Şou-biznes

"Biri arvaddan qorxur, o biri də "moşennik"dir" - FOTO

16 Sentyabr 2016 11:39
4 Şərh     Baxış: 3 794

Rejissor-aktyor Ramin Hacıyevin "qafqazinfo"ya müsahibəsi

- Yeni mövsümə hazırlıqlar necə gedir?

- Hazırda vəziyyət çox çətindir. Ona görə ki, biz 3 yox, 4 serial ərsəyə gətirməyə çalışırıq. Hər şey öz axarına düşənə kimi bir az çətinlik çəkəcəyik. Demək olar ki, gecə-gündüz çəkiliş meydançasında oluruq. Elə "Qardaşlar" serialının çəkilişi oldu, axşam saat 9-da bitdi, gecə 2-yə kimi burada olmuşuq. Əlbəttə, çətindir, ancaq işimiz budur, elə etməliyik ki, tamaşaçı baxanda istirahət etsin.

- Biz sizi Məhəbbət obrazı ilə daha çox tanımağa başladıq. Ramin Hacıyev əvvəl nə işlə məşğul olub?

- 1995-ci ildə Qafqaz Universitetinin biznes üzrə menecerlik fakültəsinin ödənişsiz şöbəsinə daxil olmuşam. Ancaq orada 3 sinif oxudum. Daha sonra universiteti atdım, Türkiyədə Sinema Akademiyasına daxil oldum. İki il orada təhsil aldım, bir neçə film çəkdim. Akademiya İstanbul Kültür Universitetinin nəzdində fəaliyyət göstərirdi. 2000-ci ildə birbaşa dizi fakültəsini bitirdim. Azərbaycana gəldim, Gəncədə reklam-dizayn işi ilə məşğul oldum. 2004-cü ildən bu günə kimi rejissor kimi fəaliyyət göstərirəm.

- Qafqaz Universitetindən imtina etməyinizin səbəbi nə idi?

- Oradakı təhsil ürəyimcə deyildi, yaradıcı adam bir az fərqli olur. Belə insanların daxili qaynayır, yeniliklər və rəngarənglik axtarır. Biznes üzrə menecer fakültəsinə yüksək balla daxil olsam da, mənim üçün maraqlı olmadı. İki kurs məcburi şəkildə yaxşı oxudum. Hiss edirdim ki, robot kimi dərsləri oxuyuram, ancaq ürəyimcə deyildi. Xoşuma gəlmədi, çıxdım. Səbəbi çoxdur, sadəcə olaraq açıqlamaq istəmirəm.

- Maraqlıdır ki, Azərbaycanda ən reytinqli serialların rejissorusuz. Daha hansı serialların yaradıcı heyətinin üzvüsüz?

- Birinci serialımız "Qonşular" olub. Oranın həm rejissoru, həm də ssenaristi idim. Daha sonra yeni ssenaristlərimiz gəldi, mən ancaq rejissor olmağa başladım. İndi "Bacanaqlar", "Qız atası" və "Qardaşlar" seriallarının ssenaristi deyiləm, rejissoruyam. KVN-lə də məşğul olmuşam, qalib də olmuşam. Bəlkə də yazı qabiliyyəti bundan irəli gəlir.

- Bir az da Məhəbbət obrazından danışaq. Həmin obraz necə yarandı?

- "Bacanaqlar" 2009-cu ildən efirə çıxmağa başlayıb. Ssenarisini də özüm yazmışam. Biz ilk seriyanı may ayında çəkdik, təsdiqlədilər. Məsələn, serialda Taleh obrazı xəsis, Qismət obrazı arvaddan qorxan biridir. Məhəbbət isə özündənrazı bir obrazdır. Mən serialda "Ay dünya" kəlməsini işlətdim. Bilməzdim ki, həmin ifadə belə guruldayacaq, hamının dilinə düşəcək.

Serialda o sözdən əlavə, başqa ifadələr işlədilib, ancaq ən yadda qalanı bu olub. "Ah, Esya" sözü də məşhurlaşıb. Məhəbbət obrazı həmin ifadələri efirə gətirdi, bu rolu çox sevirəm. Həyatda "Məhəbbət" deyiləm. Realda ciddi olmasam da bu cür xarakter məndə yoxdur. Yəni, hər dəfə ssenaristlər Məhəbbət üçün nəsə yazırlar. Çalışırlar ki, tamaşaçı istədiyi Məhəbbəti ekranda göstərək. Onda daha uğurlu olur. Hər obrazın xüsusi pərəstişkarı var. Məhəbbət obrazında 16-20 yaşlı oğlan uşaqlarının hərəkətləri cəmləşib.

