Şou-biznes

Faiq Ağayev: "Nadir Qafarzadə azğınlığın son həddinə çatarsa, o zaman..." - FOTOSESSİYA

21 Aprel 2010 09:30
Baxış: 1 113
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Konsertimin adını ilk olaraq sizin portala açıqlayıram..."

- Konsertin tarixi açıqlanan zaman mətbuatda iki sənətçinin - sizin və həmkarınız Tünzalə Ağayevanın konsertlərinin eyni tarixə düşdüyü barədə xəbər yer aldı. Buna aydınlıq gətirən Heydər Əliyev Sarayının əməkdaşı sizin rəsmi müraciətinizin hələlik olmadığını önə çəkdi. Məsələni necə çözdünüz?


- Bizim prinsipal olaraq Sarayın rəbərliyi ilə söhbətimiz olub ki, 12-15 may tarixlərində konsertim keçirilsin. Həmin tarixlərin Tünzalə xanımın konserti ilə üst-üstə düşdüyü məsələsi müzakirə edildi və qadın həmkarım konsertinin tarixini mayın 16-na keçirdi. Mən isə 15-i şərait yaradıram ki, Tünzalə Ağayeva konsertimin dekorasiyasında texniki məşqini keçirsin. Konsertlərim bitəndən dərhal sonra dekorasiyalarım yığışdırılacaq və həmkarımın konsertinin tərtibat işləri həyata keçiriləcək.
Konsertimin adını ilk olaraq sizin portala açıqlayıram - "F.A Made in Azərbaycan". Bu konsert Ulu Öndər Heydər Əliyevin ad gününə və Gül bayramına həsr ediləcək, həm də səhnə fəaliyyətimin 22 illiyi qeyd olunacaq. Eyni zamanda solo-konsertimdə ilk dəfə mən tamaşaçımın qarşısına Xalq Artisti statusunda çıxacam. Artıq dekorasiya hazırdır, kostyumlar tikilir. Proqram üçün 12 yeni mahnı yazılıb. Ötən gün Ramalın "Günahkarsan" adlı, sözləri Xanım İsmayılqızına məxsus olan bir yeni bəstəsini lentə aldım. Bundan əlavə Rəhim Rəhimlinin yeni mahnısı üzərində işləmişəm və bu gecə o, studiya həllini tapacaq. Nailə Mirməmmədli, Rüstəm Zeynallı, Rəvan Qarayevin mənim üçün yazdıqları mahnılar və daha bir neçə yeni mahnı aranjemandadır.

- Niyə, mahnıların yazılışını dar çərçivəyə salmısınız?

- Bu, əvvəlcədən düşünülmüş bir ideyadır. Konsert öncəsi hər radioda mahnılardan biri eksklüziv olaraq səsləndiriləcək. Solo konsertimdə ilk dəfə olaraq səhnəyə tam canlı heyətlə çıxacam. Bundan əvvəlki konsertlərimdə bütövlükdə canlı yalnız ifam, səsim olurdusa, bu dəfə məni Rüstəm Zeynallının rəhbərlik etdiyi 36 nəfərlik "Orkestral Baku" heyyəti canlı şəkildə müşayiət edəcək.  Artıq hər gün olmaqla fasiləsiz məşqlərə başlayırıq.

- Böhran yaşanandan bəri konsertə maraq cəhdi azalıb. Çox az sayda yerli sənətçilərin solo layihəsinə rast gəlmək mümkündür. Sənətçilər əsas ehtiyat meyarı kimi tamaşaçını görür. Amma Siz yenə də 4 günlük rekord iddiasındasınız.

- Heç bir təhlükə görmürəm. Azərbaycanda yeganə uzünmüddətli konsert təcrübəsinə malik olan bir sənətçi kimi deyirəm ki, nəinki özümə, hətta istənilən başqa bir müğənniyə təşkilatçı kimi uğurlu konsert keçirə bilərəm. Tamaşaçı problemi kimi ehtiyat etdiyim bir amil də yoxdur. Çünki hər bir konsertimdə böyük fanat ordusu izdihamı görürəm, maaşallah!  Eyni zamanda konsertə başladığım 1991-ci ildən bu yana məndə bilet qiymətləri çox münasib olub. Bu dəfə belə bir qənaətə gəldik ki, qiymətlər 5-45 manat civarında olsun. Yəni, bu məbləğ istənilən tamaşaçının büdcəsinə ağırlıq etməyəcək və o, 3 saat Faiq Ağayevin yeniliklərlə bol olan konsertini izləyə və dinləyə biləcək.

