Cəmiyyət

Uşaqların düzgün qidalanması üçün nə etməli?

13 İyul 2012 01:30
191 Şərh     Baxış: 298 034
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Normal inkişaf üçün isə üç amil əsas götürülür. Düzgün qulluq, qidalanma və tərbiyə. Ayrı-ayrı üzv və sistemlərin normal funksiyası, xəstəlik törədən amillərə qarşı müqavimət dərəcəsi düzgün qidalanmadan asılıdır. Uşağın normal böyüməsi, psixi və fiziki inkişafı üçün də vacib şərtdir.

Bir uşaq, tək yemək, üç üsul

Həkim-pediatr Nigar Cəfərovanın dediyinə görə, uşağın, xüsusən həyatının birinci 3 ilində boy artımı, bütün mübadilə proseslərinin gərginliyi və labilliyi, ayrı-ayrı toxuma, hüceyrələrin inkişafı təkcə lazımi qida maddələrinin kafi miqdarda qəbul olunmasını deyil, həm də onların müəyyən nisbətdə olmasını tələb edir. Bir yaşa qədər uşaqların qidalanması 3 üsulla aparılır. Təbii, süni və qarışıq qidalanma. Uşaq üçün ən əhəmiyyətli və fizioloji olan qidalanma təbii qidalanmadır. Uşaq doğulduğu vaxtdan 5-6 ayına qədər ana südü ilə qidalanırsa, bu, təbii qidalanma sayılır:

"Doğuşdan sonra 2-4 gün müddətində ilkin süd - ağız südü ifraz olunur. Ağız südünün tərkibi yetişmiş südə nisbətən daha çox zülalla zəngindir. Ağız südündə yeni doğulmuş uşağın mübadilə prosesinin fəallığını qüvvətləndirən antigen var. İlk günlərdə ağız südü ilə uşaq anadan çoxlu miqdarda immun cisimciklər və fermentlər alır. Ağız südü nisbətən qidalandırıcı olub, tərkibinə görə yeni doğulma dövründə uşağın fərdi tələbatını daha çox ödəyir. Bətndən xaric dövrdə uşağın qidalanmaya uyğunlaşması üçün ən yaxşı qida sayılır".

Süddən südə fərq var?

Həkim deyir ki, ağız südünün tərkibi gündən-günə dəyişir. 4-5 gündən təxminən 2 həftəyə qədər uşaq yağla zəngin keçid süd, sonra isə yetişmiş süd alır. Ana südünün tərkibində iri lopalarla pıxtalaşan, çətin həzm olunan kazein heyvani südə nisbətən azdır. Uşağın ilk aylarında mədə şirəsi turşuluğunun aşağı olmasını nəzərə alsaq, bunun xüsusi əhəmiyyətə malik olduğu düşünülər. Ana südünün zülalı mühüm həyati əhəmiyyəti olan və qiymətli amin turşularının mürəkkəb birləşməsindən ibarətdir. Bu zülal öz quruluşuna görə uşağın zülalının tərkibinə yaxındır ki, bu da onun mənimsənilməsini, bədən toxumalarının inkişafında istifadə olunmasını asanlaşdırır. Uşaqlarda zülala tələbat böyüklərin orqanizminə nisbətən çoxdur, ona görə ki, uşaq yaşlarında boy artımı və inkişaf prosesləri daha intensivdir. Zülalın çox hissəsi yeni toxuma və hüceyrələrin qurulmasına sərf olunur.

Ana südünün əsas üstünlüyü nədir?

Həkim-pediatrın dediyinə görə, qadın südünün əsas bioloji üstünlüyü onun tərkibində anticisimlərin və hormonların olmasıdır. Beləliklə, anticisimlər uşağın ilk aylarında bir sıra uşaq infeksiyalarına qarşı immunitet yaradır. Hormonlar isə uşağın boy artımı və inkişafını stimullaşdırır: "Təbii qidalanma zamanı uşaq ana südünü tam steril halda alır. İnək südü və ondan hazırlanmış qarışıqlarla qidalandıqda isə onun mədə-bağırsaq sisteminə mikrobların düşməsi imkanı artır. Təbii qidalanmanın ən böyük üstünlüyü ondan ibarətdir ki, ana südünün tərkibində olan albumin və qlobulinlər bağırsaq divarından dəyişikliyə uğramadan keçə bilirlər".