Yekə-yekə danışmaq, qızlarla danışmaq kimi məsələlər o yaş kateqoriyasında olan gənclərə aiddir. Həyatda heç kimdir, ancaq danışıqda böyük insandır. Demək olar ki, obrazlar real həyatlardan götürülür. Taleh obrazı da realdan götürülüb, bizim tanışımız var, "moşennik"di. Salam verəndə bir barmağı yox olur insanın. Arvaddan qorxmaq da hər yanda var, Qismət obrazı da belədir.

- Etiraf edək ki, sizin seriallar tamaşaçıları ekranlara bağlaya bildi. Ancaq ilk baxışdan hiss olunur ki, ekran işində nəsə çatışmazlıqlar var. Məsələn, bir qədər texniki baxımdan zəiflik ola bilər. Əsas çatışmazlıq maliyyədir?

-Bilirik ki, Azərbaycanın zəngin kino tarixi var. O vaxtlar dövlət yetərincə pul ayırırdı, yüksək səviyyədə də filmlər çəkilirdi. İndi də ayrılır, ancaq seriallar sırf kommersiya məqsədli olduğuna görə, artıq maliyyə ayırmaq mümkün deyil. Çünki sponsorlar pulu qoyur, daha sonra həmin pulun artığını götürmək istəyir. Belə deyək, bu işləri prodüser görür. Ancaq istəyərdik ki, serialı minimum "RED"lə çəkək, çəkiliş məkanımız villa yox, pavilyon olsun. Hər şey yüksək səviyyədə olmalıdır. Film bir texnikdən də asılı ola bilər.

Bu bir bağdır və qırıla bilməz. Məsələn, mən rejissoram, koordinatorun işindən asılıyam. O, mənə lazım olan bir dekorasiya tapa bilməsə, rejissorluq həyatımın üstündən xətt çəkə bilər. Bunların hamısı maliyyəyə dirənir. Tamaşaçı baxır, deyir ki, bu istədiyim film deyil. Əlbəttə, mən Türkiyədə seriallara baxıram. Onlar dünyada 10 yaxşı serial çəkən ölkələr sırasındadır. Adam istəyir ki, həmin serialların içərisinə girsin. Biz onlara çatacağıq.

- Yəqin ki, siz də şahidi olursuz. Bezdirici reklamlardan daha çox istifadə olunur. Məsələn, kolbasalar o qədər reklam olunur ki, adam həmin məhsullardan daha çox iyrənməyə başlayır.

- Belə şeylər deyilir. Ancaq bunlar sponsorların şərtləridir. Bu dəqiqə belə tələb edirlər, biz də bunu tətbiq etməyə məcbur oluruq. Başqa əlacımız yoxdur. Yenə deyirəm, 10 ildir ki, serial çəkməyə başlamışıq. "Qonşular" serialı Azərbaycanın ilk sitkom formatlı ekran işidir. Yəni ki, biz hələ yaxşı vəziyyətdəyik.

- Siz nümunə gətirdiyiniz türk seriallarından fərqli olaraq aktyorların vizual görüntüsünə bir o qədər də önəm vermirsiz, eyni zamanda sübut etdiniz ki, təkcə vizuallıq önəmli deyil, istedadlısansa, seviləcəksən.

- Mən belə deməzdim. Bizim çox gözəl xalq artistlərimiz "Bacanaqlar" serialında çəkilirlər. Firəngiz, Fatma və Zöhrə xanımları demək istəyirəm. Onlar xatirələrdə qalan insanlardır. O ki qaldı gözəl xanımları cəlb etməyə... Bir misal çəkim. Siz kişi voleyboluna baxırsız? Əksəriyyət xanımların oynadığı voleybola baxır. Adama ləzzət edir. O da həmin şeydir. Gözəl xanım və yaraşıqlı oğlan seriala tamaşaçıları cəlb edir.

Bizdə isə gözəl xanımlar çoxdur. Əsas məqsədimiz bu deyil. İstəyirik ki, tamaşaçı ekrana baxanda öz xarakterini görsün. İnsanlar o zaman seriala daha maraqlı olur. Tamaşaçıya yaxın olmaq üçün tamaşaçının özünü göstərmək lazımdı. Ola bilsin ki, qonşularında arvadından qorxan kişilər var. Baxın, həmin obraz Qismətdir. Mənim bir qohumum var, "moşennik"dir. O da Taleh obrazıdır.

- Çəkdiyiniz seriallarda eyni aktrisalardan istifadə edirsiz. Bu serialdan çıxıb, digərinə gedənlər də var. Bunun səbəbi nədir?

