Cəmiyyət

Asbest dam örtükləri xərçəng yaradır?

10 Aprel 2012 13:28
0 Şərh     Baxış: 5 012
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Olaylar" qəzeti yazır ki, ölkə ərazisində evlərin, sosial obyektlərin asbest şiferli dam örtüklərinin dəyişdirilməsi məsələsi gündəmdədir. Məsələ ilə bağlı Nazirlər Kabineti yerli icra hakimiyyəti orqanlarına xidməti məktub da göndərib. Artıq rayonlarda asbest şiferli dam örtüklərinin siyahıya alınması üzrə iş  gedir. Bununla bağlı rəsmi qərar olmasa da, ilkin təhlillər aparılır. Dam örtükərinin ətraf mühitə və insan orqanizminə ziyan vurması önə çəkilir.

Respublika Gigiyena və Epidemologiya Mərkəzinin Əmək Gigiyenası və Ətraf Mühitin Mühafizəsi şöbəsinin rəhbəri Teymur Teymurov bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatında asbestin bir sıra onkoloji xəstəliklər əmələ gətirdiyi bildirilir:

"Ağciyər xərcəngi, asbestos, plevranın qalınlaşması və bir sıra xəstəliklər əmələ gətirir. Ümumiyyətlə, asbestin bütün növləri xərçəng xəstəliklərinin yaranmasına səbəb ola bilər. Söhbət burada asbest liflərindən gedir. Nə zaman ki, asbest lifləri havaya buraxılır, bu zaman asbest təhlükəli olur. Asbest liflərinin ayrılması asbestlə işləmə, onun istehsalı və yaxud quraşdırılması zamanı baş verir".

T.Teymurov bildirib ki, asbestin törətdiyi təhlükələr barəsində konkret fikir söyləmək mümkün deyil. Belə ki, hazırda həmin məsələ hələ öyrənilməkdə olduğundan bu barədə birmənalı fikir mövcud deyil. Belə ki, beynəlxalq Səhiyyə Təşkilatı hal-hazırda bütün ölkələrdə asbestlə bağlı müzakirələr aparır. Asbestin hansı materiallarının zərərli, hansının zərərli olmadığı müəyyənləşdirilir. Söhbət hazır materiallardan gedir. Amma birmənalı olaraq təsdiqini tapan fakt da var. Bu da asbestlə işləyən zaman onun havaya ayrılan liflərinin törətdiyi təhlükədir:

"Havaya ayrılan liflər ətraf mühit və insan sağlamlığı üçün birmənalı olaraq ziyanlıdır. ÜST prosesin öyrənilməsi ilə bağlı bütün Avropa və eləcə də dünya üzrə səhiyə nazirlikləri və ətraf mühit üzrə nazirliklərlə müzakirələr aparır".

T.Teymurovun sözlərinə görə, hazırda Azərbaycanda asbestin təsirləri ilə bağlı arşıdırımalar başlama ərəfəsindədir. Proses Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə aparılacaq və araşdırmalardan sonra dəqiq məlumat vermək mümkün olacaq. ÜST-ün məlumatına görə, artıq bir çox dünya ölkələrində asbestin istifadəsi qadağandır. Qeyd edək ki, asbestin Azərbaycanda istehsalı yoxdur. Kənardan gətirilir. Şöbə müdiri bildirib ki, araşdırmalar zamanı asbestin Azərbaycanda istifadəsinin, idxalının olub-olmadığı, eləcə də xəstəliklərin yaranması ilə əlaqəsi müqayisə olunduqdan sonra bu barədə dəqiq fikirə gəlmək mümkün olacaq.

Onkoloq, professor Abuzər Qazıyev isə bildirib ki, asbestin xüsusilə ağciyər xərçənginin etimologiyasında rolu var. Amma ziyanı daha çox asbestin istehsalı ilə məşğul olanlar görürlər. Belə ki, asbest istehsal edən müəssisələrdə asbest sənayesi ilə məşğul olan fəhlələrdə ağciyər xərçənginə tutulma riski yüksək olur. Xüsusilə istehsal sahəsi evlərin birinci mərtəbəsində yerləşirsə, bu daha təhlükəli olur.

Ekoloq Müslüm Qurbanov deyib ki, məsələyə savadlı yanaşmaq vacibdir. Onun sözlərinə görə, söhbət sovet dövründə istifadə olunan materiallardan gedir. Ekoloq Rotterdam Konvensiyasına görə, bir neçə növ ziyanlı asbest tərkibli materialların işlədilməsinin qadağan olunduğunu bildirib:

"Zərərli asbest materialların kodu var. Qərar vermək üçün əvvəlcə köhnədən istifadə olunan asbest materialların kodu konvensiyada göstərilən kodlarla müqayisə olunmalıdır. Bunun üçün isə təhlillər aparılmalıdır. Asbest tərkibli materialların bir qismi istilik izolyasiyaedici maddələr üçün, bir qismi dam örtüklərinin hazırlanmasında istifadə olunur. Asbest tərkibli materiallardan istilik ötürücü kimi istilik elektrik stansiyalarında-borularda istilik izoləedici material kimi istifadə edirlər. Hazırda energetika sektorunda və eləcə də məişət sektorunda asbest materiallardan geniş istifadə olunur".

Qeyd edək ki, Azərbaycan hələ Rotterdam Konvensiyasına qoşulmayıb. Amma asbestin təhlükəsini gündəmdə tutan digər konvensiyalar da var. Ekoloq bildirib ki, Ümümdünya Əmək Təşkilatının asbest materiallarla işləmək qaydasına həsr olunmuş iş toplusu da var. Azərbaycanda asbest istehsalı yoxdur. Ona görə söhbət ancaq köhnədən istifadə olunan asbest örtüklərin və sənaye məhsullarının yğışdırılmasından gedir. Ekoloq bildirdi ki, sovet dövründə dam örtükləri, eləcə də digər sahələrdə istifadə olunan asbest materiallar xüsusi qaydalar əsasında sökülməli və təhlükəli tullantı kimi məişət tullantıları poliqonunda yox, təhlükəli tullantılar poliqonunda basdırılmalıdır.

Ekoloq onu da vurğulayıb ki, hazırda istifadə olunan yeni materialların tərkibində zərərli komponentlər yoxdur. M.Qurbanovun sözlərinə görə, asbest yalnız iş prosesində deyil, dam örtüyü kimi də ziyan verir. Belə ki, dam örtüklərindən külək erroziyası nəticəsində toz şəklində zərərli hissəciklər ayrılır və nəfəs yolu ilə insan orqanizminə keçir. Ayrılan hissəcilklər kanserogen maddələr olduğu üçün insanda xərcəng xəstəliyi əmələ gətirə bilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.