- 22 illik səhnə təcrübəsi olan Faiq Ağayev nədənsə, xaricdə konsert təqdim etməyə meyilli olmayıb. Sizin həmyaşıdlarınızın əksəriyyəti isə bunu həyata keçirib.

- Mən keyfiyyəti üstün tutan bir müğənniyəm. Xaricdə yalnız prestij xatirinə konsert təqdim etmək istəmirəm. Burada pul ödəyib,  bunun müqabilində uzaq bir ölkədə səhnəyə çıxmaq istəmirəm. Artıq qonşu Türkiyədə bizim sənətçilərin bir qismini tanıyırlar. 1-2 ildən sonra mən Bakıda otura-otura orada dinlənilən yox, artıq yetərincə tanınan sənətkar olacağam. Çünki başda TMB kanalı olmaqla Türkiyə kanallarında kliplərim yayımlanır, mahnılarım dinlənilir. Lazım olan məqamlarda efirə də çıxıram. Bax, dediyim həmin o mərhələni geridə qoyandan sonra konsert keçirmək barədə konkret fikrimi ortaya qoyacam. Xaricə "yabançı" olaraq getmək planlarıma daxil deyil.


"Flora Ələkbərovna ilə duz-çörək kəsmişik..."


- Konsert barəsində hələlik bu qədər. Son həftələr barənizdə bir çox fikir bildirənlər var. Flora Kərimova belə bir açıqlama verib - "İlhamə Quliyeva, Faiq Ağayevlə barışmağım, namusumdan keçməyim deməkdir". Birinci xanımla onun söz ədavətinin uzaq bir keçmişi var və onların bir araya gələcəkləri bu gün üçün bir o qədər inandırıcı deyil. Amma Sizi də bu siyahıda görməsi təəccübə səbəb oldu.

- Bu mənim üçün təzə bir xəbərdir. Çünki bir ay öncə Apellyasiya Məhkəməsində mənim və qarşı tərəfin vəkilləri belə bir anlaşmaya gəldilər ki, bu qarşıdurmaya sülh yolu ilə nöqtə qoyulsun. Hətta biz bu barədə Flora Ələkbərovna ilə danışdıq. Ümumiyyətlə, son 5 ayda bu məsələ ilə bağlı mətbuatda heç bir çıxışım olmayıb, ilk olaraq sizə danışıram.  

- Niyə Ələkbərovna?

- Pasportunda belə yazılıb. Vəkillər barışıq ideyasını irəli sürdükdən və Flora Ələkbərovna ilə danışdıqdan sonra mən bu məsələnin əməli həllini təklif etdim. Qarşılıqlı olaraq ərizələrimizi geri götürürük və lazım gəlsə, bu barədə mətbuata 3 cümləlik aydınlıq gətiririk ki, "Tərəflər anlaşmaya müvəffəq olublar. Baş verənlərdən heyifsilənirlər. Bundan sonra  bir-biriləri barəsində mənfi fikir bildirməyəcəklər".
Bilirsiz, bu qarşıdurma artıq rayon, Apellyasiya və Ali Məhkəmə mərhələlərindən süzülüb-keçib. Bütün instansiyalarda hakimlər "Onsuz da bunun sonu sülh olmalıdır" fikrini bildiriblər. Odur ki, Kərimovanın dediyiniz bu, son bəyənatı mənə bir az qəribə görünür....

- Bir az əvvəl Flora xanımla şəxsən danışığınızın olduğunu bildirdiniz. Onun bu məsələyə mövqeyi necə olub?

- Mənə müxtəlif mənbələrdən xəbər gəlir ki, onun keçmişimizlə bağlı həzin xatirələri və müsbət fikirləri var. Nə bilim, vallah... Amma tarix göstərir ki, istənilən mübahisənin sonu barışıqdır. Sadəcə, tərəflər var bu barışığa daha tez müvəffəq olur, tərəflər var bir çox lazımsız mərhələlərdən keçir.

- Mənə elə gəlir bu qarşıdurmada sülh tərəfdarı daha çox sizsiniz.

