Dilənçilərə şəhərin hər yerində - metroda, yeraltı keçidlərdə, parkda rast gəlmək olur. Hara gedirsən get, onlarla mütləq qarşılaşacaqsan. Birinin yalvarışıları mərhəmətimizdən "bəhrələnər", digərinin sözləri əsəblərimizə toxunar. Bəs bizim məşhurlar necə, görəsən, qarşılarına dilənçi çıxanda nə edirlər? Axşam.az tanınmışlar arasında sorğu apararaq, onların dilənçiyə nə qədər pul verdiklərini öyrənib:Müğənnilər dilənçilərə nə qədər pul verir?
Xalq artisti Aygün Kazımova: Demək olar ki, dilənçilərə heç vaxt pul vermirəm. Çünki bilirəm ki, dilənçiyə pul verəndə savab qazanmırsan, bu yanlışdı. Amma kömək istəyənə yardım əli uzadıram. Elə bu yaxınlarda... Bir qadın yaxınlaşıb, yolpulu istədi, mən də çıxarıb 100 dollar verdim.
Meyxanaçı Namiq Qaraçuxurlu: Sizə bir fakt deyim: mən "mercedes"li dilənçi də görmüşəm. Bir dəfə yolun kənarında bir maşın dayanmışdı. Məni saxlatdırıb, benzin pulu istədi. Çıxarıb 10 manat verdim. Həmin yerdən qayıdanda gördüm ki, oğlan başqa adamlardan da benzin almaq adıyla pul yığır. Bildim ki, bu, sadəcə, soyğunçuluqdur. Maşının nömrəsidə 606 idi.
Müğənni Röya: O qədər pul vermişəm ki dilənçilərə. Hətta kömək istəyənə də yardım edirəm. Bir dəfə yaşlı bir qadın yaxınlaşıb dedi ki, uşağım xəstədi, əməliyyatı üçün 100 mindən çox pul lazımdır, mənə kömək et. O qədər pula gücüm çatmadığından, sadəcə, əməliyyatqabağı müalicələrin bütün xərcini öz üzərimə götürdüm. 6 ay həmin qadının uşağı üçün pul verdim. Sonra qadın hər gün məndən pul istəməyə başladı. Daha onun tələbini ödəmək iqtidarında olmadığımdan etiraz edəndə... O, mənə elə qarğışlar etdi ki...
Müğənni Nadir Qafarzadə: Qazancımın hamısı elə dilənçilərə qismət olur. Qarşıma çıxıb, pul istəyən dilənçini heç vaxt əliboş qaytarmıram. Ha özümə söz verirəm ki, bir də dilənçiyə pul verməyəcəm, amma ürəyimlə bacarmıram. Özü də onu deyim ki, dilənçilərə pul vermək mənə düşmür. Nə vaxt dilənçiyə pul versəm, ziyana düşürəm. Bəzən də elə olur ki, zəng edib köməklik istəyirlər. Əvvəllər inanırdım, hətta bir neçə dəfə müəyyən miqdar verdiklərim də olub. Sonradan görmüşəm ki, onlar, sadəcə, fırıldaqçılardır. Özümün o qədər xəstə, köməyə ehtiyacı olan qohumlarım var ki, onlara yardım edirəm.
Müğənni Xatirə İslam: Dilənçilərə o qədər pul xərcləyirəm ki... Gün ərzində dilənçilərə 10 manatdan da çox pulum çıxır. Hətta elə olub ki dilənçiyə 20 manat da vermişəm. Hərdən xırdam olmur, yaxınlaşanda pul verə bilmirəm, arxamca deyinirlər. Hətta bir dəfə qurban kəsib, qarşıma çıxan dilənçilərə payladım.
Milli.Az