Cəmiyyət

Erkən nikaha 1 il tez icazə istisnası ləğv edilir - nə dəyişəcək?

25 Yanvar 2023 08:12
Baxış: 1 217
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda erkən nikah sosial problem kimi dünyada aktuallıq kəsb edən məsələlərdən biridir. Məlumdur ki, erkən nikah 18 yaşdan aşağı şəxslərin nikaha daxil olmalarıdır. Qanunvericiliyə əsasən, 18 yaşına çatmış şəxslər evlənmək və ailə qurmaq hüququna malikdirlər.

Ölkəmizdə erkən nikah və onun doğurduğu fəsadlar hər zaman diqqətçəkən mövzulardan olub. Zaman-zaman bu fəsadların səbəb olduğu faciələr, problemlər haqqında danışılıb, müzakirələr aparılıb. Araşdırmalar nəticəsində bəlli olur ki, erkən nikaha daxil olma bəzən qızların öz istəkləri, bir sıra hallarda valideynlərinin təzyiqi, ailədə maddi vəziyyətin çətin olması və digər səbəblərdən baş verir.

Qeyd etdiyimiz kimi, Azərbaycanda evlilik yaşı Ailə Məcəlləsi ilə müəyyən olunur. 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq-yeniyetmə hesab olunur. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunub. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin xahişi ilə onların yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanı nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Digər hallarda nikaha daxilolma erkən nikah hesab edilir və müvafiq qanunvericiliyə əsasən belə nikahlar etibarsız sayılır. 18 yaş 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşmiş son həddir, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur.

"Ailə Məcəlləsində uşaq nikahı, erkən nikah anlayışının tərifi verilməlidir. Eyni zamanda nikah yaşına istisna hal hesab olunan 1 yaş güzəştin ləğvi ilə bağlı təkliflərimizi hazırlayıb parlamentə vermişik. Məişət zorakılığı ilə bağlı Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı layihəmizi də təqdim etmişik".

Bunu Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri Komitəsinin sədri Hicran Hüseynova komitə iclasında çıxışı zamanı deyib. O bildirib ki, uşaqlara qarşı zorakılıq, xüsusilə də cinsi zorakılıq faktları ilə bağlı məsuliyyətin qəbul edilməsinə ciddi ehtiyac var.

2021-2022-ci tədris ilində 11 erkən nikah qeydə alınıb. Erkən nikah qızlar arasında təhsildən yayınmaya ciddi təsir göstərir. Belə görünür ki, 1 yaş güzəştlə bağlı bənd lazımi effekt verməyib, yəni sui-istifadə halları artıb ki, hökumət onu aradan qaldırır.

Novella Cəfəroğlu: "Məsələni kökündən həll etmək üçün qızların təhsil almasına şərait yaradılmalıdır"

Milli.Az bildirir ki, millət vəkili Ceyhun Məmmədov mövzu ilə bağlı "Yeni Müsavat"a danışıb: "Əlbəttə, hesab edirəm ki, nikahla bağlı qanunda 1 yaş güzəştinin ləğv edilməsi erkən nikah probleminə təsir edəcək. Məlum məsələdir ki, əvvəlki dövrdə müxtəlif səbəblər gətirilərək, bir sıra hallarda bu güzəştlə bağlı bənddən müəyyən məqsədlər üçün istifadə olunurdu.

Amma istərdim ki, məsələnin digər tərəflərinə də diqqət çəkim. Mən özüm tez-tez görüşlər keçirirəm və müşahidələrim də onu deyir ki, son dövrlərdə erkən nikah problemi artır. Valideynlərin bir qismi övladlarını təhsildən yayındıraraq, onları daha tez ailə qurmağa yönləndirir, digər qismi isə bu məsələyə iqtisadi yükdən azad olmaq kimi yanaşır.