N.Cəfərova bildirib ki, uşaq doğulduqdan 6-12 saat keçdikdən sonra ona ana südü verilməlidir. Yarımçıq doğulan uşaqlar, zəif doğulanlar, doğuş travması ilə zədələnənlər, xəstə uşaqlar sağılmış isti südlə qaşıq və pipetka vasitəsilə qidalandırılmalıdırlar. İlk gündən düzgün qidalanma rejiminin təyin edilməsinin böyük əhəmiyyəti var. 1-1,5 aylıqdan başlayaraq uşaqlara giləmeyvə, meyvə və tərəvəz şirəsi verilməlidir. Şirələr gündə 2 dəfə 3-5 damcıdan başlayaraq tədricən artırılır. 5-6 aylıqda 8-10 çay qaşığına çatdırılır. 3-3,5 aylıqdan pomidor, gavalı, ərik, albalı şirəsi vermək olar. 4 aylıqdan sonra gündə yarım çay qaşığından başlayaraq 2 xörək qaşığına qədər sürtgəcdən keçirilmiş alma püresi verilməlidir.

Vitaminləri nə zaman vermək olar?

Pediatr vurğulayıb ki, təbii qidalanan uşaqlara bir aylığından başlayaraq gündə 30 milliqram askorbin turşusu verilməlidir. Əgər uşaq sterilləşdirilmiş başqa heyvan südü alırsa, askorbin turşusunun miqdarı 100 milliqrama çatdırılmalıdır. Uşağa 2 aylığından başlayaraq B qrupu vitaminlərini vermək lazımdır. Balıq yağını bir aylıqdan başlayaraq hər dəfə 3-5 damcı, gündə 2-3 dəfə verməklə tədricən miqdarını artıraraq 3 aylığında 1 çay qaşığına çatdırılmalıdır. Balıq yağı mədə şirəsinin ifrazını ləngitdiyinə görə yeməkdən sonra verilməlidir. Balıq yağı yüksək enerjili qida maddəsi olmaqla A və D vitaminləri ilə zəngindir.

Uşaq yekəldikcə yeməyi də "böyüyür"

N.Cəfərovanın sözlərinə əsasən, sağlam uşaq 5-6 aylığına qədər ananın südü və vitaminlərlə qidalanır. 4 aylıqdan başlayaraq uşağın zülala, duzlara və karbohidratlara olan tələbatı artır. 5-6 aylıqdan başlayaraq uşağa ananın südünün miqdarından, keyfiyyətindən asılı olmayaraq mütləq əlavə qida verilməlidir.

Uşağın xüsusiyyətindən, onu əhatə edən mühitdən asılı olaraq əlavə yemək bir qədər tez və ya gec başlana bilər. Əlavə qidaya keçən zaman bəzi qaydalara riayət etmək lazımdır.
Əlavə yeməyi az-az və tədricən vermək, başqa cür yedizdirməyə ancaq uşaq birinciyə adət etdikdən sonra keçmək olar. Əlavə qida, döş əmizdirmə kimi, müəyyən saatlarda verilməlidir:

"Uşaga 7 aylığından başlayaraq bulyon, şorba və ağ çörək suxarısı vermək olar. Həmin bu ayda bir gündə uşaga 30 qram ət verilməlidir. Ət əvvəlcə qiymə halında, 11-12 aylıqda isə buxarda bişirilmiş kotlet şəklində vermək olar. Uşaga qaraciyər, beyin, balıq vermək mənfəətlidir. Təzə meyvə, giləmeyvə və tərəvəz şirələri, sürtgəcdən keçirilmiş almanın bir yaşın axırında gündə 60-80 qram miqdarında verilməsi mütləqdir. 4-5 aylıqda mannı sıyığı, 5 aylıqda tərəvəz, meyvə püresi, 8 aylıqda isə tərəvəz və ət suyu şorbası verilə bilər.

