Cəmiyyət

Yemiş və qarpız yemək olarmı?

9 İyun 2012 12:01
0 Şərh     Baxış: 1 512
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Sözügedən məhsulların satışı nəinki bazarlarda, həmçinin qəsəbələrarası magistral yolların kənarında, küçələrdə, kiçik dükanların qarşısında təşkil olunub.

Lakin mütəxəssislər bu bostan məhsullarının yetişmə vaxtının iyul ayının sonları, avqust ayının əvvəlləri olduğunu vurğulayırlar. Onların sözlərinə görə, 2 ay yarıma ərsəyə gələn qarpızın yetişməsi üçün effektiv temperatur göstəricisinə yalnız həmin aylarda təsadüf olunur.

Vaxtından tez bazarda yer alan məhsulların haradan gətirildiyini öyrənmək üçün "Neftçilər" metrosu yaxınlığında yerləşən meyvə-tərəvəz mağazasına və "Vosmoy" adı ilə tanınan 8-ci kilometr bazarına baş çəkdik.

Metro yaxınlığında yerləşən meyvə-tərəvəz mağazasının satıcısı Rövşən Şahbazov qarpız və yemiş alıcılarının kifayət qədər olduğunu dedi: "Qarpızı və yemişi bazardan alıb burada satırıq. Ona  görə də istixanalarda yetişib-yetişmədiyini bilmirik. Ancaq çox güman ki, rayonlarda yetişdirilir və paytaxta gətirilir. Qarpız və yemişin 1 kiloqramını bir manata satırıq. Alanlar da var".

Bazarda isə qarpız və yemişin qiyməti müxtəlif idi. Bəzi yerdə kilosu 1 manat, bəzi yerlərdə isə 1 manat 50 qəpiyə satılırdı. Satıcıların bəziləri deyirlər ki, bu il qarpız və yemiş təbii üsulla yetişdirilib, digərlərinin sözlərinə görə isə bu, istixanalarda yetişdirilən məhsullardır".

Kənd Təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov satışdakı qarpız, yemişlərin istixanalarda yetişdirilən tərəvəzlər olduğunu dedi: "Bu tərəvəzlər açıq və qapalı şəraitdə yetişdirilir. Açıq şəraitdə yetişdiriləndə bunun elə də problemi olmur. Ancaq qapalı şəraitdə yetişdiriləndə bitkinin günəşə ehtiyacı olur, fotosintez prosesi normal getmir. Qapalı və açıq şəraitdə yetişdirilmənin əslində elə də bir fərqi yoxdur. Əsas odur ki, bitkiyə verilən gübrə, xüsusən də azot normasında olsun. Azot iki cürdür: amonyak və nitrat tərkibli. Nitrat tərkibli azot veriləndə normal fotosintez prosesi gedir, qeyri-üzvü maddələr üzvü maddələrə çevrilir. Qarpız, yemiş, pomidor, xiyar və ispanaq nitrata meylli bitkilərdir. Bu bitkilərə həddindən artıq azot verilir ki, alınan məhsul həcmli və böyük olsun. Buna görə də onlarda nitrat çox toplanır. Bu itkiləri istəyirsən açıq, ya qapalı şəraitdə yetişdir, fərqi yoxdur. Əsas odur ki, aqrotexniki qaydalara əməl olunsun və verilən gübrə, xüsusilə də azot, qaydasında verilsin. İndiki qarpız və yemişlərin yetişməsində süni amillər rol oynayıb. Açıq və normal şəraitdə təbii yetişən qarpız və yemişi biz ancaq avqust ayının əvvəllərində görə bilərik. İndi yetişdirilən qarpızlar süni şəkildə yetişdirilən qarpız və yemişlərdir".

Qeyd edək ki, qarpız və yemişin yetişdirilməsi ilə əsasən Kür-Araz ovalıqlarında yerləşən rayonlar məşğul olur. Bu isə həmin ərazilərdə müvafiq temperatur göstəricilərinin olması ilə bağlıdır.

"Yeni Müsavat"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.