Şou-biznes

Azərbaycanlı rəqqasə: "Rəqs etmək sənlik deyil axı!" - MÜSAHİBƏ

7 İyul 2011 09:30
Baxış: 2 924
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Dövlət Rəqs Ansamblının solisti, xalq artisti Təranə Muradovanın Milli.Az xəbər portalına müsahibəsi.

- Rəqsdən anlayışı olmayan şəxslər özlərini rəqqasə (rəqqas) kimi önə çəkirlər. Hətta, abırsız vəziyyətdə milli rəqslərimizə xələl gətirirlər...

- Bəli, sizinlə razıyam. Bu gün rəqs sənətində özfəaliyyətlər çoxalıb. Hətta, təhsil almayan insanlar dərs keçirlər, restoranlarda, şadlıq saraylarında rəqs edirlər. Azərbaycan rəqs sənəti hər zaman yüksək səviyyədə olub. Amma hazırda gənclərin rəqslərimizə ciddi yanaşmaqlarını istəyirəm. Mənim üçün heç xoş olmur ki, peşəkar olmayan rəqqas restoranlarda rəqs etsin. Yaxud hər hansı bir məclisə dəvət alırsan və orada rəqsi bacara bilməyən, amma rəqslə məşğul olan uşaqla rastlaşırsan.

Bizim çox yaxşı milli rəqslərimiz var: "Naz eləmə", "Tərəkəmə" və s. Bu cür rəqslərimizi dünyada Əminə Dilbazi, Roza Cəlilova, Afaq Məlikova və başqa peşəkar rəqqasələrimiz nümayiş etdiriblər. Bu cür gözəl rəqslərimizi qorumaq, gizlətmək lazımdır. Çünki imkan vermək olmaz ki, rəqslərimiz restoranlarda, kafelərdə, klublarda əcaib formada kimlərsə tərəfindən oynanılsın.

Hazırda peşəkar rəqqaslardan, mütəxəssislərdən ibarət münsiflər heyəti təşkil edib, rəqslərimizi qeydiyyatdan keçirmək istəyirik. Məqsədimiz özfəaliyyətlə məşğul olan, rəqsdən anlayışı olmayan insanlara qarşı ciddi tədbir görməkdir. Çünki milli rəqslərimiz toxunulmazdır! Digər bir məsələ isə xaricdən gələn qonaqlarımızın qarşısında həmin insanların rəqs etməsidir ki, bu da bizi narahat edir. Axı əcnəbilər rəqslərimizi niyə peşəkarın ifasında deyil, qeyri-peşəkarın ifasında görsünlər?! Sonra da peşəkar olmayanların ucbatından ölkəmiz haqqında neqativ fikirlər formalaşır. Axı niyə desinlər ki, Azərbaycanda rəqs etməyi bacarmırlar, yaxud şou göstərə bilmirlər? Hara gedirsən, ya pis oxuyanlar, ya da pis rəqs edənlər!.. Bu cür xoşagəlməz halların qarşısını almaq üçün həmin komissiyanı yaratmaq fikirindəyik.

- Ümumiyyətlə, qeyd etdiyiniz xoşagəlməz hallara qarşı hər hansı dövlət orqanına müraciət etmisiniz?

- Xeyr, müraciət etməmişik. Amma aksiyalar keçiririk, iclaslar təşkil edirik. Onu da deyim ki, peşəkar rəqqasələr restoranlarda az çıxış edirlər. Yalnız onlar pula ehtiyacı olduqda, restoranlara müraciət edirlər. Bundan başqa, həmin insanların maaşları da az olduğundan, üstəlik, gündəlik təlabatlarını təmin etməkdə çətinlik çəkdiklərinə görə, məcbur olub restoranlarda rəqs edirlər. Şəxsən mən, gündə restoranlarda rəqs etsəm, mənim üçün çox pis olar. Ona görə ki, öz peşəkar simamı, peşəkar səviyyəmi itirəcəyəm.

Amma iclaslarda çıxış edərkən, mənə deyiblər ki, axı onlar pul qazanmaq üçün çalışırlar? Cavabında dedim ki, onların rəqs etməsinə qarşı gəlmirəm, yalnız peşəkarcasına, rəqslərimizə xələl gətirmədən çıxış etsin. Bunun üçün də rəqs xoreoqrafiya məktəbini bitirsinlər. Təhsil alsın ki, daha da peşəkar səviyyəyə yüksəlsin və rəqsimizi təmsil etsin. Amma rəqs etmək sənlik deyil axı! Rəqs edə bilmirsən, özünə başqa sənət tap!

Hər zaman demişəm: "Sənətdən qorxmaq lazım deyil, sənəti sevmək lazımdır!" Rəqqasə olmasaydım, başqa bir sənətə üz tutardım. Hazırda rəqslə yanaşı, ictimai işlərlə də məşğul oluram. İxtisasca hüquqşünas olmağım ictimai məsələlərdə çalışmağıma imkan verir. Nə vaxtsa rəqqasəliklə məşğul olmasam, hüquq sahəsində çalışacağam. Allahın yazdığı taledir, bimək olmur ki, gələcəkdə bizi nə gözləyir. Ev yığışdırmaq, süpürmək eyib iş sayılmır. Xarici ölkələrdə dağ kimi kişilərin, xanımların ev yığışdırmaqlarının, idarədə təmizlik işləri ilə məşğul olmaqlarının şahidi olmuşam. Həmin insanlar alnının təri ilə pul qazanırlar.

