Şou-biznes

Xoşqədəm Hidayətqızı gizlinləri açdı: "Qadın bir yerdən getdisə…" - MÜSAHİBƏ - FOTO

23 Noyabr 2021 21:53
1 Şərh     Baxış: 3 740

Əməkdar jurnalist, ARB-nin yaradıcılıq məsələləri üzrə müşaviri, teleməkanın ən böyük sosial-axtarış layihəsinin rəhbəri Xoşqədəm Hidayətqızınn teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Xoşqədəm xanım, Zəfər ayımızı yaşayırıq. Əslən Qarabağdan olan jurnalist kimi təəssüratlarınızı eşitmək istərdik.

- Əlbəttə, sevinci və qürur hissi keçirirəm. Bu sevinci və qürur hissini bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Ali Baş Komandanımıza Allahdan uzun ömür, can sağlığı arzulayıram. Bu möcüzəni yaşadıq, torpaqlarımıza geri döndük.

Dağılmış yurd-yuvamız yenidən qurulur. 16 yaşımda tərk etdiyim Qarabağımıza illər sonra geri dönəcəm. Bu xoşbəxtliyi təsvir etmək belə mənim üçün çətindir. Allah millətimizi, ordumuzu, dövlətimizi qorusun.

- ARB-nin yaradıcılıq məsələləri üzrə müşaviri təyin edildiniz. Sizi təbrik edirik və fəaliyyətinizdə uğurlar arzu edirik. Niyə məhz müşavir təyin edildiniz?

- Rəhbərliyin göstərdiyi etimad və təyin etdiyi vəzifə qarşısında nə deyə bilərəm ki? Sadəcə göstərdikləri etimada və hörmətə görə ARB rəhbərliyinə təşəkkür edirəm.

- Bu gün ARB-də "Səni axtarıram" verilişi ilə efir fəaliyyətinizə başlayırsınız. Verilişin formatında dəyişiklik olacaqmı?

- Formatda heç bir dəyişiklik olmayacaq.

- Yenə televiziya məkanının reytinq cədvəlində birinci olmağa iddialısınızmı?

- "Səni axtarıram" verilişi 12 ildir reytinq cədvəlində birincidir. Etiraf edim ki, reytinqdə birinci olmaq üçün çalışmıram. Bu verilişin konsepsiyasına uyğun olaraq həsrətlinin həsrətinə son qoyum, ehtiyacı olana yardım edim deyə fəaliyyət göstərirəm. Mənim üçün reytinq budur.

- Siz "Xəzər" televiziyasından ayrıldıqdan sonra müxtəlif versiyalar səsləndi. Türkiyədə və iki yerli kanalda fəaliyyət göstərəcəyiniz barədə xəbərlər yayıldı.

- Bilirəm, hamısından xəbərim var. Elə kanallara məni aparıb, oradan "qovdururdu"lar ki, qapılarının hansı tərəfdən açıldığını bilmirəm. Amma bəzi kanal rəhbərləri, sağ olsunlar, yalan xəbərləri təkzib etdilər.

- Daim diqqət mərkəzində olan aparıcısınız. Türkiyə telekanallarından təkliflər oldumu?

- Türkiyədən 2020-ci ildə belə bir təklif almışdım. Bu mövsüm üçün televiziyaya dönmək fikrim yox idi. Hə kəs bilir ki, "Xəzər" televiziyasından öz ərizəmlə getmişəm. Mənə rəhbərliyin münasibəti normal olub. Çalışdığım kanallarda hər kəs bilir ki, işdən başqa heç nə ilə məşğul olmayan adamam. Hər günümün öz proqramı var.

- Hazırda Murad Dadaşovla münasibətiniz necədir?

- Necə ola bilər ki?! O, hələ "Xəzər" televiziyasına rəhbər gəlməmişdən mənimlə yaxın münasibəti olan şəxsdir. Düşünün ki, toyumun təşkilatçılığını ona tapşırmışdım. Murad Dadaşov kanala rəhbər təyin edildikdən sonra da münasibətimiz dəyişməyib. Mən kanaldan çıxan günə qədər sevgi, hörmət davam edib.

Sözün açığı, işdən ayrıldıqdan sonra Murad müəllimlə danışmamışam, amma kanaldan normal şəkildə ayrılmışam. Ümumiyyətlə, bir kanaldan və bir iş yerindən ayrılmaq düşmənçilik kimi qəbul edilməməlidir.

Mən öz istəyimlə Murad Dadaşovla dostluğumuza xələl gətirmədən bu qərarı verdim və o da fikrimə hörmətlə yanaşdı. Murad Dadaşov mənim üçün doğma insandır.

- Sizin işgüzar əlaqələriniz çox genişdir. Əlaqələriniz necə tənzimlənir? Axtarış zamanı hüquq-mühafizə oraqanları ilə əməkdaşlıq edirsinizmi?