- Xəyalə Quliyevada yerdəyişmə olub. Xəyalənin digər seriala getməyinin səbəbi isə "Bacanaqlar"ın dəyişməsidir. Məsələn, bu gün serialda bacanaqlardan biri yoxdur, Qisməti Moskvaya göndərmişik. Ancaq o, başqa serialda oynayacaq. Ola bilsin ki, bizim üçün belə rahatdır. Bizim üçün aktyorun obrazı oynamağı yox, yaşamağıdır. Məsələn, Zöhrə xanımın danışığı serialda olduğu kimidir. Biz çalışırıq ki, aktyor rola uyğun olsun. Rolu aktyora görə vermirik. Obrazı xarakterə yapışdırmaq lazımdır.

- Dörd serialın rejissorusuz. Bəzən seriallarda mövzu oxşarlıqları ilə rastlaşırıq.

- Əvvəl mən ssenari yazırdım, çəkiliş edirdim, montaj edərək efirə vermişdim. Seriala oxşar bir şey etməyə çalışırdıq. İndi isə sırf rejissorluq edirəm. Hər kəs öz işini bilir. Onlar üçün mənim necə çəkəcəyim maraqlı deyil, yazdıqlarını ola bilsin ki, başa salsınlar. İş prosesi olaraq çətin deyil, hər kəsin öz işi var. Başqa aktyor və rejissor öz işindən başqa şeylərə qarışsa, çətin olacaq. Mən özüm işimi təhvil götürürəm, həftədə 4 seriya çəkirəm. Montajda bir az fiziki olaraq çətinlik çəkirik.

- Elə olub ki, serialı efirə çatdıra bilməmisiz?

- Variantsız çatdırmalıyıq, saat 9-da efirdir. 1 gün qabaq da çatdırmaq olar, 5 dəqiqə əvvəl də... Maraqlı hadisələr çox olub. 3-4 il bundan əvvəl montajçımız işdə deyildi. "Bacanaqlar" serialını özüm montaj etdim, "render"ə qoydum. ATV-dən zəng edirlər ki, saat 9-da efirdir. Saat 9-a 15 dəqiqə qalmış videonu effektsiz renderə verdim. Dedim ki, onlara gəlirəm. İlk 9-10 dəqiləlik hissəni "hard disk"ə yazıb apardım. Ofisimiz kanala yaxın idim. Qaça-qaça aparıb diski verdim, qayıdıb ikinci hissəni renderdən götürüb diskə yazdım, 3-cü hissəni də eyni vəziyyət... Təsəvvür edin ki, yıxılıb getməsəydim, ikinci hissə efirə verilməyəcəkdi.

Daha sonra elə olub ki, diskə montajçımız köhnə seriyanı yazıb. Bunu da baxmayıblar, efirə veriblər. Zəng edib deyirlər ki, köhnə seriya niyə efirə gedir? Problem var? Mən də cavab verdim ki, göndərmişik. Hadisədən xəbərim yox idi. Elə şeylər çox olub. Bir dəfə də "Qardaşlar" serialının bir seriyası kompüterdən silinmişdi, tapa bilmədik, yenidən çəkdik. Təsəvvür edin ki, bir günə iki bölüm çəkdik. Sponsorlaırn tələblərinə uyğun olaraq bölümləri çəkirik. 10 bölüm öncədən çəkə bilmərik. Ola bilsin ki, sponsorların tanıtım reklamları dəyişir və s. haradasa 2-3 seriya qabaqcadan çəkirik.

- Qonşu ölkələrdə kanal rəhbərliyi prodakşnlara maliyyə ödəyərək serialı alır, öz efirində yayımlayır. Bizdə necədir?

- Səhv etmirəmsə, 2011-ci ildə ölkədə xarici seriallar yayımlanırdı. Onda Milli Televiziya Şurası qərar verdi ki, həmin serialların yayımı dayandırılsın. Prezident sərəncam verdi, 5 milyon maliyyə ayrıldı. Serialların çəkilişinə inanılmaz kömək oldu. Sərəncam verilməsəydi, seriallar çəkilməyəcəkdi. İki il dalbadal maliyyə ayrıldı. Hələ dedim ki, sərəncəm verilən günü, yəni mayın 1-i seriallar günü kimi qeyd olunsun.

O vəsaitin hesabına prodakşnlar seriallar çəkməyə başladılar. Əlbəttə, ekran işləri ələnməyə başladı, pisləri getdi, yaxşıları efirdə qaldı. Bizim seriallar sponsorlar hesabına qalıb. Amma prodüser kanallarla danışır, sizin verdiyiniz sualla bağlı danışıqlar aparırlar. Biz ATV ilə əməkdaşlıq edirik, işimiz yarı yarıyadır. Mənim işim olmadığımdan tam sizə dəqiq məlumat verə bilmirəm.

