Şou-biznes

"Anam dedi ki, “bu nə mahnıdır?! - 10 milyonluq baxışı olan musiqinin ifaçısı ilə MÜSAHİBƏ - FOTO

12 Sentyabr 2018 15:33
1 Şərh     Baxış: 7 313
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Həyatımın dönüş nöqtəsi "düşün məni" mahnısı oldu

Milli.Az interview.az-a istinadla müğənni Elvin Mirzəzadə ilə müsahibəni təqdim edir:

- Həyat və fəaliyyətinizdən bəhs edin zəhmət olmasa. Musiqi sahəsinə gəlmə səbəbiniz nə idi?

- Mən, Elvin Mirzəzadə noyabrın 17-si, 1991-ci ildə Bakı şəhərində anadan olmuşam. Əslən Qərbi Azərbaycanlıyıq, amma mən oraları görə bilməmişəm. Bakıda doğulub böyümüşəm. Məktəbi 2009 - cu ildə bitirmişəm. Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəqliyyat fakültəsinə qəbul olmuşam. Təhsil baxımından musiqi ilə heç bir əlaqəm yoxdur yəni.

- Bəs necə oldu ki, tamam başqa sahədən musiqiyə yönəldiz?

- Uşaqlıqdan həvəs olub. Bizim bu Qərbi Azərbaycan tərəf professorluğa, elmə daha çox önəm verir ki, mütləq şəkildə ya texniki, ya da humanitar sahəyə yiyələnmək lazımdır. Başqa cür də baxış açısı yoxdur əslində. Sadəcə buna daxil ol, sonra istədiyini elə kimi bir prinsip qoymuşdular. Onların xətrinə texniki sahəni seçdim. Heç peşman da deyiləm. Məsələn, İncəsənət Universitetində və ya Musiqi Akademiyasında olsaydım, orada, demək olar ki, hamı istedadlıdır və seçilmək daha çətin olacaqdı. Öz universitetimizdə fəal tələbə kimi seçilib daha çox göz önünə gəlirdim. Bu da mənə avantaj verirdi. Bir az şablon səslənəcək, amma oxumağa uşaqlıqdan başlamışam. Hər qohum toyunda filan oxuyurdum. Hətta əlifba bayramında belə mahnı oxumuşam. Gəldi çıxdı o məqam ki, universitetə qəbul oldum və özümüzün bir növ KVN komandamızı yaratdıq. "Şən və hazırcavablar qrupu" idi. Onlarla birlikdə şəhərə çıxırdıq, bulvara, parklara, Filarmoniya bağına. Orada özümüz üçün bir dairə yaradıb ifalar edirdik. Onda hələ indiki qədər çox yayılmamışdı belə kruqlar. İndi, maşallah, hər iki metrdən bir gitara ifa edən var, amma onda çox az rast gəlmək olardı belə bir şeyə.

- O "kruq"lardan biri də siz idiz...

- O "kruq"lardan biri də biz idik, bəli (gülür). Bir müddət keçdi, həmin o "kruq"un uşaqları mənə dəstək verdilər ki, get "Yeni ulduz" müsabiqəsinə qatıl. 2011-ci ildə "Yeni ulduz-11" müsabiqəsinə qoşuldum. Orada fərqli mahnılar oxudum, bir zamanın trendini də orada yaratmışdım, "Can-cana", "Amma anam bilməsin" mahnılarını başqa versiyalarda oxumuşdum. Tanıyanlar, yadında qalanlar bilər. Düşdüm on altılığa, 8-ci yerə qədər gəldim. Daha sonra sms filan məsələləri olduğuna görə ələndim. Məndən sonra da "Yeni ulduz" yarışması birdəfəlik bağlandı, yəni ayağım çox yüngül idi (gülür).

