Şou-biznes

Azərbaycanlı məşhurlardan ekstrasensə inanan varmı? - SORĞU

2 İyun 2014 11:35
2 Şərh     Baxış: 1 854
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Mirvari Qəhrəmanlı: "Bakıda Şahbazov soyadlı biri var idi..."; Təranə Səmədova: "Mən də vaxtilə falçı yanına getmişəm"
Günel Mövlud: "Ekstrasensləri ciddiyə alan adamlar axmaqlardır".

Əksər şou əhlinin və digər tanınmış şəxslərin müraciət etdiyi ekstrasenslər müştərilərinin qazandıqları uğurlarda yardımçı olduqlarını iddia edirlər. Maraqlıdır, ölkəmizdə tanınmış simalardan kimlər ekstrasenslərə müraciət ediblər?

Suallarımızı cavablandıran yazar-publisist Günel Mövlud heç vaxt ekstrasensə müraciət etmədiyini dedi. Ekstrasensə inanaraq onların yanına gedən bütün insanları da axmaq hesab etdiyini deyən yazar, vaxtilə bu cür adamları fikirlərindən döndərməyə çalışdığını da söylədi: "Mənim də rəfiqələrim arasından ekstrasens yanına gedən olub. Həmişə çalışmışam, onları bundan çəkindirim.

Bacardıqca lağa qoymuşam, gözdən salmağa çalışmışam ki, onların yanına getməsinlər. Kəndimizdən də bir ekstrasens çıxmışdı. Çox məşhur idi. Qısa vaxtda bərk varlanmışdı. O qədər harınlamışdı ki, artıq ən iri çaplı məmurların falına baxırdı. Axırda bir adamı icra hakimi təyin edəcəyinə söz vermişdi. Buna görə də o adamdan külli miqdarda pul almışdı. Bu üzə çıxanda isə onu tutub basdılar içəri, 15 ilə yaxın da iş verdilər".

"Bəzi hallarda onların dedikləri proqnozlar düz çıxır. Bu barədə nə düşünürsünüz" sualına G.Mövlud belə cavab verdi: "Mən ekstrasensə getmədiyim üçün dediklərinin də düz çıxdığını görməmişəm. Təsadüfən nəsə düz deyə bilər. Bu da siyasi proqnozlar kimi bir şeydir. Amma yenə deyirəm, ekstrasensləri ciddiyə alan adamlar birmənalı şəkildə axmaqlardır".

Tanınmış prodüser Təranə Səmədova da mövzuya dair fikirlərini bildirərək, şou-biznesdə olan insanların, demək olar ki, hamısının ekstrasens falçı və falçı yanına getdiyini dedi: "Necə deyərlər, fala inanma, faldan da qalma. Mən də vaxtilə falçı yanına getmişəm. Amma işimi onların sözlərinə görə qurmamışam. Heç onların sözləri yadımda da qalmayıb. Amma necə deyərlər, insanın həyatında çətin bir şey olanda, ağır vəziyyət yaşananda ümid üçün gedirsən".

Bu günədək çalışdığı müğənnilərin çoxunun ekstrasens yanına getdiyini deyən prodüser onlardan ikisinin bu işə aludəçi olduğunu söylədi: "Həmin insanların adını çəkmək istəmirəm, amma onlar, demək olar, günaşırı falçı yanında olurlar".

"Mən falçılara inanmıram" deyən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı insanların bu addımlarını xoşlamadığını bildirdi. Bu addımı dinə zidd hesab edən M.Qəhrəmanlı ekstrasensləri də xoşlamadığını dedi:

"Amma əllərində güclü biotok olan insanlara inanıram. Bu haqda çox oxumuşam. Bunun müalicəsindən istifadə etmişəm. 90-cı illərdə Bakıda Şahbazov soyadlı biri var idi. Onun möcüzəsini görmüşəm. Yəni nəbz vasitəsilə o, diaqnoz qoyurdu. Rəhmətlik yoldaşımın böyrəyindəki daşın ölçüsünədək dedi. Hər ikimizi o müalicə edib. Sonra hara yox oldu, bilmədim. Çox güclü biliyə malik idi. Çində təcrübə keçmişdi".

"Heç ekstrasens yanına getmisizmi" sualına müsahibimiz ironik cavab verdi: "Onu nazirlərdən, pullulardan soruşmaq lazımdır. Kimə baxdırım? Ərimə? Yoxdur. Puluma? Yoxdur. Vəzifəmə? O da  mənlik deyil. (gülür.). İşimiz-gücümüz hesabat yazmaq, müxtəlif qurumlarla dalaşmaqdır. Vaxt var ki? Onu da deyim ki, falçıya, ekstrasensə varlı, vəzifəlilər qaçır. Özü də ən çox kişilər. Qadınların adı bədnamdır".

Həm xaricdə, həm də ölkəmizdə fəaliyyət göstərən prodüser Sultan Mustafayev isə vaxtilə ekstrasens yanına getdiyini bildirdi. Onun sözlərinə görə, bunlardan bir qismi düz proqnoz versə də bəziləri onu aldadıb. "Lakin bir qadın vardı, onun mənə xeyri dəymişdi" deyən prodüserdən məsələnin nə ilə bağlı olmasını soruşduq.

Vaxtilə bir qız sevdiyini deyən S.Mustafayev həmin qıza əməl elətdirdiyini söylədi: "Bir qız sevirdim, amma o mənə yox deyirdi. Mən də ekstrasens xanımın yanına getdim. Ekstrasens xanımın köməyi ilə o qız məni qəbul elədi. Çox varlı adamın qızı idi. Amma indi o, ərdədir. Mən öz sevgimi ona qurban verdim".

Yeni Müsavat
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.