- Mən televiziyada fəaliyyət göstərmədən öncə yazılı mətbuatda çalışmışam və bildiyiniz kimi müxbirlikdən başlamışam. Əlbəttə, yazılı mətbuatdakı ölkə daxili və ölkə xarici əlaqələrim televiziya fəaliyyətimdə çox kömək olub və olur. O ki qaldı hüquq-mühafizə orqanlarına... Hüquq-mühafizə orqanlarına aid ən xırda məsələni belə onlara məlumat vermişəm. Onlar da sağ olsunlar, kömək ediblər.

- Daim qadınlarımızı müdafiə edirsiniz. Bir neçə gün öncə sosial şəbəkədə Turanə adlı xanımla bağlı paylaşım etdiniz. Ümumiyyətlə, çətinlik yaşayırsınızmı?

- Əlbəttə, çətinliklər olur. Başıma gələn hadisələrin 90 faizi qadınların müdafiə etdiyim üçündür. Bir qadın heç vaxt hüzurlu olduğu yeri tərk etməz. Qadın gedirsə, deməli, artıq edə biləcəyi heç nə qalmayıb.

Adını çəkdiyiniz Turanəyə gəldikdə isə o, məzlum, məsum, ətrafımızda baş verənlərdən xəbərsiz, özünü övladlarına həsr edən bir anadır. O qadını necə müdafiə etməyim?! Bu cür qadınların əzilməsi Turanə kimi bütün qadınların əzilməsi deməkdir.

Turanə məsələsində mənə çox təkliflər olub, heç birini qəbul etmədim. Bu təklifləri qəbul etsəydim, bəlkə də bir çoxları üçün yaxşı aparıcı, yaxşı qadın kimi dəyərləndiriləcəkdim. Bəs, haqq- ədalət? Bu dünyada kiminsə gözündə yaxşı oldum, mən də onlarla bərabər o qadını əzdim... Bəs haqq-ədalət harada qaldı?

Turanə də məni bağışlasa, Allah bu haqsızlığı mənə bağışlayacaqmı?! Əlbəttə, yox! Başqlarını deyə bilmərəm, mən Allahdan qorxuram.

- Qadınlarımızda nəyi görmək istəyərsiniz?

- Ailəsinə və vətəninə bağlılığı...

- Əkizləriniz Arda və Arın Türkiyədə məktəbə gedirlər. Övladlarınız üçün darıxırsınızmı?

- Övladlarım üçün çox darıxıram. Onlarla hər dəfə danışanda gözlərim dolur. Açığı, uşaqlar da orada qalmaq istəyir, İstanbula aşiqdirlər. Bir çoxları düşünə bilər ki, beş yaşlı uşaq İstanbula necə aşıq ola bilər və orada necə yaşamaq istəyər?! Bu, həqiqətən belədir. Xüsusilə, Arına İstanbuldan gedək deyəndə, cavab verir ki, ana, İstanbul çox gözəl bir şəhərdir, burada çox böyük körpülər var.

Bütün bunları onlara məktəbdə öyrədiblər, elə dərs keçiblər ki, uşaqlar beş yaşından bu şəhərə aşiqdir.

Təbii ki, pandemiyadan sonra hər həftə onların yanına getmək çox çətindir, həm testlərin verilməsi, həm də maddi baxımından. Etiraf edim ki, Doğuş bəy də onların məndən uzaq qalmasını istəmir. Bilirsiniz, Doğuş bəy ata-anasız böyüyüb. Ona görə uşaqların ata-ananın yanında böyüməsinin tərəfdarıdır. Məktəb məsləsinə və eyni zamanda Ardanın kiçik sağlıq probleminə görə onlardan bu qədər ayrı qaldım.

- Doğuş bəy Türkiyədə, siz Azərbaycanda yaşayırsınız. Münasibətinizi tənzimləmək çətin deyilmi?

- Mənə hamı bu sualı verir, ən çox da Türkiyədə. Doğuş bəy də, mən də çox əziyyətlər çəkmişik. Bəlkə də bu amil hər ikimizin çətinlikləri aşmamıza, uzaq məsafəni yaxınlaşdırmağımıza kömək edir. Doğuş bəy də işi ilə əlaqədar tez-tez tədbirlərdə, yollarda olur. Və bütün bunlar bir-birimizi anlamağa, ən çətin anlarımızda dəstək verməyimizə kömək edir.

Mənim fikrimcə, evliliyin üzun ömürlüyünün səbəbi bir-birinə güvən və qarşılıqlı hörmətdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Samire · 23 Noyabr 22:5450

    Bir ana necə hələ 5 yaşında olan uşaqlarını gözündən kənar qoya bilər? Bu necə anadır? Ona görə də övladını uşaq evinə qoyan o üzdən iraqları bu heç vaxt qınamır. eksine, tərəflərini tutur.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.