- İlk sülh təklifi Flora Ələkbərovnanın vəkili Qurban müəllimdən gəlmişdi. Və biz vəkilimlə bunu müsbət qarşıladıq. Niyə də yox? Duz-çörək kəsmişik, keçmişdən qarşılıqlı hörmət qalıb. Qurdla qiyamətə getməyəcəyik ki? Bu, neçə il davam edəcək? Sadəcə, mən mübariz insanam, haqqımı qoruya bilirəm. Qarşı tərəfdən həzinlik görsəm, mexaniki olaraq, bunun iki qatını göstərərəm. Buna bir misal çəkim, bu günlərdə "İncə maraqlar" verilişinin aparıcısı Rövşanə xanımın vasitəsi ilə Nisə Qasımova və mən iki illik anlaşılmazlığa son qoyduq. Biri-birimizə sarıldıq və ürəyimizdəki müsbət fikirləri açıq şəkildə bəyan etdik. Ötən gün jurnalların birində oxuyuram, Əli Mirəliyev deyir: "Faiq Ağayevin intellektinə, savadına böyük-kiçik yeri bilməsinə böyük rəğbətim var". Halbuki Flora Ələkbərovna ilə olan münaqişəmizin özülü Əli Mirəliyevlə aramızda olan çaxnaşma zamanı yarandı. İndi Əli Mirəliyev normal məntiqi mövqedədir. Flora Ələkbərovna isə sizdən eşidirəm ki, başqa cür danışır. Fikrimcə, məntiqin sözünə qulaq asmaq lazımdır. Çünki bu oyunda birmənalı olaraq, heç kim udmayacaq. Bunu bəri başdan əminliklə söyləyirəm.


"Almaz Ələsgərli mənim üçün həyatda heç bir problem kəsb etmir"


- Barənizdə deyilən və bitərəf olaraq qalan başqa bir fikirə aydınlıq gətirməyinizi istəyirəm. Almaz Ələsgərli, Ruhəngiz Allahverdiyeva,  Abbas Bağırovla münasibətlər necədir?

- Ruhəngiz Allahverdiyeva ilə münasibətlər çox gözəldir. İllər boyu birlikdə çalışmışıq və o, toylarda 3-4 illik tərəfmüqabilim olub. Biz Ruhəngiz xanımla ailəlikcə dostluq etmişik. Abbas Bağırovla heç bir gərginlik yoxdur. Dəfələrlə onu mən, məni o səhnədə elan edib. Amma onunla bizim elə bir sıcaq münasibətimiz olmayıb. Sənət adamları var ki, biri-biri ilə isti münasibətə keçmirlər, sadəcə  həmkar kimi ünsiyyətdə qalırlar. Üçüncü isimə gəlincə, xanım Ələsgərli mənim üçün həyatda heç bir problem kəsb etmir.

- Nadir Qafarzadə bir neçə gün əvvəl sizin barənizdə etdiyi açıqlamasında böyük bir siyahı ilə çıxış edib. Orada bu isimlərlə başqa, çox insanların adı var idi və bu, oxucuda Faiq Ağayevin əksər həmkarları ilə yola getmədiyi qənaəti yaradırdı. Səhf etmək istəmədiyim üçün qalan isimləri açıqlamıram.

- Səhfi siz yox, o edir. Mənim nəinki yuxarıda adını çəkdiyiniz, hətta dediyiniz o bədnam siyahıda hallanan Nisə Qasımova, Aygün Kazımova və Namiq Qaraçuxurlu ilə də gözəl münasibətlərim var. Amma bu anlamsız xəbər müəllifinin yabalaşdığı müğənnilərin siyahısına baxsanız, bu daha uzun çəkər. (gülür). Mən heç olmasa prinsipal, sənət söhbətləri aparmışam. Heç kimlə şəxsi zəmində problemim olmayıb.

- Sizdə onunla bağlı açıq kadrların olduğu doğrudurmu? Deyib ki, "əgər Faiq Ağayev belə bir kadrı həqiqətən də ortaya qoysa, mən bunu açıq şəkildə təsdiq edəcəm, montaj deyib, üstündən keçməyəcəm".

- Bunu zaman göstərəcək. Mən irəli qaçmaq istəmirəm. Ağıllı olsa, heç bir tədbir görməyəcəyəm. Mən bir qədər dərindən düşünən insanam. Həyat yoldaşı, uşaqları var. Onlara qıymıram. Gözüyumulu davaya girən insan da deyiləm. Əgər tək olsaydı, başqa məsələ olardı. Ailəsi cəmiyyətdə, adi camaatın arasında daha sıx görünür.

- Demək istəyirsiniz ki, həmin kadrlarn nümayişi onların cəmiyyət arasında başını aşağı edə bilər?

- Mən onlara mənəvi sıxıntı və ya gərginlik gətirmək istəmirəm. Özü barəsində özü düşünsün. Həyat yoldaşı hansısa bir kişinin qızıdır, Azərbaycan xanımıdır. Övladlarının da atasının bioqrafiyasına görə məsuliyyət daşıması düzgün deyil. Hələ o, azğınlığın son həddinə çatmayıb. Son həddə çatanda mən bu prinsipimi pozmalı olacam deyəsən.


