Cəmiyyət

Seçkiqabağı informasiya təxribatı - Polisin öz işi var

11 İyul 2024 20:07
Baxış: 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Bundan öncəki zamanlarda olduğu kimi, bu dəfə də bəzi dairələr seçkilər öncəsi ictimai rəyi çaşdırmağa, spekulyativ mahiyyət daşıyan və kontekstdən çıxarılmış fikirlər yaymağa cəhd etdi. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu dəfə seçkilərə kölgə salmaq, onun şəffaflığını şübhə altına almaq üçün istinad nöqtəsi kimi Azərbaycan polisinin seçki günü gücləndirilmiş iş rejimində çalışması xəbəri oldu. 

"Stəkanda burulğan" yaratmaq istəyən dairələr bunu polisin seçki prosesinə birbaşa müdaxilə edəcəyi, seçki prosesinin polis nəzarəti altında keçiriləcəyi ilə bağlı təəssürat yaratmağa cəhd göstərdi.

Halbuki polisin seçki günü gücləndirilmiş iş rejimində çalışmasında qeyri-adi heç nə yoxdur. Belə ki, polisin seçkilərdə vəzifə və öhdəlikləri, səlahiyyət çərçivələri Azərbaycan Konstitusiyası, "Polis haqqında" Qanun, Seçki Məcəlləsi və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlarla konkret müəyyən olunub. Həmin sənədlərdən də aydındır ki, polis birbaşa seçki prosesinə heç bir müdaxilə, yaxud təsir etmək imkanına malik deyil, sadəcə asayişi bərpa etməklə bağlı məhdud funksiyalara malikdir.

Belə ki, qanunvericiliyə görə, polis əməkdaşı seçki məntəqəsindən azı 100 metr məsafədə xidmət aparmalıdır. Və yalnız seçki məntəqəsində yaranmış fors-major situasiya ilə bağlı, ictimai asayişin pozulduğu hallarda yalnız məntəqə seçki komissiyasının sədri tərəfindən asayişi bərpa etmək üçün seçki məntəqəsinə dəvət oluna bilər. Göründüyü kimi, Azərbaycan qanunvericiliyində polisin seçki prosesinə müdaxiləsi ehtimalını sıfıra endirən sərt hüquqi tənzimləmələr mövcuddur və bu tənzimləmələr, məhdudiyyətlər dünyanın əksər ölkələrinin qanunvericiliyində mövcuddur.

Digər yandan, parlament seçkiləri zamanı daxili işlər orqanları əməkdaşlarının öhdəliklərini müəyyən edən Əsasnamə və "yaddaş kitabçaları" da mövcuddur. Bu sənədlər gücləndirilmiş iş rejimində çalışan DİN əməkdaşları üçün professional fəaliyyətlərində "yol xəritəsi" rolunu oynayır.

Bir daha qeyd olunmalıdır ki, Azərbaycan qanunvericiliyindəki normativ aktlarda Daxili İşlər Nazirliyinin əsas funksiyası seçkilər zamanı asayişin mühafizəsi, ictimai qaydanın qorunması və ictimai təhlükə­sizliyin təmin edilməsi, seçkilərin ölkə qanunvericiliyinin tələblərinə uyğun təh­lükəsiz və demokratik şəraitdə keçirilmə­si, seçki günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsindən ibarətdir. Belə olan halda, bütün ölkə əhəmiyyətli tədbirlərdə gücləndirilmiş iş rejimində çalışan Azərbaycan polisinin 1 sentyabr parlament seçkilərində də analoji fəaliyyət planı ətrafında informasiya vəlvələsi, süni ajiotaj, bir sözlə "stəkanda burulğan" yaratmaq cəhdi yalnız bəzi dairələrin, ölkə daxilindəki "beşinci kolon"un Azərbaycanda baş verən demokratik proseslərə, o cümlədən seçkilər haqda mənfi imic formalaşdırmaq, "qara piar" aksiyasından başqa bir şey deyil.

Bu informasiya təxribatı cəmiyyətdə və beynəlxalq arenada ölkədə keçirilən seçkilərin qeyri-şəffaf olması, polis nəzarəti altında baş tutması barədə yanlış rəy yaratmağa hesablanıb. Azərbaycanda istər son prezident seçkilərində, istərsə də ondan öncə baş tutan seçkilərdə polisin prosesə müdaxilə etməsinə, vətəndaşlara öz seçici hüququnu yerinə yetirməsinə, yaxud səslərin sayılması prosesinə müdaxiləsinə dair heç bir fakt, pozuntu məlum deyil. Ona görə də hazırda dövriyyəyə buraxılan bu yalan bundan öncəki seçkilərdə olduğu kimi qarayaxma kampaniyasının bir elementidir.

Belə cılız təxribatlar, informasiya diversiyaları ictimai fikrə və beynəlxalq rəyə heç bir təsir imkanına malik deyil, yalnız həmin təxribatları sifariş edən, Azərbaycana qarşı davamlı və aşkar qərəzi, nifrəti olan marginal qruplar, dairələr üçün keçərli olacaq.

Təsadüfi deyil ki, Azərbaycanda keçiriləcək parlament seçkilərinə dünyanın bir çox ölkələrindən, beynəlxalq təşkilatlardan ciddi maraq, ajiotaj mövcuddur. Hətta Azərbaycandakı seçki prosesinə daim qərəzlə yanaşan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) Azərbaycanda 300-dən çox müşahidəçi ilə təmsil olunmaq istəyir. Digər yandan, ölkənin aparıcı siyasi partiyalarının, müxalifət qüvvələrinin də seçkilərə qatılmaq istəyi növbədənkənar parlament seçkilərində cəmiyyətin bütün düşərgələrinin, qütblərinin təmsil olunacağı deməkdir.

Azərbaycanda uğurlu seçki prosesi, demokratik prinsiplərə söykənən və əsas siyasi qüvvələrin qatıldığı parlament seçkiləri ölkəmizə qərəzi olan dairələri narahat edir. Azərbaycan polisinin seçkilərə guya müdaxilə edəcəyi ilə bağlı informasiya təxribatı, "stəkanda burulğan" cəhdi də məhz bu narahatlığın əks-sədasıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.