Müğənni Miri Yusifdən müsahibə almaq üçün onunla şəhər restoranlarının birində görüşdük.
Milli.Az musavat.com-a istinadən müğənnii ilə müsahibəni təqdim edir:
- İki həftədir ki, cəbhədə vəziyyət gərgindir, ordumuz vuruşur, həm də şəhidlər verir. Bu ərəfədə vətənpərvərlik mahnıları ifa edən sənətçilərin də sayı artdı. Lakin "Dəyirman" qrupunun oxuduğu "Ya Qarabağ, ya ölüm" mahnısı kimi öz möhürünü vuran mahnılarımız yoxdur. Bunun səbəbi nədir?
- "Ya Qarabağ, ya ölüm" məşhur türkiyəli sənətçi Ozan Arifin sözlərinə yazılan eyni adlı bəstədir. O mahnı Azərbaycanın musiqi tarixinə və xalqın ruhuna möhür vurdu. İnanıram ki, gələcək nəsillər də o bəstəni sevəcək və o mahnı ilə cəbhə bölgəsinə gedib, qalibiyyətimizi qeyd edəcəyik... Vətənpərvərlik mövzusunda oxuyan ifaçılara gəldikdə isə onu deyə bilərəm ki, onlar sırf "vətənpərvərlik mahnısı oxumaq" planını doldurmaq üçün sözügedən musiqiləri ifa edirlər. Məncə, insan ürəyindən gələrək vətən haqda mahnı oxumalıdır. Vətənpərvərlik çox geniş anlayışdır, o, ilk olaraq insanın evində olmalıdır. Sağlam ailənin başçısısansa, deməli, vətənpərvərsən. Deyirlər ki, ailə cəmiyyətin möhür daşıdır. Mənim də ailəmdə vətənə olan sevgi böyükdür. Bu da mənim mahnılarımda öz əksini tapır. Mahnılarımın çoxundan içimdə olan vətənpərvərlik hissi süzülür. 2012-ci ildə ifa etdiyim, musiqisi Emin Kərimi, sözləri mənə məxsus olan "Məktub" mahnısı da bu qəbildəndir. Mahnının klipinin qəhrəmanı olan əsgər şəhid olur. O sonuncu məktubu yazanda qeyd edir ki, geri qayıdıb-qayıtmayacağını bilmir. Klipin sonunda isə şəhidlərimizin, əsir olan həmvətənlərimizin sayını göstərmişik. Bu tipli mahnılar çox və insanlara təsiredici olmalıdır. Lakin bəzi həmkarlarımdan 25 ildir ki, oxşar mahnılar eşidirik. Hər kəs eyni qafiyədən tutub mahnılar ifa edir, bu da insanları bezdirir.
- Yenidən öz sözünü deyəcək, vətənpərvərlikdən bəhs edən mahnı ifa edəcəksinizmi?
- "Ya Qarabağ, ya ölüm"ün ruhunu verəcək mahnı səsləndirmək qeyri-mümkündür. Keçən həftə dostlarımla cəbhə bölgəsində gedən döyüşlərdə həlak olan şəhidimizi qarşılayıb evinə yola saldıq. Allah ona rəhmət etsin. Onu qarşılamağa yığılan kütlə "Qarabağ bizimdir, bizim olacaq" şüarı səsləndirdi. Ola bilər ki, bu şüar ətrafında mahnı yaransın. Çünki o sözlər ürəyimdə qalıb.
- Sənət adamlarının bəzisi cəbhə bölgəsinə yollandı, orada konsertlər verdi. Amma onların bu addımı insanlarda qıcıq yaratdı. İddia edildi ki, onlar özünü reklam edir. Siz bu barədə nə düşünürsünüz?
- Haqlısınız, onların bu addımı insanları qıcıqlandırdı. Hər şey miqdarında gözəldir. Bəlkə də, cəbhə bölgəsindən çox paylaşım etdikləri üçün xoş addımları birmənalı qarşılanmadı. Mən birinci dəfə sizə müsahibəmdə dedim ki, şəhidimizi qarşılamağa getmişdim. Bu cür hallara həssas yanaşmaq lazımdır. Hər kəs etdiyi əmələ özü cavab verəcək. Bacardığım qədər xeyirxahlıq edirəm, amma bunu hər kəslə bölüşmürəm. Cəbhədə olub əsgərlərə dəstək olmağı hamıya car çəkmək mənim xarakterimə uyğun deyil. Allah buyurub ki, xeyirxah olursan ol, bunu tək mən bilsəm, yetər.
- Müsahibənizin birində qeyd etmişdiniz ki, ən çox sevdiyiniz mahnı "Məktub"dur. Niyə məhz "Məktub"?
