Şou-biznes

Çimnaz Sultanovanın qonşusu danışdı: "Tək yaşayırdı, bir dəfə səsini eşitdim..." - FOTO

15 Yanvar 2025 23:40
Baxış: 1 300
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çimnazla biz qonşu idik. Azadlıq metrosunun yaxınlığında, İbrahimpaşa Dadaşov 71 ünvanında yaşayırdı. Biz tez-tez liftdə qarşılaşırdıq. Çox mehriban, mülayim, problemsiz qadın idi. Hər dəfə böyük sevgi və mehribanlıqla salamlaşırdı. O, 14, biz isə 16-cı mərtəbədə qalırdıq. Dəfələrlə məni evinə də dəvət etmişdi. Sadəcə olaraq vaxt edib getməmişdim. Amma qızıma deyirdim ki, gərək bir dəfə gedək. Heç kimlə problemi yox idi, hamıyla dostcasına salamlaşırdı".

Bunu Medianews.az-a açıqlamasında bu gün vəfat edən aktrisa Çimnaz Sultanovanın qonşusu Sevinc Axundova deyib.

O daha sonra əlavə edib:

"Bilirsiniz ki, mən "Ögey ana" filmində Cəmilə roluna çəkilmişəm. Bilirdi, tanıyırdı. Hətta bir dəfə ikimiz də birlikdə evdən çıxdıq. Hər ikimiz televiziyaya dəvət almışdıq. Elə bildi ki, eyni televiziyada olacağıq, sevinmişdi ki, birlikdə gedək. Tək yaşayırdı. Hətta bir dəfə səsini eşitdim. Sən demə maşını saxlayıb ki, marketə gedib çörək alsın, maşınını evakuator aparmışdı. Gördüm ki, əsəbləşib. 7-8 il qonşu olmuşuq. Sonra eşitdik ki, yarım il olar ki, bağa köçüb. Bir dəfə də plastik əməliyyatdan gəlirdi. Gözünə, üzünə əl gəzdirmişdi. Sifəti şiş idi. Səhhətini soruşdum, dedi ki, yaxşı olacaq, müvəqqəti belədir. "Vicdan haqqı" serialında Larisa obrazını o qədər inandırıcı oynamışdı ki, ona Çimnaz yox, Larisa deyirdim. Hətta deyirdi ki, elə qısaca Lara de. Xəstəliyinə inanmaq olmur. Çox güclü, dözümlü xanım idi. Onu həmişə sağlam bilirdim. İnsanlar sosial şəbəkədə tənqid yazırlar. Bəziləri sevinir. Bir insanın ölümünə necə sevinmək olar? Günahdır. Yazıqdır. Allah rəhmət etsin. Bu gün də 43 yaşı tamam olurdu. Özünəməxsus rolların ifaçısı idi. Şou proqramlarda iştirak edirdi. Səhər gedib, axşam gəlirdi. Heç kimdə işi yox idi" deyə Sevinc Axundova deyib.

Aktrisa Sonaxanım Əliyeva Medianews.az-a açıqlamasında bildirib ki, Çimnaz Sultanovanın xəstəliyindən xəbərsiz olub:

"Bir neçə ay bundan əvvəl danışmışdıq. Başımız işlərimizə qarışmışdı. Hamımızın qayğıları var idi. Novxanıda özünə yeni bağ tikdirmişdi. Sevinirdim ki, hər şey yaxşıdır. Xəstəliyini bizdən gizlədib. Heç bir dəfə də olsun deməyib ki, filan yerim ağrıyır. Ata-anası, bacısı, bacısı uşaqları var idi. Öz oğlu xaricdə təhsil alırdı, orada yaşayırdı. Yoldaşının yanına göndərmişdi oğlunu. Heç bilmirəm oğlu gəlib burdadır yoxsa yox? Hələ də şokdayam, Çimnazın ölümünə inanmıram" deyə aktrisa bildirib.

Mərhum aktrisanın sənət dostu, rejissor Nail Naiboğlu saytımıza açıqlamasında bildirib ki, Çimnaz Sultanova sabah Əmircan kəndindəki evindən götürüləcək:

"Bu gün rəhmətə gedib, sabah da dəfndir. Əmircan kəndində dəfn olunacaq" deyə o bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.