"... Nadir Qafarzadə emosional insandır, ondan istifadə edirlər"


- Nadir Qafarzadə belə bir açıqlama vermişdi ki, "həyat yoldaşım Faiq Ağayevin pərəstişkarı olub". Ola bilərmi ki, siz bu jestə qarşılıq göstərirsiniz?

- Bu barədə məlumatım olub. Ruhəngiz Allahverdiyeva 2000-ci illərdə Nadir Qafarzadəni sınaq olaraq mənim yanıma toylarda 15-20 dəqiqə oxumağa gətirirdi. O vaxtdan mənə bəllidir ki, onun ailə üzvləri mənə rəğbətlə yanaşır. Münaqişəmizi yaradandan sonra o, münasibətlərimizin normallaşması üçün irəli sürdüyüm yeganə tələbimi qəbul edib, həyata keçirtdi. "Onlar" verilişində valideynlərimə üzürxahlıq etdi və elə həmin axşam mənə telefon açdı. Söhbətimizin lent yazısı məndə durur. Salamlaşandan sonra kim olduğunu soruşanda adı və soyadını dedi. Səs-küylü yerdə olduğumdan bir də soruşdum ki, "Kimdir?". Dedi "müğənni Nadir Qafarzadədir". Təmkinlə ona "Buyurun, eşidirəm" dedim. Söylədi ki, "Ümidvaram ki, bizim aramızda daha problem yoxdur". Cavab verdim ki, "Mənim ağıllı insanlardan və ağıllı hərəkətlərdən çox xoşum gəlir". Sözünün ardınca məni Yaşıl Teatrda keçiriləcək konsertinə dəvət etdi. Həmin tarixə toyda olduğumdan əvəzimə ailə üzvlərimin məmnuniyyətlə gələcəyini dedim və bildirdim ki, biletləri köməkçimə yetirsin. Ailə üzvlərim getdi və konsertə tamaşa etdilər. Bütün millət bunun şahidi oldu, çünki bu barədə telekanallarda yayımlanan süjetlərdə özü xəbər verdi.
Onun həyat yoldaşının mənə bir sənətçi olaraq simpatiya ilə yanaşdığından xəbərdaram. Heç kimin ailə üzvü kiminsə atdığı addıma görə cavabdeh deyil. İnsan var bunu nəzərindən qaçırmır, insan var "gözünü yumub, ağzını açır". Mən ikincilərdən deyiləm.

- Ola bilərmi ki, Nadir Qafarzadənin sizinlə böyük bir ədəvəti yoxdur, sadəcə onu irəli verən qüvvələr var?

- Onun qulağını doldura bilərlər ki, "De, de, əcəb edirsən, düz edirsən, arxanda mən dayanmışam!". Amma sabah mən hücuma keçənda arxada dayanan insanlar qaçıb gizlənəcəklər. Qalacaq meydanda tək. Onun yaxın əhatəsindən söylənilir ki, o, emosional insandır, ondan istifadə edirlər. "Qızışdırıb" qabağa verirlər. Ağıllı olsun, özündən alət kimi istifadə etməyə imkan yaratmasın, icazə verməsin. Uşaq deyil ki! 

- Nadir Qafarzadənin ən sərt açıqlamaları ATV telekanalının bir neçə verilişində olub. Bu onun üçün bir fürsət məqamı deyildi ki? Çünki siz uzun zamandır həmin kanalın heç bir verilişində yoxsunuz?
 
- Bir şey söyləyim. Faiq Ağayev yayımında olmadığı telekanalın nə rəhbərliyi, nə də ki, işçiləri ilə heç bir problem yaşamır. Məni yayımlandırmayan telekanalın da Faiq Ağayevlə heç bir problemi yoxdur. O ki qaldı ATV telekanalına, bir həftə öncə mən orada olmuşam, işgüzar görüşüm var idi. Getdim, hörmət-izzətlə göruşümü keçirtdim və həmişəki kimi rəğbət və nəzakətlə qarşılandım. Başqa nə cür olmalı idi ki? Düşmən düşərgəsinə getməmişdim ki, ATV-də tərbiyəli, kübar insanlar çalışır.

- Görüşün mahiyyəti nə idi?

- Solo konsertimin anonsları və yayımı ilə bağlı idi. İnşaallah, həmin telekanalın tamaşaçılarının həsrəti çox çəkməyəcək...

Xədicə
Milli.Az
 


---------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.