Əlavə qida verildikdə də qidanın keyfiyyətinə fikir verilməlidir ki, uşaq kifayət qədər zülal, yağ və karbohidratlar alsın. Əgər kontrol hesablama zamanı bu və ya başqa inqredientin əskikliyi meydana çıxarsa, uşağın qidasında dəyişiklik etmək lazımdır ki, bu da onun fizioloji normaya müvafiq zülallarla, yağlar və karbohidratlarla təmin olunmasına səbəb olur. Zülalın çatmayan miqdarını kəsmiklə, yaxud zülal preparatları ilə, yağın çatmayan miqdarını balıq yağı, daha böyük yaşlarda kərə yağı ilə, karbohidratların çatmayan miqdarını isə şərbətlə ödəmək lazımdır".

Dişlər çıxdı, süd azaldı

Həkim-pediatr qeyd edib ki, bir yaşdan böyük uşaqların yeməyinin təşkilində onların fizioloji xüsusiyyətləri, çeynəmə aparatının inkişafı, mədə şirəsinin fermentativ intensivliyinin artması, dadbilmə hissiyyatının inkişafı nəzərə alınmalıdır:

"Sağlam böyüyən uşaq bir yaşın axırı üçün 8-10 dişə malik olmalıdır. Ona görə də onun yeməyinin rasionunda bir qədər sərt qidalar olmalıdır. Dişlərin çıxması səbəbilə mədə-bağırsaq funksiyasının tədricən təkmilləşməsi ilə əlaqədar olaraq verilən südün miqdarı azaldılır, bir qədər artıq tərəvəz və meyvə ilə əvəz edilir. Yarmanı uşağa təkcə sıyıq halında deyil, həm də oladi, kotlet halında, tərəvəzi isə bişirilmiş, yaxud pörtlədilmiş, dilim-dilim kəsilmiş şəkildə vermək olar.

1 yaşdan böyük olan uşaqların qidasında onların bütün tələbatını ödəyən kafi miqdarda zülal, yağ və karbohidrat olmalıdır. Bundan başqa, qəbul olunan qida vitaminlərlə, lazımi qədər su və duzlarla zəngin olmalıdır. 1 yaş 5 aylıqdan sonra uşaq tərəvəzdən hazırlanmış şorba, yarma şorbası, tərəvəz püresi qəbul etməlidir. Donuz, qoyun, qaz kimi ət növlərini uşağa vermək olmaz. Çünki belə ətlərdə yağ çoxdur və onlardan hazırlanan xörək çətin həzm olunur.

Uşağın yeməyində tərəvəz, meyvə və giləmeyvə, qırmızı turp, ağ turp, soğan, quşüzümü, böyürtkəndən geniş istifadə olunmalıdır. 1 yaşdan 2 yaşa qədər olan uşaqlar üçün gündəlik südün miqdarı 700 millidən, 2 yaşdan 3 yaşına qədər uşaqlar üçün isə 500 millidən az olmamalıdır".

Cənab körpə, yeməkdə nə arzu edirsiniz?

Həkim vurğulayıb ki, uşaqlar üçün menyu tərtib etdikdə onların zövq və meylləri nəzərə alınmalıdır. Uşaqlarda yeni növ qidalara, məsələn, müxtəlif tərəvəz və göyərtilərə həvəs oyatmaq lazımdır: "Hər bir yeni xörəyə uşaq yavaş-yavaş alışdırılmalıdır. Əgər uşaq xörəyi yemək istəmirsə, o zaman xörəyi ət, kəsmik, alma və giləmeyvə ilə qarışdırıb vermək lazımdır. Yedizdirmə prosesinin düzgün aparılmasında uşağın yemək yediyi zaman təşkil olunan şəraitin, süfrənin qurulmasının, xörəyin tərkib və dadının böyük əhəmiyyəti var".

Zəhra
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.