Sonra Space-tv-də Tünzalə xanım Əliyeva, Dilarə Əliyeva, Ülviyyə Əliyevanın rol aldığı "Üç bacı" serialı var idi, orada mən gitarist rolunda çəkilməyə başladım. Məhlənin gitaristi rolunda idim. Daha sonra artıq universiteti bitirdim və hərbi xidmətə yollanmalı oldum. Azərbaycanın hər bir gənci kimi mənim də borcum idi və getdim 1 il Ağdam-Ağcabədi istiqaməti N sayılı hərbi hissədə hərbi xidmət etdim. Qayıtdıqdan sonra hər şey 0 vəziyyətində. Bunu əsgərliyə gedib-gələn, xüsusilə də ali təhsillilər bilər ki, ora başqa bir atmosferdir. Tamam ayrı bir atmosferdən gəlib yenidən mülki həyata adaptasiya olmaq çox çətin məsələdir. Bu həyatdan o həyata, o həyatdan da bu həyata qayıtmaq, ümumiyyətlə, çətindir. Güclə də olsa, özümü toparlaya bildim. Bir çox sahələrə baş vurmağa məcbur oldum. Artıq sənət filan qaldı qıraqda. Sadəcə, gördüm ki, yox, alınmır. Doğrudan da, xəmirim incəsəntlə yoğrulub. Səhnə almağa başladım. Ucuz qiymətə də olsa, bir yerdən başlamaq lazım idi. Bir müddətdən sonra mahnılar yazmağa başladım. İndi geniş kütlə yığan və onlara öz şeirlərini çatdıran dostumuz Xəzər Süleymanlı var. Mən onu illər öncə kəşf etmişdim ki, o adam necə dərin, zəngin bir insandır. Onun sözlərinə mahnılar bəstələyib, oxumağa başladım. Məsələn, "Günahkaram", "Onun ürəyində özgəsi var". Təəssüflər olsun ki, o zaman heç bir efirim, radiom, insanlara çıxış qüvvəm olmadığına görə sırf sosial şəbəkədən istifadə edənlər, Facebook dostlarım bilirdi ki, bu mahnını mən oxuyuram. Amma kim olduğumu bilmirdilər. Düşünün ki, gedirdim hər hansı bir kluba gedirdim, "Onun ürəyində özgəsi var" mahnısını hamı bir ağızdan oxuyur, mən də oturmuşam bir qıraqda, heç bilmirlər ki, mənəm oxuyan. Paradosk idi də bir növ. Bilmirdin sevinəsən, yoxsa kədərlənəsən ki, niyə mənim mahnımı oxuyurlar, amma bilmirlər mənəm oxuyan. Gözlədim ki, Allah kərimdi. Bəlkə düzələr.

- Hazırda sosial şəbəkələrdə çox izləyiciniz var. Buradakı fikirlər sizin üçün nə dərəcədə əhəmiyyətlidir?

- Ümumiyyətlə, hər dəfə bunu deyirəm ki, bu psixologiyada da, cəmiyyətdə də, ağıllı insanlar tərəfindən qəbul olunmuş bir fikir var ki, əgər bir işdə tənqid, mənfi fikir yoxdursa, o işin uğur potensialı 0-a bərabərdir. O işin başını burax loru dildə desək (gülür). Düzdü, artıq təhqirlərə keçirsə, artıq o işi davam etdirməyə dəyməz. Zirvədə saxla, özünü daha da endirmə. Amma yox, tənqid edirlərsə, eyni zamanda tənqidlə yanaşı müzakirədəsən və iki cəbhə yaranıb sənin haqqında. Bir ifadə var ki, "məni sevməyənlərə nifrət etməyə vaxtım yoxdur, çünki məni sevənləri sevməklə məşğulam". Niyə görə 100 şərhin içində 2 mənfi şərhi önəmsəməliyəm ki, bu, niyə belə yazdı. Elə bir şey yoxdur. Düzdür, hardasa əgər mənim içimdə fikirləşdiyim bir şeyi o adam yazırsa, bu o deməkdir ki, hə, doğrudan da, mənim gördüyümü camaat görə bilir. Nəyisə ört-basdır edib camaata təqdim etmək lazım deyil.

