Şou-biznes

Azərbaycanlı teleaparıcını çəkilişdə döyüb, kamerasını sındırdılar: Bu çox dəhşətli bir hadisə idi... - FOTO

14 Avqust 2018 21:05
12 Şərh     Baxış: 13 928
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Teleaparıcı Amil Xəlilin Milli.Az-a müsahibəsi.

- Amil, sizi əvvəllər çalışdığınız ATV telekanalından araşdırma yükü böyük olan sujetlər müəllifi kimi tanıyırıq. ATV-də o vaxt sizə kimlər dəstək olmuşdu?

- Mən bu telekanalda o vaxt müxbir vəzifəsində tanınmış teleaparıcılar Nanə Ağamalıyeva və İradə İsaqla çalışmışam. ATV telekanalına gəlişim də elə 2011-ci ildə Nanə xanımın və Fərid Rəsulun sayəsində olub. Daha sonra isə İradə xanımla birlikdə "Düz-üzünə", "Səbəbkar" kimi araşdırma tipli verilişlərdə birlikdə işləmişik. Universiteti tarix fakültəsi üzrə bitirdiyim üçün o yolla getmək daha rahat idi. Həmişə də çalışmışam ki, doğru- dürüst nələrisə göstərib, insanların problemlərini həll edim.

- Bildiyim qədər ATV-ni tərk etməyinizə səbəb məhz elə İradə İsaqla münasibətlərinizin pozulması olmuşdu. Bu doğrudurmu?

- Xeyr, İradə xanımla münasibətlərimiz tam pozulmamışdı. Sadəcə onu deyə bilərəm ki, aramızı vurmuşdular, sonradan danışıb həll etdik. Elə oldu ki, telekanaldan ayrılmalı oldum. Bir neçə həftə sonra eşitdim ki, İradə xanım da ATV-ni tərk edib. Mən günü bu gün də həm Nanə xanıma, həm də İradə xanıma təşəkkür edirəm.

- Bu günkü gün münasibətləriniz necədir?

- İşlə bağlı olaraq ola bilər ki, əlaqələrimiz əvvəlki illərə nisbətən azalsın, amma sosial media üzərindən danışırıq.

- O vaxtı teleaparıcı deyil, müxbir vəzifəsində televiziyada çalışmısınız. Müxbirlə teleaparıcının fərqi nədədir?

- Mən bu günkü gün teleaparıcı olsam da həm müxbir, həm prodüsser vəzifələrini asanlıqla icra edirəm. Verilişimdə də hər bir nüansa özüm rəhbərlik edirəm. Çalışıram ki, verilişin montajını da, prodüsserliyini də özüm edim. Teleaparıcılar var deyirlər ki, mən aparıcıyam, başqa iş görmərəm. Mən o aparıcılardan deyiləm. Amma onu da etiraf edim ki, işimi çox sevirəm. İnanılmaz dərəcədə işimə bağlı biriyəm.

- ATV telekanalından sonra Lider, daha sonra isə Space TV-də fəaliyyətə başladınız. Hal-hazırda işinizdən razısınız?

- Hörmətli Vaqif Mustafayev cənabları tərəfindən mən Space telekanalına dəvət olundum. Vaqif müəllim gənclərə dəstək olan rəhbərdir. Tələbkardır. O mənə "Olar? Olmaz?" adlı bir layihə təqdim etdi. Özünüz də bilirsiniz ki, bu layihə ölkə gündəmini zəbt edən verilişlərdən biri oldu. Dəfələrlə reytinqdə birincilərdən olmuşam. Etiraf edim ki, Vaqif müəllimin sayəsində televiziyada daha da parladım. O mənə böyük dəstək oldu. Allah şahidimdir ki, şükürlərim sonsuzdur.

- "Olar? Olmaz?"ın formatı əslində bir çoxlarına tanış olsa da, siz daha da irəli getdiniz. Belə ki, olmazları daha da çox işıqlandırdınız.

- Bəli, insanların problemlərini işıqlandırarkən bir neçə yüksək vəzifəli şəxslərin mənə rüşvət təqdim etməsinin görüntüsünü yayımlamışam. Düz 11 dəfə açıq rüşvət görüntüsünü tamaşaçılara təqdim etmişəm. Demək olar ki, televiziyada bu cür layihə hal-hazırda yoxdur. "Olar? Olmaz?"ın bu tərəfini daha çox işıqlandırmışıq. Bu günlərdə  "Olar? Olmaz?"ın 200-cü buraxılışı yayımlandı.

-"Olar? Olmaz?"da başqa hansı mövzuları işıqlandırırsınız?

- Efir nömrəmizə zəng gəlir ki, bizə Amil Xəlil lazımdır ki, dərdimizi deyək. Ailə-məişət problemlərini, sosial problemli mövzuları bu veriliş vasitəsilə işıqlandırırıq. Tamaşaçıların az-çox etimadını qazanmışam. Buna görə şükür edirəm. Vergidən yayınan müğənnilər olub ki, mənə faktla sənədi təqdim ediblər ki, filan müğənnilər vergi vermir. Mən onları çəkilişə çağırmışam, deyiblər ki, Amilin verilişidirsə gəlmirik.

- Çox riskli, hər anı gözlənilməz hadisələrlə dolu olan veriliş aparıcısısınız. Çəkiliş prossesində hər-hansı qorxulu hadisələrlə üzləşmisiniz?

- Bəli, çəkilişlərdə insident də yaşanıb. Təkcə 12 dəfə kameramızı sındırıblar. Sonuncu dəfə kafedəki əxlaqsız yuvalarından bir neçəsini çəkdim. Hansılar ki, qonşular bu kafelərdən şikayət edirdilər. Çəkilişdən sonra həmin kafelərdən bir neçəsi bağlansa da, təkcə biri qalmışdı. Həmin kafeni işıqlandıranda üstümüzə hücum çəkdilər, kameramızı sındırdılar. Dönərxanaların fəaliyyəti ilə bağlı olan çəkilişdə də kameramızı sındırmışdılar. Hətta bir neçə dəfə mənə hədə-qorxu gələnlər də olub. Bu cür hallara artıq öyrəşmişəm. Heç bir hadisə məni yolumdan döndərə bilməz.

- Nə vaxta kimi bu veriliş davam edəcək?

- Bu günlərdə mənim təqdimatımda həftə içi hər gün "Gəl dərdini danış" adlı yeni bir veriliş fəaliyyətə başlayacaq. Burada gündəmdə baş verən sosial problemlər birbaşa efirdə həll olunacaq. "Gəl dərdini danış" bir növ "Olar? Olmaz?"ın böyük variantıdır. "Olar? Olmaz?" isə həftə sonları vaxt baxımdan daha ətraflı buraxılışla tamaşaçıların görüşünə gələcək.

Əli Novruzəliyev
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.