Ümumiyyətlə, tək özüm deyil, Azərbyacan Dövlət Rəqs Ansamblı, Mahnı Rəqs Ansamblı da çalışır ki, rəqs sənətimizi daha da inkişaf etdirək. Amma müəyyən problemlərlə üzləşirik. Belə ki, Dövlət Rəqs Ansamblının tərkibində 150-200 nəfər rəqqas ya olar, ya olmaz. Səbəb isə ştatda yerlərin az olmasıdır. Yetərincə peşəkar rəqqasələrimiz (rəqqaslarımız) də, potensialımız da var ki, özümüzü layiqincə və hətta, artıq dərəcədə təmsil edək. Biz çalışırıq ki, elə bir sistem quraq ki, rəqqaslara yuxarıdan aşağı baxılmasın. Düşünürəm ki, hər bir peşəkar rəqqas Azərbaycanın simasıdır.

- Restoranlarda, şadlıq saraylarında "rəqqasələrin" çıxışını qeyd etdiniz. Amma nəzərə alın ki, tanınmış rəqqasələr Məryəm Süleymanova, Fatimə Fətəliyeva, Oksana Rəsulova da restoranlarda, şadlıq saraylarında çıxış edirlər. Həmin rəqqasələri peşəkar, yaxud qeyri-peşəkar adlandırmaq olarmı?

- Məryəm Süleymanova xoreoqrafiya məktəbini bitirib. O, peşəkardı. Amma Fatiməyə, Oksanaya pis rəqqasə deyə bilmərəm. Çünki onlar öz üzərilərində çalışırlar, müəllimlərə müraciət edirlər, geyimlərinə diqqət yetirirlər, rəqsləri üçün fonoqram axtarışında olurlar. Onlar rəqsləri ilə restoran səviyyəsini stabil vəziyyətdə göstərə biliblər. Amma restoran ifaçıları ilə, səhnə ifaçıları fərqlidirlər.

Həmin xanımlar nə aşağı, nə də ki yuxarı səviyyədə rəqqasələrdirlər. Onlar normal, orta səviyyəli rəqqasələrdir. Hərdən mənimlə də məsləhət edirlər və lazımı köməkliyimi əsirgəmirəm.

- İctimai fəalyyətiniz nə yerdədir?

- Azərbaycan-Avstriya cəmiyyətinin sədriyəm. Bu yaxınlarda Avstriyada böhranla bağlı sponsorlarla müəyyən problemlərimiz oldu. Amma hazırda problem demək olar ki, aradan götürülüb. Hər zaman xəstə uşaqları diqqətimizdə saxlayırıq. Tez-tez çalışırıq ki, taun sindromu, QİÇS-lə bağlı aksiyalar keçirib, yeniyetmələri maarifləndirək. Həmin uşaqlar üçün rəqslər qururam. Xeyriyyə tədbirləri keçiririk. Ümumiyyətlə, kim mənə müraciət edirsə, sevə-sevə ona kömək edirəm.

Təşkilatçılıq işlərini çox yaxşı bacardığım üçün mənə tez-tez müraciət olunur. Bu yaxınlarda, Gürcüstanın tanınmış sənətçisi, yaxın dostum Tamara Qverdtsiteli Bakıya gəlmişdi. Onun Bakıda konsertinin təşkil olunmasına kömək etdim və çox möhtəşəm konsert proqramı ilə Azərbaycan tamaşaçısı qarşısında çıxış etdi. Tamara xanım Bakı haqqında, Müslüm Maqomayevin repertuarından mahnılar oxuyanda tamaşaçılar heyrətlənmişdi. Onunla birgə müxtəlif xeyriyyə tədbirləri hazırlayırıq, yaxın günlərdə ictimaiyyətə təqdim edəcəyik.

- Hazırda Dövlət Rəqs Ansamblının repertuar seçimində nə kimi dəyişikliklər oldu?

- Bu il Heydər Əliyev adına Sarayda Dövlət Rəqs Ansamblının 40 illik yubileyi keçirildi. Konsertimizin birinci hissəsini klassik və milli, ikinci hissəsini isə müasir rəqslə davam etdirdik. Sonda isə necə ki, milli rəqslə başlamışdıq, eləcə də milli rəqslə yekunlaşdırdıq. Bu da repertuarımlzda baş vermiş dəyişiklik. Bundan başqa, inşallah, sentyabrın 29-u Moskvada Çaykovski adına Sarayda konsertimiz olacaq. Bu barədə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Rusiya Mədəniyyət Nazirliyi arasında danışıqlar gedir. Orada da iki böyük hissədən ibarət konsert proqramı ilə çıxış edəcəyik. Repertuarımızda milli rəqslərimizə daha geniş yer ayıracağıq.

Fuad Mədətov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.