- "Məktub" mənim şah əsərimdir. Ona görə onu çox sevirəm. 2013-cü ildə işıq üzü görən "Vicdan" mahnımın da məndə ayrı yeri var. Bu mahnımın klipində də görünür ki, ümumi cəmiyyətdə vicdansızlıq hökm sürür. Mahnının sözlərinə diqqət edək, "Salam mənim adım Vicdan, soyadım Qurban", - insanlar öz vicdanlarının qurbanı olurlar. Həyatda hər zaman özünü qabağa verən vicdanlılar var. "Vicdan" mahnımın kökü vətənpərvərliyə bağlıdır. Əsas onun kökünə getmək lazımdır. Mənim vətənpərvərlik anlayışım budur.
- Mahnılarınızın hamısında sətiraltı da olsa, mesaj var. Sizcə, pərəstişkarlarınızın hamısı o mesajları başa düşür?
- İnanmıram ki, fanatlarımın hamısı mesajları başa düşür. Çünki hər bir ifadə sətiraltı mesaj verir. Bu sualı mənə vermisinizsə, deməli, o mesajları duymusunuz. "Mən kiməm? Mən heç kiməm", - ifadəsinə diqqət edək. Demək istəyirəm ki, varlı, kasıb hamımız birik. Miri Yusif olaraq əslində mən heç kiməm. Dinləyicilərim karyeramın zirvəsində olan zaman məndən belə mahnı gözləmirdi. Düşündülər ki, sənətimin möhürünü vurmuşam. İnsanlar mənim mahnılarımı sevir. Respublikanın böyük zallarını doldururam, konsertlərim anşlaqla keçir. Amma mən yenə də ömür boyu deyəcəyəm ki, mən heç kiməm.
- Müğənnilər arasında tez-tez mahnı qalmaqalı yaşanır, bir-birilərinin mahnılarını icazəsiz oxuyur, bəzən isə oğurlayıb öz adlarına çıxırlar. Elə bu yaxınlarda oxşar hadisə sizin də başınıza gəldi. Türkiyənin məşhur müğənnisi Funda Arar "Ağ Qarğa" adlı albomunuzdakı "Bağışla" mahnınızı icazəsiz oxudu. O bildirdi ki, mahnını özünü "Bağışla"nın müəllifi kimi təqdim edən Murad Quliyevdən alıb. Sonda isə həqiqət ortaya çıxdı. Bundan sonra F.Arar və ya Murad bəy sizinlə əlaqə saxladımı?
- Nə Arar, nə də Muradla danışmışam. Funda Arar anladı ki, onu aldadıblar. Bunu Türkiyədə fəaliyyət göstərən MSG ( Müəllif hüquqlarını qoruyan şirkət) adlı qurum sübut etdi. Türkiyənin məşhur sənətçiləri həmin quruma tabedir. Sözügedən qurumun komissiyasında oturan 6 professor mahnımı araşdırdı, musiqisi və sözlərinin mənə məxsus olduğu qənaətinə gəldi. Mənə göndərdikləri möhürlü sənəddə yazılıb ki, mahnının musiqisi də, Türkiyə türkcəsinə tərcümə olunan sözləri də Miri Yusifə məxsusdur. Beləliklə, Funda Ararla məsələmiz sülhlə bitdi. Türkiyənin tanınmış bir çox müğənnisinin, eləcə də Funda Ararın prodüseri olan Samsun Demir vəkilimlə əlaqə saxlayıb . O bildirib ki, mənimlə vuruşmaq yox, dost olmaq istəyirlər. Buna görə də məni Türkiyəyə dəvət etdilər. Mən də onlarla dostlaşmaq qərarına gəldim.
- Yəni, Samsun bəyin təklifini qəbul edib Türkiyəyə gedəcəksiniz?
-Əlbəttə, gedəcəyəm. Samsun bəy və Funda Ararla görüşəcəyəm. Türkiyənin tanınmış simaları mənimlə duet oxumaq istəyir. Məndən köhnə və ya yeni mahnı istəyəcəklərini bilmirəm. Ətraflı hər şey dəqiqləşəndə məlumat verəcəyəm.
- Bir az da iyul ayında Yaşıl Teatrda verəcəyiniz konsertdən danışaq. Qonaqları bu konsertdə hansı sürprizlər gözləyir?
- İyulun 8 və 9-u yeni konsert proqramı ilə sevənlərimin qarşısına çıxacağam. Adətən, insanlar konsertimə şou görmək üçün deyil, mahnılarımı dinləməyə, mənimlə birgə ifa etməyə gəlir. Konsert boyu tamaşaçılarımla mahnı ifa edirəm, bütün zal elə gözəl oxuyur ki, mikrofonu kənara qoyuram. Bu xoş olan bir təəssüratdır. Mən onlardan böyük enerji alıram. İnanıram ki, iyul ayında baş tutacaq konsertim də gözəl keçəcək.