- Bəs sizə təsir edən hadisə yaşanıb sosial şəbəkələrdə?

- Mən sağlam tənqidlərə açığam. Məsələn, sağlam tənqid də necə bir şeydir? Tutalım, siz bu gün yazı yazırsız, siz işinizi sevirsiniz və  həyat tərziniz də bu yazıdan ibarətdir. Sizin sevdiyiniz işə mən desəm ki, "yazınız xoşuma gəlmir", siz bunu normal qəbul edərsiniz. Amma mən desəm ki, "sizin yazınızın əvvəli ilə axırı bilinmir" filan bu cür təhqiramiz şəkildə olduqda tənqid deyil artıq. Məsələn, mahnı təqdim etmişəm, bir qaqaş yazıb ki, "bu nə mahnıdır?! Bu mahnının əvvəlilə axırı bilinmir". Bu artıq tənqid deyil. Hər şeyin bir tərzi var, ölçüsü var.

- Mövlanənin ifadəsi üzrə nə dediyin yox, necə dediyin önəmlidir...

- Bir də mən həmişə deyirəm ki, əgər tənqid edirsənsə, təklif də elə. De ki, məsələn, sən bunu belə oxumusan, amma belə yox, belə oxumaq lazımdır. Göstər mənə ki, bu belədir. Mən də deyim hə okey. Bağışla, gələn dəfə bu cür edərəm.

- Hər addımınızın izlənməsi sizə heç "bəsdir" dedirdir?

- Yox, yox. Onun arzusunda olanlar var. Bu gün əlimizdə olanların, sahib olduqlarımızın qədrini bilməliyik. Şan-şöhrət də əbədi olan bir şey deyil. Hər şeyin bir vaxtı var. Bir zaman efirlərdən gözümüzü zəbt edən müğənnilər var ki, indi küçədə görəndə heç kim salam vermir.

- Həyatınızın dönüş nöqtəsindən necə bəhs edərdiz?

- Məlum məsələdir (gülür). Düzdür, birinci dəfə "Yeni ulduz"da da müəyyən qədər uğur əldə etmişdim, amma bu kiçik bir tramplin idi. "Düşün məni" mahnısı isə sosial şəbəkədə də paylaşmışdım, həyatımın "U" nöqtəsidir. Sanki müəyyən zirvədə olursan, gəlirsən aşağı eniş nöqtəsi və yenidən təkan götürüb qalxırsan yuxarı. Şükür Allaha, o mahnı mənim üçün sanki bir sürpriz oldu. Şərt deyil ki, bundan sonrakı bütün mahnılarım o reytinqi yığsınlar. Sadəcə, onu rahatlıqla deyə bilərəm ki, mən bir il ərzində bəzi müğənnilərin 10 ildə gördüyü işi gördüm.

- "Düşün məni" manhısı ilə tanışlığınız necə oldu?

- Bir gün dostlarımla Nərimanovda tantuni yeməyə getmişdik. Oturduq elə tantuni yeyirdik, gördüm mahnılar ifa edirlər. Biz də elə yeyirik tantunimizi. Keçdi bu mahnını oxumağa. Soruşdum ki, "qaqaş, bu kimin mahnısıdr?" Qaqaş dedi ki, "dostumla mənim". Dedim ki, "bir də oxuya bilərsən zəhmət olmasa?" Bir də oxudu. Dedim, "çox əla mahnıdır. Çox dəhşət mahnıdır, bunu kim yazıbsa, halal olsun". İnanırsız, çıxdıq oradan, bir həftə mahnının sözləri beynimdə dolanırdı. "Yazar səndən şair, kağız qələmi tapana qədər" - bu frazalar yadımda qaldı. Gəldim bir həftədən sonra həmin yerə, bir dənə də tantuni sifariş etdim, qardaşa dedim ki, "mən bu mahnını almaq istəyirəm. Satırsızsa, bu dəqiqə pulunu sayıb, verəcəm". O da onda dedi ki, "mahnı tam olaraq mənim deyil". Əsl yazarı tapdıq, danışdıq. Elməddin Səfərli, 18 yaşı var cəmi. Hazırda Türkiyədə təhsil alır. Sağ olsun, görüşdük, anlaşdıq onunla.

