Şou-biznes

Aybəniz Haşımova: "Qızımın toyunda..." - FOTOSESSİYA

22 Avqust 2013 01:00
5 Şərh     Baxış: 16 586
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Diqqət göstərən hər bir insana öz təşəkkürümü bildirirəm"

Milli.Az xəbər verir ki, Azərbaycanın əməkdar artisti, "Bülbüllər" qrupunun rəhbəri Aybəniz Haşımova avqustun 22-də 45 yaşını qeyd edir.

Səhnəyə bağlı olan sənətkarın keçdiyi maraqlı həyat yolu ilə oxucularımızı tanış etmək istəyirik.


O, Gəncə şəhərində doğulub. 1977-cu ildə Gəncədəki Mir-Cəlal Paşayev adına 39 saylı orta məktəbə daxil olub.

İlk musiqi təhsilini şəhərin İnşaatçılar Sarayındakı fortepiano sinfində alıb. Həmin illərdə Moskvada ittifaq səviyyəli "Ostankino" televiziyasının təşkil etdiyi "Şən notlar" festivalının qalibi olub.
 

Gəncədə qısa zamanda şöhrətə yiyələnən Aybəniz Bakıya dəvət olunur və mərhum sənətkarlarımız Şövkət Ələkbərova və İslam Rzayevin tələbəsinə çevrilir.

Onun uğurları günü-gündən artırdı. 1985-ci ildə Moskvada keçirilən tələbə və gənclərin beynəxalq festivalındakı çıxışı ona birincilik qazandırır.

Çox keçmir ki, Haşımova Azərbaycan Dövlət Televiziyasının "Dan ulduzu" ansamblına böyük pianoçu Gülarə xanım Əliyevanın dəvəti ilə solist olaraq işə qəbul olunur.

"Lenin komsomol" mükafatına layiq görülməsi və taciklərin "Şirəli və Aybarçin" filmində "Azərbaycan şahzadəsi" rolunu ifa etməsi onun nailiyyətləri sırasındadır.


Aybəniz Haşımova vətənpərvərliyi ilə də bir çox həmkarlarından seçilir. Sənətkar cəbhə bölgələrində təşkil olunan konsertlərdə çıxış etməklə əsgərlərimizə mənəvi dəstəyini bugün də əsirgəmir.

Qeyd edək ki, onun həyat yoldaşı Xalid Quliyev Qarabağ müharibəsi zamanı gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
 

Sənətə gəldiyi gündən bacısı, xalq artisti Şahnaz Haşımovadan dəstək görən Aybəniz xanım uzun illərdir "Bülbüllər" qrupuna rəhbərlik edir.

Onun qızı Aynişan Quliyeva da peşəkar səhnədə kifayət qədər uğur qazanaraq, ana və xalasının yolunu layiqincə davam etdirir.


Şəxsi bayramında əməkdaşımızın təbrik zəngini qəbul edən Aybəniz xanım doğum gününü təmtəraqdan uzaq qeyd edəcəyini dilə gətirdi: "İnanın, başda bacım Şahnaz xanım olmaqla bütün əzizlərim məni məcbur edirlər ki, 45 yaşımı təntənəli olaraq qeyd edim.

Hamının xoş günündə birinci iştirak etsəm də, nədənsə özümlə bağlı təmtəraq düzənləməyi sevmirəm. Hamıya söz verirəm ki, inşallah, Aynişanımın toyunda onları bir araya cəm edəcəyəm.

Saya-hesaba gəlməyəcək qədər təbriklər qəbul edirəm. Diqqət göstərən hər bir insana öz təşəkkürümü bildirirəm".


Sənətkar zarafatla onu da vurğuladı ki, təntənəli ad günü məclisini 80 illik yubileyi zamanı edəcək.

Şahin Cavadsoy

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.