Cəmiyyət

Bakıda maşın dəmir yolu relslərinin üstünə düşdü

19 May 2010 09:04
Baxış: 229
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gecə Bakının Nizami rayonu ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az-ın ANS TV-yə istinadən verdiyi xəbərə görə, hadisə Heydər Əliyev prospektindəki dəmir yolu ötürücüsünün üzərində qeydə alınıb. Bakı sakini Rəşad Cəfərovun idarə etdiyi "Mercedes" markalı avtomobil kənar yolla hərəkət edən zaman qəfildən idarəetməni itirməsi nəticəsində beton səkiyə çırpılıb və yoldan çıxaraq dəmir yolu relslərinin üzərinə düşüb.

Hadisə zamanı xəsarət alan sürücü Rəşad Cəfərov 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, ona başın təpə nahiyəsinin cırılmış-deşilmiş yarası diaqnozu qoyulub. Hazırda sürücünün vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir.

Keşlə xətt polis bölməsinin əməkdaşları ilə yanaşı Nizami Rayon Dövlət Yol Polis Şöbəsinin müfəttişləri də əraziyə cəlb olunublar. Maşın qatarların intensiv hərəkət etdiyi relslərin üzərinə düşsə də, hərəkətə hər hansısa maneə yaranmayıb.

Qəzaya uğramış avtomobil qaldırıcı texnika vasitəsilə qatarların hərəkət zolağına aid olan ərazidən evakuasiya olunub. Faktla bağlı müvafiq ekspertizalar təyin olunub.

Keşlə xətt polis bölməsində aparılan araşdırmalardan sonra yol qəzasının baş verməsinin dəqiq səbəbləri aydınlaşacaq. Amma qəza ilə bağlı ilkin versiya məlum olub. Müəyyən edilib ki, yol-nəqliyyat hadisəsi sürücünün ani çaşqınlığı nəticəsində yaranıb. Belə ki, yol ötürücüsünün altında quraşdırılmış tunellə hərəkət etmək əvəzinə sürücü geriyə manevr üçün nəzərdə tutulmuş zolağa daxil olub. Nəqliyyat vasitəsinin sürəti yüksək olduğundan onun idarə edilməsi çətinləşib və avtomaşın səkiyə çırpılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.