Cəmiyyət

Fövqəladə hallar naziri: “Bəzi təşkilatların yardım kampaniyası aparmasına ehtiyac yoxdur”

12 May 2010 18:25
Baxış: 265
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib. Onun sözlərinə görə, təxminən 300 metrədək yol və bənd bərpa olunub, köçürülən 9 kəndə su axını azalmağa başlayıb. Nazir deyib ki, orda bəzi bərkitmə işləri tam qurtarandan sonra suyun dayanacağı gözlənilir.

Kəmaləddin Heydərov qeyd edib ki, Mürsəlli kəndi istiqamətində bir neçə gün ardıcıl iş aparılıb: "Polisin və FHN-in şəxsi heyəti, texnikanın gücü ilə orada bərkitmə işləri aparılır. Təəssüf ki, həm Kürün üstündə olan bəndin, həm də digər bəndlərin torpağı çox yumşalmışdı. Bunun nəticəsində də orda bir neçə yerdən torpaq boşaldı, su basma oldu, 9 kəndi köçürməli olduq. İndi orda da bərpa işləri başlanıb. Texnikalar da ora göndərilib. Hesab edirik ki, iki gün ərzində oranı da tam bərpa edəcəyik".

K. Heydərov ətraf rayonlar üçün elə bir təhlükə olmadığını deyib: "Yenə də deltadan başlayaraq, Kür boyunca vəziyyəti təhlil edirik. Rayon icra hakimiyyətlərinin başçıları, FHN ekspertləri, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin mütəxəssisləri ilə əraziyə baxmışıq. Ətraf rayonlarda elə bir ciddi təhlükə yoxdur".

Nazir deyib ki, hazırda Xəzər Dəniz Gəmiçiliyinin iki gəmisi Kürün deltasında işləyir: "İlkin müşahidələr göstərir ki, lilin dibdən qaldırılıb suya buraxılması nəticəsində çayın dənizə tökülmə sürəti bir az artıb. Qabaqlayıcı tədbirlər görülür. Amma bütünlükdə böyük təhlükə gözləmirik".

K. Heydərov bildirib ki, yaxın günlərdə köçürülən 9 kəndin 5-nin sakinləri geri qayıdacaqlar: "Bu kəndlərdə subasma olmayıb. Sadəcə, biz təhlükənin ola biləcəyini nəzərə alıb onları köçürmüşük. Mürsəlli kəndi ətrafındakı bəndin bərkidilməsindən sonra da 60 güclü nasosla suyun çəkilməsinə başlanılacaq. Əgər güclü yağıntılar olmasa, qısa müddətdə bu insanlar öz kəndlərinə qayıda biləcəklər".

Nazir bəzi təşkilatların və fərdlərin təbii fəlakətdən ziyan çəkənlərə yardım kampaniyasına başlamalarına da münasibət bildirib: "Azərbaycan Prezidenti özü bölgədə oldu, bura köçürülmüş adamlarla görüşdü, bizə tapşırıqlar verdi. Prezident bəyan etdi ki, hər bir vətəndaşına dəyən ziyan dövlət tərəfindən ödəniləcək. İndi mətbuatda baxırıq ki, bəzi təşkilatlar yardım kampaniyaları aparırlar, buna heç bir ehtiyac yoxdur. Azərbaycan Prezidentinin tapşırığı ilə artıq FHN-ə vəsait ayrılıb. Mal, material, ərzaq, yataq dəstləri, əhalini yeməklə təmin etmək , tibbi xidmət, iaşə xidmətləri göstərilir. Biz həmin təşkilatlara da, vətəndaşlara da təşəkkür edirik. Amma yardıma ehtiyac yoxdur. Bu missiyanı dövlət özü yerinə yetirəcək".

/APA/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.