Həmkarları Röyanın 3 günlük konserti haqda nə dedilər?
Müğənni Röya Ayxanın Heydər Əliyev adına Saraydakı 3 günlük konserti haqda çoxları danışdı. Bəyənənlər, bəyənməyənlər, Röya sevənlər, sevməyənlər və təbii ki, mətbuat... Amma konsertin sonuncu günü ölkənin əsas səhnəsindəki əsas ulduzu izləmək üçün tanınmış qonaqlar təşrif buyurmuşdular. Bəs görəsən, Röyanın 2014-cü illə bağlı verdiyi hesabat bu qonaqların yaddaşında necə qalıb? Milli.Az ailəm.az-a istinadən Röyanın konsertində qonaq qismində iştirak edən məşhurların fikirlərini təqdim edir.
Başlayaq professor və bəstəkar Siyavuş Kərimidən. Onu da qeyd edək ki, Röyanın bu konsertində musiqi tərtibatçısı elə Siyavuş müəllimin oğlu Emin Kərimi idi. O, 3 gün komandası ilə birgə Röyanı müşayiət edib. Siyavuş Kərimi bu məsələyə belə münasibət bildirib: "Axtarsan, hər şeydə tənqid taparsan. Amma hər şeyə pozitiv yanaşmaq lazımdır. Röya çox maraqlı tembrə malik ifaçıdır. Bu dəfə o tamamilə yeni tərzdə və üslubda idi. Professional baxımından burada böyük iş və elə o boyda da zəhmət var. Uğurlar və afərin, Röya!"
Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli: "Çox sevinirəm ki, bu cür konsert axırı Azərbaycanda da keçirildi və bunu məhz Röya etdi. Bu, bütün öncəki konsertlərdən fərqlənirdi. Məhz bu konsert bizi xarici ölkədə layiqincə təmsil edib, üzümüzü ağ edə bilər. Baxın, musiqilər arasında uçurum yox idi. Emin Kərimini biz çox yaxşı tanıyırıq. Mən bu gün çox fəxrlə deyirəm ki, Emin mənim tələbəm olub. İndi siz təsəvvür edin, məhz Röya ilə Emini bir anda səhnədə görəndə hansı təəssüratları keçirdim. Hər mahnıdan sonra gözlərim dolurdu. Birdə görürdüm ki, əllərim göydə qalıb. Əl çalmaq istəyirdim, amma fikirlərim qarışırdı. Baxırdım camaata və sevinirdim. Çox istəyirəm ki, bu şou-biznesdə olan adamlar Röyaya baxıb, nümunə götürsünlər. Özlərini, öz üslublarını tapsınlar. Röya heç nəyə fikir verməyək irəli gedir və işi ilə məşğuldur. Bu sənətdə iz qoymaq lazımdır. Lağlağı etmək yox. Röya özünü canlı ifada hər cür müşayiətdə göstərə bildi. Onda güclü səs var, səsin rəngi var, Röyada ALT qadın diapazonudur. Amma o, tək bununla kifayətlənmir. Röya bu səsə ürəyini də qoyur. Ona görə çox sevinirəm. Röya ilə fəxr edirəm".
Xalq artisti Zülfiyyə Xanbabayeva: "Röyanın bir çox konsertlərində olmuşam. Ancaq ən çox bunu bəyəndim. Ən sevdiyim konserti məhz bu oldu. Röya özü də vurğuladı ki, camaat deyir, gərək öz mahnılarını ifa edərdin. Amma mənə elə gəlir ki, professional müğənni bu cür mahnılarımızı da ifa etməlidir. Və hər müğənni bu addımı atmağı bacarmalıdır. Mən bu konsertdən həm zövq aldım, həm də dincəldim. Mənim "Darıxmışam" adlı mahnımı ifa edəndə isə mən lap kövrəldim. Röya məni ağlatdı. Çünki o qədər düzgün, o qədər dərin çatdırdı ki mahnını... Röya göz qabağında böyüyür. Hər kəs öz ürəyinin çörəyini yeyir. Röya da məhz o çörəyi yeyir. Onun ürəyi var! Halal olsun Röyaya. Bundan sonra da təəccübləndirməyi bacarsın. Röya çox zəhmətkeş və öz üzərində işləyən qızdır. Uğurlar ona".