Düşünün ki, evdə mahnını anama göstərdim, anam dedi ki, "bu nə mahnıdır?! Nəqarət yox, bənd yox. Elə bil ki, meyxanadır" (gülür). "Nə bilim bax da yenə də". Dedim ki, "mən sənə deyirəm. Bu mahnı tutacaq. Dahi bəstəkarlarımızdan sonra mən özüm də bəstə ilə məşğulam. Yəni mən əgər buna pul verib almışamsa, deməli, bu mahnıda mütləq ki, nəsə var". Dedi xeyirlisi. Götürdüm aranjeman etdim mahnını. İyul ayında hazır idi. Səbrim tükənir artıq paylaşmaq istəyirəm mahnını. Maşında qulaq asırıq, bütün dostlar dedi ki, "paylaş da bunu, biz də köçürək, dinləyək". Gəldi avqust ayı, hər şeyi həll etdim və 19-u mahnını təqdim etdim. Bir də görürəm ki, uzaqdan tanıdıqlarım mənə səs göndərirlər ki, qaqaş, bu mahnını sən oxumusan?! Təsəvvür edin ki, ikinci gündür mahnı paylaşılıb, Malakan ərazisindəyik, hər 3 maşından ikisində "Düşün məni" oxuyur. Nə bilim, hər şey birdən oldu da.

Bir müddət sonra artıq tənqidlər başladı. Biri deyir ki, "Düşün məni" əvəzinə "düsün məni" deyib. Yəni istənilən bir adam eyni aranjemanda o mahnını oxusun, nə qədər özünü sıxsa da, iki dəfə "düşün məni"  - "ş" hərfini qulağa çarpacaq qədər deyə bilər. Qalanında isə tez-tez deyirsiz deyə, avtomatik "s" olur. Mənim mahnımı Özbəkistanda da ifa ediblər. Onlar da oxuyanda "s" kimi səslənir. Bu yaxınlarda "Düşün məni" mahnısını Türkiyədə Öykü Gürman oxuyacaq. Eyni zamanda mahnıya, demək olar ki, hər ölkədən talib var. İzraildən, Qazaxıstandan, Özbəkistandan var. Artıq Özbəkistanda da hit səviyyəsindədir mahnı. Türkiyədə də getdim mən müqavilə bağladım, 2 illik icazəsini verdik, Öykü Gürman ifa edəcək.

- Maraqla gözləyirik. Bu günün klassik musiqiləri öz dövrünün ən populyar musiqiləri olub. Sizcə, elə bir zaman gələcək ki, insanlar Elvin Mirzəzadənin mahnılarını dinləyib, "ahh nostalji..." deyəcəklər?

- Dövrümüz elə zamana gedir ki, inanmıram klassika deyilən bir şeyi ayırıb qoysunlar qırağa.Məncə, elə bu klassikalarımız illər keçsə də elə klassika olaraq qalacaq.Çünki biz bu gün kommersiya işləri görürük.Klassik iş görürsən,heç kim dinləmir. Vaxtının klassik musiqiləri də camaata efir tərəfindən yeridilib.Çünki o zaman dinlənilən tək məkan efir,radio olub. İndi isə o qədər geniş kütləyə çıxmaq imkanı var ki, internet filan. Hamı rahat şəkildə istədiyi mahnını dinləyir. Yəni efirdən qaynaqlanaq, qidalanaq deyə məcburiyyət yoxdur. Mən bir şeyə real baxıram ki, fərqi yoxdur necə iş görürsən, nə edirsən. Əgər sən dinləyici kütləsi yığa bilirsənsə, bu sənin uğurundur. Heç kimi də məcbur etməyiblər ki, gəl, mənim mahnımı dinlə. Mən onu demək istəyirəm ki, musiqinin dili olmur. Bir müddət bütün dünya trendini alt-üst edən PSY-ın "Gangnam style" mahnısı var idi ki, "konsonkantin yoca, moca" deyirdi (gülür).