- Tez-tez konsert verən sənətçilərdənsiniz. Hər zaman konsert verdiyiniz zallar dolu olur. Konsert biletləri satılan müğənnilər bizdə barmaqla sayılacaq qədərdir. İnsanları konsertə cəlb etmə sirriniz nədir?
- Səmimiyyətlə özünü insanlara sevdirə bilərsən. Sadəlik gözəllik deməkdir. Kişilərə gözəllik deyilən məfhum aid deyil. Kişinin gözəlliyi sadəlik və səmimiyyətdir. Hər kəsə qarşı düzgün olmağım məni insanlara yaxınlaşdırır. Onlar səmimiyyət gördüyü ünvana üz tuturlar. İnsanları konsertlərimə cəlb etmə sirrim budur.
- Keçən il "Yarımdünya" adlı filmdə çəkilmişdiniz. Filmin davamı çəkiləcəkmi? Miri Yusif yenidən aktyor kimi tamaşaçı qarşısına çıxacaq?
- Rejissorlardan film təklifləri gəlir, hələ ki, ssenaridə özümü tapa bilmirəm. "Yarımdünya" filmi uğurlu alındı, lakin çox vaxtımı apardı. O müddətdə yeni mahnılar yaza bilərdim. Kino işi kişi işidir, qəliz işdir. Təqdim olunan ssenaridə özümü tapsam, yenidən aktyor kimi özümü sınayaram. Əsl kişi xarakteri daşıyan obrazı canlandıraram. Axtarışda olan, yaradıcı insan olsa, sevə-sevə oynayaram.
- Demək olar ki, hər şeydən danışdıq. Bir az da şəxsi həyatınıza toxunaq. Ailə həyatı uzun sürməyən sənət adamları bildirirlər ki, evlilik sənətə əngəldir. Amma siz evli olub, sənətini uğurla davam etdirən sənətçilərdənsiniz. Bunu necə bacarırsınız?
- Evlilik sənətə mane olmur. Həyat yoldaşım - Nərgizimlə bizim etiraf gecələrimiz olur. Oturub dərdləşir, məsləhətləşirik. Bu yaxınlarda yoldaşıma dedim ki, yaxşı ki, sən və uşaqlarım var, bu müqəddəs ocaq məni qoruyur. Onlar olmasa, bu gün harada olacağımı təsəvvür edə bilmirəm. Allah hamımızı qorusun. Yaxşı ki, ailəm var. Ağıllı qadın kişinin 100%-lik təkanıdır. Mənim uğur qazanmağımda həyat yoldaşımın rolu böyükdür.
- Həyat yoldaşınızdan söz düşmüşkən soruşmaq istəyirəm, pərəstişkarlarınız əsasən qadınlardır. Həyat yoldaşınız qısqanmır?
- Əvvəllər qısqanırdı. Sonra başa düşdü ki, bu olmalıdır, sənət həyatımın bir hissəsi də pərəstişkarlarımdır. Mən fanatlarımla 3 aydan bir görüşürəm, adətən bu görüşə qızlar gəlir. Mənim əsas məqsədim ailəmi qorumaqdır. Allah mənə şan-şöhrət, istedad veribsə, onun qarşısında durmaq lazımdır. Tanınmış insanamsa, nümunəvi ailəyə sahib olmalıyam və məni izləyən milyonlarla insana bunu göstərməliyəm. Həyat yoldaşım sənətimlə bağlı bütün işlərə daim dəstək olub. O artıq məni yaxşı tanıyır və bilir ki, həyatda yeganə sevəcəyim qadın odur. Ona görə də qadın pərəstişkarlarıma məni qısqanmır.
- Uğurla davam etdirdiyiniz karyeranız, nümunəvi ailəniz var. Sözlərinizdən də anladım ki, bunların pozulmaması üçün daim çalışırsınız. Bunların saldığı çərçivələr sizi sıxmır?
- Sözsüz, bütün bunlar məni çərçivəyə salır, amma bezdirmir, sıxmır. Bu dünyada tam azadlıq anlayışı yoxdur. Kainat da Allaha tabedir. Şəxsi həyatımda çərçivələr var, amma sənətimdə çərçivə, sərhədlər yoxdur. Səhnədə istədiyimi edirəm. Konsert zamanı ağlıma hansısa söz gəlsə, deyə bilərəm və insanlar gülər. Səhnədə çıxarıb siqaret də çəkə bilərəm. Mənim sənətimdə protokol yoxdur.
- Müsahibədən öncə söhbət edərkən dediniz ki, şou-biznesdə deyilsiniz. Bu aləmin sevimli sözlərindən biri ulduzdur. Bəzi sənət adamları isə ulduz adını qəbul etmir. Miri Yusif özünü ulduz sayır?