Teleaparıcı Nərgiz Cəlilova: "Çox xoşuma gəldi. Çox gözəl konsert idi. Fərqli üslub, ansambl. Bu dəfə rəqqaslar yox idi. Ancaq Röya söhbətləri ilə hər an yerinə düşürdü. Hər mahnını ifa etmədən öncə onun bəstəkarını, tarixçəsini elə gözəl anladırdı ki. Biz onu elə belə görməyə alışmışıq. Röya o qədər səmimidir ki... Onun hər tamaşaçı, musiqiçi ilə söhbətləşməsi, davranışı, gözəl ünsiyyəti çox yaxşı idi. Konsert bir bütöv idi. Hər şey biri-birini tamamlayırdı. Hər şey yerində idi. Çox bəyəndim, çox sevindim və çox da sevirəm Röyanı".
Əməkdar artist Abbas Bağırov: "Röyanın tam fərqli və gözəl müşayiətlə ifasını dinlədim. Röyadan zövq aldım. O çox gözəl bir gün bağışladı".
Müğənni Zamiq Hüseynov: "Həyatımda ilk dəfə idi ki, hansısa konsertdə ağladım. Röya "Laçınım"ı ifa edəndə ona bir xanım yaxınlaşdı, Azərbaycan bayrağını verdi. Həmin an göz yaşlarımı saxlaya bilmədim. Ümumiyyətlə, akustika mənim ən sevdiyim üslubdur. Həm zövq aldım, həm də dincəldim. Röyanın həm bu üslubu, həm ifa tərzi, həm də davranışı çox yerində idi. Onun bu konserti cəsarətli və gözəl addım idi. Fikrimcə, bu, Röyanın ən uğurlu konserti idi. Həm də Röyanın repertuarına müraciət etdiyi adamların özləri üçün də bu maraqlı idi. Məsələn, xalq artisti Zülfiyyə Xanbabayeva Röyanın ifasında öz mahnısını eşidib ağladı. Röya həm də nümunə olmağı bacardı. Uğurlar ona, sükanı belə saxlasın".
Müğənni Xəyyam Nisanov: "Röyanı hər kəsdən çox mən tanıyıram. Biz bir böyümüşük. Uşaq vaxtı məktəbdə bir qaçanda heç kimin ağlına da gəlmirdi ki, nə vaxtsa böyüyüb, bu cür böyük səhnələrə çıxacağıq. Röya mənim içimdədir. O, çox əzizidir və dostumdur. Mən onun hər uğuruna sevinirəm. Konsert çox yaxşı idi. Çox bəyəndim. Sevinirəm ki, o, məhz bu, yəni akustik versiyaya müraciət etdi. Bu isə peşəkarlıqdan irəli gəlir. Bu addımı hər müğənni ata bilməz. Atsa belə, hər ifaçı bunu tamaşaçıya qəbul etdirməyi bacarmaz. Amma Röya o ifaçılardandır ki, bunun hər ikisini bacarır. Çətin işdən gözəl təəssüratlar qaldı. Röya bunu bacardı və mən buna sevinirəm. Uğurlar".
Bəstəkar-müğənni Murad Arif: "Konsert çox xoş təəssüratlar oyatdı. Hətta əvvəl iştirak etdiyim Röya konsertləri ilə müqayisədə "Sənə ehtiyacım var" sırf repertuar və ansambl anlamında həm məni, həm də ailə üzvlərimi daha çox qane etdi. Bu, zövqlü bir axşam idi. Röya bir daha sübut etdi ki, kütləvi, xalq sənətçisi olmaqla yanaşı, ən yüksək təbəqənin belə zövqünə xitab edə bilir. Bu işdə, sözsüz ki, Emin Kəriminin də rolu böyükdür. Yazdığım "Ona nə var ki", "Sənə ehtiyacım var" mahnılarına tamaşaçıların münasibəti və alqışları bir daha sübut etdi ki, ilin əsas mahnılarını yenə də Röya oxuyub. Özəlliklə bəyəndiyim hissəni də demək istəyirəm. Biri "Laçınım" mahnısının yeni tərzdə səslənməsidir. Digəri isə Röyanın qardaşı İsmayılın ifası. Məncə, İsmayılın timsalında səhnəyə güclü bir rəqib gəlir. Röyanın həmkarlarına isə məsləhətim budur ki, konsert verərkən səhnədə söhbətləri ilə də maraqlı olmağı öyrənsinlər. Təəssüf ki, Röya kimi, eyni anda həm ifa edən, həm də yaxşı yumor hissi il tamaşaçıları həyəcanlandıran çox az ifaçımız var".
Milli.Az