Bu yaxınlarda bir gənclə söhbət edərkən, o, mənə konkret olaraq öz bölgəsindən danışdı və məlum olur ki, son vaxtlar bölgələrdə artıq 13-15 yaşlarından qızlar nişanlanma və ya gələcəkdə  ailə qurmaqla bağlı planlamalara yönləndirilir.  Qızın 17-18 yaşı tamam olan kimi nikaha cəlb edirlər. Hesab edirəm ki, ümumiyyətlə, 18 yaş da nikah üçün azdır. Qız əgər 18 yaşda nikaha girirsə, demək ki, təhsili yoxdur. Sovet dövründə insanlar adətən 20-23 yaşlarında nikaha girməyə üstünlük verirdilər. Yəni təhsil aldıqdan sonra ailə qurmaq haqqında düşünürdülər. Lakin indi 17-18 yaşı tamam olan kimi ailə qurmaq istəyir. Bu yaşda gənc ailə, ailənin dəyəri, onun önəmi haqqında nə bilir? Gələcəkdə övladı olduqda ona nə dərəcədə düzgün tərbiyə verə biləcək? Bu məsələlər nəzərə alınmalıdır.

Erkən nikah probleminin qarşısını necə almalıyıq? Əslində  icra hakimiyyətlərinin yanında bununla bağlı komissiyalar var, həmin komissiyalar bu prosesə çox ciddi nəzarət etməlidirlər. Eyni zamanda hüquq-mühafizə orqanları da belə faktları aşkarladıqda bununla bağlı addımlar atmalıdırlar. Bunlara paralel olaraq da maarifləndirmə tədbirləri həyata keçirilməlidir".

Mehriban Zeynalova: "Erkən nikahla yanaşı, erkən nişanlanma məsələsinə də çox ciddi yanaşmalıyıq"

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu da qeyd olunan qanun layihəsinin qəbul olunmasının çox vacib olduğunu vurğuladı: "Bu mövzuda nə qədər yazılıb, müzakirələr aparılsa da, erkən nikah problemi səngimir. Çünki bu məsələni yerindəcə, yəni rayonlarda, ucqar kəndlərdə həll etməyə çalışmaq lazımdır. Hər kəsə məlumdur ki, bu gün müxtəlif regionlarda 15-16 yaşlı  qızlar ərə verilir, məcburi nikaha cəlb edilir.  İllərdir ki, bu məsələ uğrunda mübarizə aparırıq. Hətta ilk olaraq bizim təşkilatımız erkən nikahların qarşısını almaq üçün kəndlərə, rayonlara getmişdi. Əvvəlcə məktəblərdə müşahidə apardıq, gördük ki, artıq yuxarı siniflərə qalxdıqca siniflərdə qızlar yoxdur. Əlbəttə ki, həmin qızlar erkən nikahlara cəlb olunurdu. O zaman bu məsələ ilə bağlı işlər aparanda biz mollalarla da söhbətlər edirdik. Bildirirdik ki, hansısa yeniyetmə qıza din kəbini kəsilərsə, erkən nikaha cəlb olunarsa, bunun məsuliyyətini siz çəkəcəksiniz və sairə. Bu cür işlər görülməlidir. Bir sözlə, qanuna tabe olub, qanunu işlətmək lazımdır.

Hətta seminarlarımızın birində  bir qız danışırdı ki, bir dəfə toyların birində 12 yaşlı qız öz toyunda yatırmış. Yəni 15 il əvvəl körpə uşağı ərə verirdilər. Doğrudur, dövlət erkən nikahın qarşısını almaq üçün müəyyən işlər aparır. Lakin erkən nikahın qarşısını almaq üçün qanun bəs deyil, cəmiyyətin bunu başa düşməsi, beyinləri bu istiqamətə  yönəltmək üçün cəmiyyəti hazırlamaq lazımdır, polislərlə, bələdiyyələrlə, eyni zamanda ata-analarla, məktəblərlə ayrıca işlər aparılmalıdır. Bütün bunlar kompleks şəkildə təşkil olunmalıdır. Bu gün icra hakimiyyətləri yanında yeniyetmələrlə iş qurumu, bu problemlə bağlı səlahiyyətli olan bələdiyyələr var. Amma onların heç biri işləmir.

