Cəmiyyət

Xalq qəhrəmanı Sultan bəyin 140 illik yübileyi qeyd edilib

25 Aprel 2012 21:31
Baxış: 399
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Milli.Az Kəpəz TV kanalına istinadən xəbər verir ki, laçınlı məcburi köçkünlər həmyerliləri, xalq qəhrəmanı Sultan bəyin 140 illik yübileyini qeyd ediblər. Tədbirdə xalq qəhrəmanı Sultan bəy Sultanovun 1918-1919-cu illərdə Qarabağdakı yaşayış məntəqələrimizin Andranikin daşnak ordusundan mühafizə olunmasında müstəsna xidmətlərindən danışılıb.

Ağcabədi rayonu ərazisindəki Taxtakörpü ərazisində yerləşən Laçın rayon İcra Hakimiyyətində xalq qəhrəmanı Sultan bəy Sultanovun 140 illik yubileyi qeyd edilib. Tədbir iştirakçıları əvvəlcə umummilli lider Heydər Əliyevin büstünü və şəhidlərin xatirə kompleksini ziyarət edərək önünə çiçək dəstələri qoyublar. Sonra Sultan bəy və Xosrov bəy qardaşları barədə təşkil olunmuş fotostendə baxış keçirilib və iştirakçılara "Xalq qəhrəmanı Sultan bəy" kitabı təqdim olunub. Tədbirdə xalq qəhrəmanı Sultan bəy haqqında film nümayiş etdirilib.

Çıxış edənlər XX əsrin əvvəllərindəki ictimai-siyasi hadisələrdən, erməni millətçilərinin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı siyasətindən, xalq qəhrəmanı Sultan bəyin 1918-19-cu illərdə Qarabağdakı yaşayış məntəqələrimizin Andranikin daşnak ordusundan muhafizə olunmasında müstəsna xidmətlərindən danışıblar.

AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov: "Sultan bəyin, onun tərəfdaşlarının, onun mübarizə yoldaşlarının apardığı müqəddəs işin mənası onda idi ki, o Andraniki, Njdeni, Dronu, Qarabağa, Zəngəzura divan tutan erməni quldurlarını Bakıya yaxınlaşmağa qoymadı. Şaumyanın qüvvələri ilə birləşməyə qoymadı. Mahiyyət etibarilə Azərbaycan xalqının məhv olmasının qarşısı alındı".

Bildirilib ki, 1918-20-ci illərdə Sultan bəy Sultanovun başçılıq etdiyi silahlı dəstələrin Zəngəzur və Qarabağ bölgələrindəki müsəlman kəndlərinin mühafizə olunmasında böyük xidmətləri olub və Zabux dərəsində mühasirəyə alınan Andranik ordusunun əsas hissəsi onlar tərəfindən məhv edilib.

Tarix elmləri doktoru, "Xalq Qəhrəmanı Sultan bəy" kitabının müəllifi Şikar Qasımov: "Azərbaycanın xalq qəhrəmanları səviyyəsinə yüksəlmişlərin tarixi, Sultan bəy, Xosrov bəy kimilərin tarixini araşdırmaq bugünkü gündəmdə ən zəruri məsələlərdən biridir və bunları
əsas götürərək mən də erməni quldurlarına qarşı apardığı mübarizədə, torpaqlarımızın bütövlüyü uğrunda apardığı mübarizədə xalq qəhrəmanı səviyyəsinə yüksəlmiş Sultan bəy Sultanov haqqında tədqiqat aparmağı özümə borc bildim".

Qeyd edək ki, Ağcəbədidə küçələrdən birinə Sultan bəy Sultanovun adı da verilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.