədik. Xeyli vaxtdan sonra təkrar eniş etməyə çalışsaq da, alınmadı. Sonra baş verənlər yadıma gəlmir. Bir də Qazaxıstandan Azərbaycana göndəriləndə özümə gəldim. Reanimasiyada olduğum vaxtlar yadımdadır".
Zaqatala sakini deyib ki, qəzadan sonra dövlət tərəfindən yüksək qayğı ilə əhatə olunub.
Ailəsi ilk öncə M.Carayevin öldüyü düşünürdü.
Qeyd edək ki, dekabrın 25-də "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.
İlkin məlumata görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
Asya
Milli.Az