Məsələni kökündən həll etmək üçün qızların təhsil almasına şərait yaradılmalıdır. Sovet hökumətinin vaxtında istəsən də, istəməsən də hamı oxumalı, mütləq şəkildə 10-cu sinfi bitirməli idin, daha sonra isə texnikum, peşə məktəbinə daxil olurdular. Bu məsələ ən çox da qızlara aid idi, çünki qızın vəziyyəti daha çətindir. Oğlan təhsil almasa da daş daşıyıb, ailəsinə baxa bilir. Amma qız təhsil almayanda, həyatı yaxşı gətirməyəndə ya süpürgəçi olur, ya da restoran-kafelərdə qabyuyan.  Ona görə də daha çox qızların təhsil almasına diqqət etmək lazımdır. Lakin hazırkı vəziyyətdə xüsusən də regionlarda bir çox ata-analar evdə qız uşağına bir yük kimi baxır, onun tez bir zamanda ərə getməsi üçün çalışır. Bu baxımdan bir daha qeyd etmək istərdim ki, ailələrdə valideynlərlə söhbət aparmağa ehtiyac var.

Bu məsələdə cəmiyyətin də biganəliyi var. Hesab edirəm ki, cəmiyyət, aidiyyəti orqanlar öz övladını erkən nikaha cəlb edən ailələri, valideynləri qınasa, onları qınaq obyektinə çevirsə, bu problemin qarşısını qismən də olsa almış olarıq".

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd etdi ki, erkən nikaha 1 il tez icazə istisnasının ləğv edilməsi təqdirəlayiq addımdır:  "Bu məsələ dəfələrlə müzakirə olunub və müəyyən QHT-lər, aidiyyəti orqanların nümayəndələri tərəfindən bildirilib ki, 17 yaşda nikaha icazənin ləğv olunması vacibdir. Mən də hesab edirəm ki, bu yaxşı addımdır.

Lakin bir məsələ də var - erkən nişanlanma. Erkən yaşda nişanlanmaq artıq həmin qızı "buxovlayır" və gələcəkdə təhsilinə,  inkişafına məhdudiyyətlər qoyur.  Bu baxımdan, hesab edirəm ki, erkən nişanlanmanın da qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək lazımdır. Ola bilsin ki, cərimələrdən, məsuliyyətdən qaçmaq üçün qızı 18 yaşda evləndirsinlər, amma artıq 13-14 yaşda nişanlama prosesinə başlayır və qızı artıq təhsilə deyil, bu prosesə hazırlığa yönəldirlər. Təbii ki, hamımız istəyirik ki, Azərbaycanda ailələr normal olsun, qızlar xoşbəxt olsunlar, ailə içərisində olsunlar.  Çünki biz mental olaraq özümüzü daha çox ailə içərisində xoşbəxt görürük, nəinki karyera uğrunda  mübarizə aparmaqda. Doğrudur, karyera üçün mübarizə aparanlar az deyil, amma əsasən ümumi düşüncəmiz bu cürdür. Bunun da müəyyən səbəbləri var. Səbəblərdən biri budur ki, daha çox  ailələr qızlarını neqativ təsirlərdən qorumağa çalışırlar. Mənə elə gəlir ki, 18 yaşda nikaha girmək konkretliyi olduğu kimi, qızların ictimai, siyasi, təhsil və digər sahələrdə təhlükəsizliyi, o cümlədən  müxtəlif təsirlərlə üzləşməsinin qarşısını almaq üçün proqramlar olmalıdır. Hesab edirəm ki, bu cür  proqramlar güclü olsa, bəlkə də erkən nikah problemi artıq yavaş-yavaş çözülər. Yəni valideynlər, qohumlar və yaxud yaxınlar bu təhlükələrin aradan qalxdığını gördükdə qızlarının  irəli getməsində təşəbbüskar olacaqlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.