"Yeşilçam"ın ulduzu Sezer Güvenirgil sağlamlıq problemləri ilə üzləşib.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, "Yeşilçam"ın qızıl dövrünə damğa vuran və 90-cı illərin məşhur serialı "Bücür Cadı" ilə "Şehriyə Teyze" kimi tanınan aktrisa Sezer Güvenirgildən üzücü xəbər gəlib. Belə ki, uzun müddət ictimaiyyətin diqqətindən kənarda olan aktrisa hazırda xəstəxanada müalicə alır.
1960-70-ci illərdə Türkiyə kino sənətində önəmli yer tutan Sezer Güvenirgil 1966-cı ildə Türkiyə Gözəllik Yarışmasında üçüncü, eləcə də həmin il "Səs" jurnalının Kino Sənətçisi Yarışmasında birinci seçilib. 1963-cü ildə başlayan aktrisalıq karyerası ərzində çoxsaylı filmlərdə rol alan sənətçi 1999-cu ildə "Bücür Cadı" serialı ilə televiziya dünyasına keçərək yeni nəsil izləyicilərin sevgisini qazanıb.
Bir müddətdir heç bir layihədə iştirak etməyən Güvenirgilin xəstəxanada müalicəsi ilə bağlı rəsmi açıqlama verilməsə də, onun sosial media hesabından paylaşdığı şəkil sənətçinin sağlamlıq problemləri yaşadığını göstərib.
Fidan
Milli.Az