- Tacirə xanım, artıq 2-ci mövsümünü başa vurmağa hazırlaşdığınız "Tac şou" və "Kulinar" verilişləri yetərincə uğurlu olub. Bu uğurun arxasında nə dayanır?
- Düşünürəm ki, bu telelayihələri tamaşaçılara bu qədər sevdirən orada olan səmimilik və Azərbaycan bölgələrinin ab-havasını hiss etdirmələridir. "Tac şou"da regionun gizli istedadlılarını tanıtdırırıqsa, "Kulinar"da bölgələrimizin milli təamlarının hazırlanma üsulunu göstəririk.
- Həyatda necə, bəxti gətirənlərdənsiniz?
- Əslində, gündəlik yaşamımda çox uğursuzluqlarım olub. Bu da yəqin ki, səbirsiz olmağımdan irəli gəlir. Amma yenə də qazandığım bu nailiyyətlərə görə ona borcluyam. Hər uğursuzluğa optimist yanaşmışam.
- "Tac şou"da sizi daha nazlı-qəmzəli görürük, "Kulinar"da isə bunun əksi olaraq evdar qadın kimi biş-düşlə məşğul olursunuz. Şəxsi həyatınızda hansı obrazdasınız?
- Hər ikisində də özüməm, eyni zamanda da fərqliyəm. Verilişə uyğun olaraq auram dəyişir. Özümü evdar xanım kimi təsəvvür etmirəm. Hələ də anamın bişirdiyi yeməkləri yeyirəm. Onun nəvazişini, əzizləməyini hiss edirəm. Amma əslində, bütün yerli xörəkləri və şirniyyatları bişirməyi bacarıram.
- Verilişlərinizdə hər zaman cəsarətli geyinirsiniz. Belə demək olarsa, riskə gedirsiniz...
- Düz qeyd etdiniz, risk etməyi sevirəm. Ona görə də qarşıma çıxan çuxurları görmürəm. Aparıcını maraqlı, cəlbedici, baxımlı edən nüanslardan biri də onun geyimidir.
- Şou veriliş aparmaq həm də insandan optimist, gülərüz olmağı tələb edir...
- Əlbəttə. İnanın ki, mən televiziyaya gəlməzdən öncə gülməyi bacarmırdım. Daha doğrusu, elə bilirdim gülmək mənə yaraşmır. Amma bu işim mənə bu bacarığımı da kəşf etməyimə şərait yaratdı.
- Bildiyimizə görə aparıcılığa bir az gec gəlmisiniz...
- Bəli, televiziyaya gəlməzdən əvvəl rabitə sahəsində çalışırdım. Bu sahələr arasında hardasa bir yaxınlıq əlaqəsi var. Ancaq hər zaman ətrafımda olan insanlar aparıcılıq istedadıma bələd olublar.
- Sizcə, şou veriliş aparmaq üçün yaş həddi olmalıdırmı?
- Mən qadınlar adından deyə bilərəm ki, əgər gözəllik, intellektual səviyyə imkan verirsə, yaşın heç bir önəmi yoxdur.
- Sonda tamaşaçılarınıza sözünüz...
- Bilirəm ki, "Region TV"-ni Azərbaycanda və xaricdə yaşayan həmyerlilərimiz izləyir. Komanda olaraq onlar üçün çalışırıq. Sağ olsunlar, tamaşaçılar da bunu layiqincə dəyərləndirirlər. Və bizi izləməkdə olsunlar, çünki qarşıda hələ çox sürprizlərimiz var...
Milli.Az
