- İşçiləriniz səhvə yol verən zaman cərimələnirlər?

- Bizim komanda sırf dostluq üzərində qurulub. Elməddinlə neçə ildir ki, dostam. Bizim onunla 98-99-cu ildən münasibətlərimiz olub. Mən səhv edən zaman necə maaşım kəsilsin? Bizdə maaş kəsmə və cərimələr yoxdur. Təsadüf olar ki, səhvlər yaranıb. Həmin şəxslər istəməz ki, səhvə yol versin.

 - Ən çox komediya janrında olan serialların rejissoru olmusuz. Adətən bizdə məşhur əsərlərdən bəhrələnərək seriallar, filmlər az çəkilir. Məsələn, "Təhminə və Zaur" və başqa bir neçə film adlarını çəkə bilərik,onlar yazarların əsərlərini ekranlaşdırıblar.

-Mən rejissor olaraq istəyərdim ki, öz əsərimi çəkim. Elə bir tanınmış şəxsin əsərini kiməsə çəkmək üçün verirlər. Ancaq o əsəri yaxşı səviyyədə filmə çevirməyi şübhə altında olacaq. Gözəl bir şeydir, ancaq yüksək səviyyədə iş ortaya qoymaq üçün müəyyən kateqoriyaya çatmaq lazımdır. İnşallah, mən də bu kateqoriyaya çataram. Özümü hazır hiss etmirəm. Yeni serialımız var, "Kişi sözü" serialı... O da romantik-komediya janrındadır. Bizim dram sifarişli filmlərimiz olub, ancaq imtina etmişik.

Belə bir şey var ki, biz komediya üzrə ixtisaslaşmaq istəyirik. Qoy, biz komediya filmləri çəkək. Bu profildən əsas yapışmışıq. Həm də mən yomurluq üzrə təhsil almışam. Özüm bütün janrda filmlərə baxıram. Azərbaycanda "Vicdan haqqı" serialına baxıram, bəyənirəm. Türk seriallarına isə nəsə öyrənmək, götürmək üçün baxıram. Məsələn, "Muhteşem Yüzyıl" mənə əlavə bir dərs vəsaitidir. Elə bil kitab açırsan, oxuyursan. İstəyərdim ki, bizim aktyorlar, rejissorlar həmin seriala baxsınlar. Çox yüksək səviyyədə ərsəyə gələn bir işdir. İnanmıram ki, dünyada belə bir serial çəkilsin.

- Tamaşaçılara sizin şəxsi həyatınız da maraqlıdır, evlisiz?

- Evliyəm, iki qızım var. Adları Ləman və Vəsilədir. Böyük qızım Zərifə Əliyeva adına məktəbdə 11-ci sinifdə oxuyur. İnşallah, böyük qızım yaxşı bir universitetə daxil olar. Təbii ki, qız uşaqları bir az dəcəl və artist olurlar. Amma onları incəsənətdən yayındırdım, istəmirəm. Başqa sənətlə məşğul olmalarını istəyirəm. Böyük qızım yaxşı oxuyur, istəyirəm təhslini xaricdə davam etdirsin.

Müəyyən qədər onlara təsir etmək lazımdır. Azad buraxırsan, ancaq yönləndirmək lazımdır. Uşaqdırlar, onlar həmişə istəyər ki, rəqs edim, məni efirdə göstərsinlər. Bu sahə çətindir. Ancaq istəməməyimin səbəbi çətinliklə bağlı deyil. Hər sahə çətindir. İşi bacarmaq lazımdır, bacarmırsansa çətin olar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Esgerxanov · 16 Sentyabr 2016 14:4600

    superdi bacanaqlar tesevvur edin 2009dan baxiram vallah superdi. Talehdeki hecde mirtdi. Kas onun kimi sansli olaydim her veziyyetden cixa bilir gah metisi gah xeyaleni aldadir amma su sehengi suda sinar meseli axiri sindi. Isinizde ugurlar sizi seve seve izleyirik ailemizle.

    Cavab yaz
    • Anonim
      GuNeL · 16 Sentyabr 2016 22:5700

      Bele dusunen beyler varki aileler dagilir da...

      Cavab yaz
  • Anonim
    GULLER XANIM · 16 Sentyabr 2016 14:5500

    Haqlisiz

    Cavab yaz
  • Anonim
    Zeynäb · 16 Sentyabr 2016 15:4200

    Cox istedadli aktyordu. Obrazida super

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.