- Heç kim də onun mənasını bilmir. Düzdür?

- Elədir ki, var (gülür). Bilmirdik də. Amma hamı nəsillikcə oynayırdı. Toyda gələndə qoca kişili, arvadlı hamı oynayırdı. Deməli, dünyada söz maraqlı deyil, orada nə oxudu, nə oxumadı. Məqsəd mahnıdakı dinamikadır.

- Elvin Mirzəzadə ilə müsahibəmiz olacağına dair paylaşım etdik. Ünvanlanan ən çox sual ondan ibarət oldu ki, "Elvin Mirzəzadə "Düşün məni" mahnısını ifa edəndə kimi düşünür, nə hislər yaşayır?"

- Əsl sənətçi fərqi yoxdur istər şair olsun, istər müğənni, istər yazıçıda əsas özünü qəhrəmanın yerinə qoyub onu ərsəyə gətirməkdir. Məsələn şair var ki, 17 yaşı var, amma elə şeylər yazır ki, sanki 40  yaşında kişidir. "Bəs məni niyə atdın getdin", "Otaqda iyin qaldı", "Qoxun belə gəldi" filan (gülür). 17 yaşa sığmayan fikirlər var da. Məsələn, elementar Elməddinin fikirlərinə baxaq. "Desələr sevgi yoxdur, göstər sübut məni". 18 yaşında universitetdən qaçmağı fikirləşirdik ki, qaçım "play station" oynayım (gülür). Bir az məntiqlə düz gəlmir. Yəni ki, mahnı da elədir ki, əsas yaşamağı bacarasan. Xüsusi ünvanı yoxdur.

- Uşaqlığınıza qayıtmaq şansınız olsaydı, hansı məqamı yenidən yaşamaq istəyərdiz?

- Mən çox kasıb uşaqlıq keçirmişəm. Həddindən artıq... Düzdür, tamarzı olmamışam nəyəsə. Əlimdəkinə şükür etmişəm ki, buna da şükür. Hər bir zülmət gecənin bir aydın səhəri var prinsipi ilə yaşamışam. Bəlkə də qayıtmaq istəyərəm bir az normal yaşayışı olan, problemsiz, qayğısız, əziyyətsiz olan günlərə. Məsələn, məktəbə gedəndə mənim də sağlam bir ayaqqabım olardı və ya da mən gedib hansısa bazarda əlimdə saqqız satmazdım. Amma yenə də düşünürəm ki, o günlər olmasaydı, mən bu günlərin qədrini bilməzdim. Amma heç nəyi də dəyişmək istəmərəm. Həyatdı da onsuz bir dəfə gəldi, getdi.

- Tərgitmək istədiyiniz xüsusiyyətiniz var?

- Əsəbiyəm, çox əsəbiyəm. Çox tez çıxıram özümdən. Bu da yəqin ki, yuxunun pozulması ilə bağlıdır. Amma eyni zamanda da çox kövrəyəm. Məsələn, birini döyə-döyə ağlaya bilərəm. Həm yazığım gəlir, həm də əsəbiyəm də. Belə paradoks bir vəziyyət (gülür).

- Maraqlı bənzətmə idi (gülür). Heç kimin sizi qınamayacağı bir dünya olsaydı, nəyin azadlığını yaşamaq istəyərdiniz?

- Mən heç istəməzdim elə bir dünya olsun. Hələ qayda, qanunlu dünyada başımıza çıxanlar olur. Qayda qanun olmasa, ümumiyyətlə, başımızda məskən salarlar (gülür).

- Nahidə Babaşlı ilə olan müsahibəmizdə qeyd etmişdi ki, ona dəstək olan insanlardan olmusunuz. Nahidə Babaşlı ilə tanışlığınızı bir də sizdən dinləyək...

