Şou-biznes

"Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmalıyam, sadəcə iş üçün gəlmək yetmir"

18 Noyabr 2019 13:39
0 Şərh     Baxış: 1 507
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli şoumen Cem Yılmaz Bakıya gəlib.

Şoumen publika.az-ın suallarını cavablandırıb:

- Dünya şöhrətli sənətçi Çarli Çaplin deyirdi ki, ən yaxın dostum güzgülərdir. Çünki mən ağladığım zaman o gülmür. Maraqlıdır ki, sizin ən yaxın dostunuz kimdir. Üzüntünüzü kimin üzündən oxuya bilirsiniz?

- Nə qədər dərin və sofistik bir sual... Əlbəttə ki, öz kədərini paylaşmaq insanlığın ən təbii və təsirli halıdır. Amma sevincimizi də insanlardan əsirgəməməliyik. Ətrafımda gözəl dostlarım və həmkarlarım var ki, dərdimi də, sevincimi də onlarla paylaşa bilirəm. Dolayısı ilə bərabər gülüb ağlayırıq. Eyni işi gördüyüm insanlarla eyni duyğu dalğasında olduğum zaman sevinirəm. Bu, mənə ruh yüksəkliyi verir. Səhnədə tək çıxış etməyi sevsəm də, həyatda tək olmaq yaxşı deyil.

- Sizi ən çox nə duyğulandırır?

- Paylaşmaq. Eyni şeyə birlikdə gülmək məni ağladacaq qədər duyğulandıra bilər. Gülmək də, ağlamaq da qardaşdır. İkisi də eyni coşğuda olan duyğudur. Bərabər gülmək mənə qəribə bir hüzn verir.

- Azərbaycanda film çəkmək istərdinizmi?

- Nə gözəl olardı. Kaş ki, belə bir layihə həyata keçirmək üçün bizə kimsə dəstək göstərərdi.

- Bakıda bu qədər sevildiyinizdən xəbəriniz var idi?

- Səmimi deyim ki, sevilmək müdhiş bir hissdir. Burdakı diqqət və qayğıdan çox məsud oldum. Anladım ki, Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmalıyam, sadəcə iş üçün gəlmək yetmir. Tanış olmaq üçün vaxt ayırmaq lazımdır.

- Cem bəy, siz öz tənqidi yumorunuzla Türkiyə cəmiyyətini, müəyyən mənada kültürünü 100, bəlkə də 200 il önə çəkmiş insansınız. Bəs bu axşamkı konsertinizdə Azərbaycanla bağlı hansı mövzulara toxunacaq və tənqid edəcəksiniz?

- Bu konsertim çox dostsayağı olacaq. Bugünkü fəlsəfəm "bir millət, iki dövlətdir". İkinci gəlişdə belə rəhmli olmayacam. Öz hekayəmi danışacam, 6 ildir ki, səhnəyə çıxmıram. Bu proqrama 6 il ərzində yığılıb qalan hekayələr daxildir. Uşaq sahibi olmağım, şəxsi keçmişim, niyə komediya aktyoru oldum kimi mövzulara toxunacam. Komediya aktyoru olmaq istəyənləri bu fikirdən daşındırmağa çalışacam.

- Bəs çıxışlarınızda verilən sosial mesajlarla cəmiyyətdə bir iz qoyduğunuzu özünüz hiss edirsiniz?

- Əlbəttə ki. Gülərüzlü bir cəmiyyət görmək arzusundayıq. İşini sevgi ilə görməlisən. İnsan sevdiyi mövzuları gülüş hədəfinə çevirməyi xoşlayır. Odur ki, sevmədiyimiz nələrisə həyatımızdan çıxarmaq üçün onlara da sevgi ilə yanaşaraq gülməli hala gətirib danışmağa çalışırıq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.