- Ulduz sözündən xoşum gəlmir. Ulduzlar göydə olur. Biz insanlarıq. 4 il Los Ancelesdə qalmışam. Hazırda dünya ulduzu saydığımız məşhur simaların orada necə sadə olduğunu görmüşəm. Onlar cəmiyyət içərisində özlərini o qədər sadə və səmimi aparırlar ki, insana ləzzət edir. Yekəxanalıq sənətçini tamaşaçılardan uzaqlaşdırır.
- Yenidən qayıdaq mahnılarınıza. "Əvəzolunmaz " mahnınızı sevgi etirafı adlandırmaq olar. Sizin üçün həyatda əvəzolunmaz kimdir və ya nədir?
- Mənim Nərgizim əvəzolunmazdır. Onu heç kim əvəz edə bilməz.
- Miri Yusif dinləyicisi olaraq deyə bilərəm ki, mahnılarınızda sevgi motivi üstünlük təşkil edir. Bu motivin əsas olmasna səbəb sevgi dolu həyat yaşamanız, yoxsa nakam məhəbbət qurbanı olmağınızdır?
- Gənclik illərində nakam məhəbbət yaşamışam. Hazırda isə sevgi üzərində qurulan ailəm var. Onu da əlavə edim ki, Allaha qarşı sevgim böyükdür. Dünya sevgi üzərində yaranıb. Mahnılarımda da eşq, məhəbbətə yanaşmağım qeyri-adidir. Mən "Səni sevirəm"i fərqli deyirəm, eşq etiraflarım standart deyil. İnsanlar mahnılarımda özünü tapır. Mənim işim mahnılarla insanlara yenilik verməkdir. Artıq 21-ci əsrdir, insanlar qulağına çatan notlarda yenilik istəyir. Mən də dinləyicilərə istədiyi musiqini təqdim edirəm.
- "Bilmək olmaz" mahnınızda belə bir ifadə var: "Mən anladım ki, səhnələr heç nə verməz". Sənətdə bu qədər uğur qazanmış insanın bu cür ifadə işlətməsi gözlənilməzdir.
- "Çılpaq gəlib, çılpaq gedəcəyəm", "Mən nə varlı, nə də kasıb, bilmək olmaz"... ( mahnılarından sitat gətirərək bir qədər düşünür-K.İ.) Bilirəm ki, səhnələr mənə nə qədər şan-şöhrət, pul-para versə də, bunlar keçicidir. Mən təklikdə qalanda hər şeyi analiz edirəm. O zaman qərara gəlirəm ki, nə qədər uğur qazansam da, bu həyatdan çılpaq gedəcəyəm. Əsl kişinin borcudur ki, ailəsini qorusun. Ailədən başqa hər şey toz-torpaqdır. Sənətimdən öncə ailəmi düşünürəm, onlar üçün yaşayıram.
- Müğənni olduğunuz üçün nə vaxtsa, peşman olmusunuz?
- Əslində, mən çox xoşbəxt insanam. Sevdiyim işlə məşğulam, ətrafımda sağlam düşüncəli insanlar var. Xoşbəxt insanam ki, valideynlərim, bacı-qardaşım, həyat yoldaşım, uşaqlarım sağlamdır və mənimlə fəxr edirlər. Müğənni olduğum üçün heç vaxt peşman olmamışam.
- Həyatdan gözləntiniz nədir?
- (Düşünür) Bilirsiniz, sənətdən uzaqlaşsam, depressiyaya düşərəm, amma 38 yaşıma qədər qazandıqlarım mənə kifayətdir. Pul mənim üçün önəmli deyil. Həyatda gözəl ailə, hörmət, insan sevgisi qazanmışam. Bu gün qarşıma ölüm çıxsa, normal qarşılayacağam, çünki həyatda istədiyim hər şeyi əldə etmişəm.
- Miri Yusif özünü yaraşıqlı, xarizmatik, yoxsa intellektual hesab edir?
-İntellektual sayılmıram. Mövlana demişdi ki, bilik qazanmaq üçün kitablara ehtiyac olmamalıdır, insanın içində bir kitab olmalıdır. Mənim içərimdə bir kitabxana var, hər gecə oradan maariflənirəm. Bu intellektuallıq deyil. Miri Yusifi yaraşıqlı da hesab etmirəm. Yəqin ki, xarizmatikəm...
- Sizə işlərinizdə uğurlar arzulayırıq. Müsahibəmizi yekunlaşdırarkən oxucularımıza nə demək istəyirsiniz?
- Zənnimcə, hər birimiz bir insana yardım əlimizi uzatsaq, bu dünyada gözəl dövr yaşaya bilərik. Gəlin əsl insan olmağa çalışaq. Müsahibə üçün təşəkkür edirəm.
Milli.Az