- Tanınmaq Allahın verdiyi şansdır. O, çox paylaşımlar edir. O xanımın çox gözəl səsi, istedadı var. Bir də səs rəngi. Səs rəngi Allah tərəfindən verilən bir şeydir. O hər adamda olmur. Səs rəngindəki melizmlər elə olmalıdır ki,səni dinləyən insan bir də dinləsin. Bir dəfə yarıdan "oyy bu nə səsdir" deyib qaçmasın (gülür). Nahidə Babaşlının da haqqı idi məşhur olmaq. Mənim mahnımı da ifa etmişdi, mən paylaşmışdım ki, baxın, tanıyın bu qız bu yaxınlarda partlayış edəcək.

- Bəs maraqlıdır, heç vaxt ifa etmərəm dediyiniz bir musiqi tərzi var?

- Bu yaxınlarda çıxardığım "Həsrət öldürər məni" mahnısı var. Oynaq mahnıdır. Bir tərəfdən kommersiya idi ki, toylara daxil olmaq məsələsi. Amma hara fırlansaq, biz azərbaycanlıyıq. Biz toylarda disko oynamırıq. Mahnıda bayağı sözlər varsa, "sənin üçün damarımı kəsdim" filan kimi söz yığınları xaricində biz bütün mahnıları sevirik.

Mən sizə deyim ki, o meyxanalar var ha, orada olan sözlərin hikməti, bəlkə də digər mahnıların sözlərini üstələyir. Elementar çox yerdə meyxanaçı dostumuz Balabəyin mahnılarını bəyənmirlər ki, bayağı ifa edir. Ola bilər ifası professional deyil. Amma, məsələn, "Tənha gecələr düşünürəm hərdən, getdikcə o səssiz küçələrdən. Ulduzları sönmüş gecələrdən, çox qorxuram aydın səhər olmaz". Görün nə gözəl sözlərdir. Sadəcə, ifa tərzi ola bilər ki,insanlar qəbul etmir. Çünki standart muğam-şur üzərində oxuyurlar. Amma çox gözəl sözləri var.

Musiqi barəsində də yekun bir şey demək istəyirəm. Yenə də deyirəm, heç kim məcbur deyil ki, youtube-u açanda, tutalım, mən gəlirəm, filan müğənni gəlir, girsin onu dinləsin. Girdin, bəyənmədin, çıx. Səni məcbur edən yoxdur. "Vay, vay, vay bizim musiqimiz nə gündədir?!" filan. Güya bunu yazan özü hər gün Rəşid Behbudova qulaq asır?! Vallah qulaq asmır. Dövrün tələbinə görə Beyonce-a, Shakira-ya kimi müğənniləri dinləyirlər. Dinləməsinlər də. Hər şeyin bir dövrü var da. Onlar bizim klassiklərimiz, dahilərimizdir ki, indi də biz onların mahnıları ilə qidalanırıq. Amma hər şeyin bir dövrü var, tələbata görə hər şey dəyişir.

- Dəvət olunduğunuz verilişlər fəaliyyətinizə necə təsir edir?

- Ümumiyyətlə, mən artıq bir çox verilişlərə getməkdən imtina edirəm. Elementar bir müqayisə deyim. Tutalım Türkiyədə Aleyna Tilkini çağırırlar "Beyaz Show"a, insanlar necə gözəl qarşılayır, uğurlar arzulayırlar. Bizdə çağırırlar verilişə, elə başlayan kimi, "məncə, mahnı bayağı mahnıdır". Niyə də, qardaş?! Harada gördün bayağılığını. "Orada "düşün məni" əvəzinə "düsün məni" deyir. Allah rəhmət eləsin bizim sənətkarlarımıza. Onlar bilsəydi, belə mahnı..." Niyə də?! İzah elə, mən də bilim ki, bu kriteriyaya görə bu mahnı bayağı imiş.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.