Milli.Az bildirir ki, mərhum və sevilən müğənni Rəhim Rəhimlinin anım günüdür. Sənətçinin anası Firəngiz Rəhimova Moderator.az-ın suallarını cavablandırıb.
-Firəngiz xanım, bu gün artıq ikinci ildönümüdür ki, Rəhim Rəhimli həyatda yoxdur. Bir ana üçün bundan ağır, dözülməz dərd ola bilməz.. Necə toparlanırsınız?
-Rəhimin anım günlərini də, doğum günlərini də qeyd edirəm. Ondan danışanda hər zaman həyəcanlanıram. Rəhimin fanatları var. Hər dəfə gəlib onlar məni yoxlayırlar. Hər ayda bir-iki dəfə onun məzarı üstünə gedirlər, gül qoyurlar, məzarı yuyub təmizləyirlər. Rəhim Rəhimli hər şeyini sənətə qurban verdi. Cavanlığını da, şəxsi həyatını da, sağlamlığını da.. Rəhim haqda mən nə deyə bilərəm? Əlbəttə ki, deyə bilərəm ki, mənim oğlumdan yoxdur. Ancaq bunu xalq, tamaşaçı deməlidir. Deyir də.. Rəhimin yoxluğu həyatımda dərin iz buraxıb. Oğlum yoxdur deyə bütün günüm ağlamaqla keçir (ağlayır). Bu iki il ərzində yuxuma da az gəlib. Gözüm üçün əməliyyata gedirdim. Çox narahat idim ki, görəsən necə olacaq? Rəhim yuxuma girdi və gördüm ki, məni qucaqlayıb ağlayır. Mən də ağlayıram. Heç əməliyyatım uğurlu da olmadı. O elə bil hiss edirdi ki, mən əməliyyata gedəcəm. Gözüm əzəldən zəif idi, bir az da Rəhimin yoxluğuna ağladığım üçün daha da zəiflədi.
-Səhv etmirəmsə sizin Rəhimdən başqa bir övladınız da var. Əlbəttə ki, ana üçün bütün övladları əzizdir. Amma Rəhim sizin üçün təkcə övlad olmayıb... Həm də..
-O mənim həm övladım, həm dostum, həm də sirdaşım idi. Rəhim sənətə 11 yaşından başlayıb. Mən onu 1-ci sinifdən pianoya qoymaq istəyirdim, getmirdi. Nəhayət ki, 3-cü sinifdən getdi. Musiqiyə olan sevgisinə mən təkan vermişəm.
Musiqi məktəbində oxuyurdu, hər il yeni il şənliklərinə onu aparırdılar. O vaxt uşaqlar üçün bayramlar təşkil olunurdu. 13 yaşı var idi, radioda "Göy qurşağı" verilişini aparırdı. Axşam saat 9-da "Gecəniz xeyrə qalsın" uşaq verilişində Oqtay Rəcəbovun "Pəncərəmə ay qonub" mahnısını ifa etmişdi. AZTV-də "Qızıl fond"-da bu mahnı qorunub saxlanılır. Valideyn var ki, övladının bu sənətə gəlməyini istəmir. Amma mən də, atası da ona çox dəstək olduq. İllər sonra onu səhnədə görüb uğurlarına sevinirdim. Ancaq mən bilmirdim ki, oğlumun ömrü tez bitər. Onun sənətə gəlməyi üçün çox əziyyət çəkmişəm.
-Son illər sanki efirlərdən uzaq gəzirdi. Bu nə ilə əlaqədar idi?
-Vallah nə deyim də... Bunun səbəbini yəqin ki, özünüz də bilirsiniz. O çox savadlı musiqiçi idi və keyfiyyətli musiqiləri sevirdi. İstəyirdi ki, yeniliklər etsin. Bu verilişə başqa geyimlə, mahnı ilə çıxırdı, istəmirdi ki, digər verilişdə onları yenidən etsin. Təkrarçılığı sevmirdi. Yenilik tərəfdarı idi.
-Sənət yoldaşlarından kimlər bu gün sizi axtarır?
-Niyam Salami, Könül Nazimqızı, rəqqasəsi Zara zəng edib halımı soruşur. Mən heç kimdən heç nə ummuram və gözləmirəm də. Mənə oğlum lazımdır.
-Şəxsi əşyalarını, geyimlərini, aksesuarlarını saxlamısız?
-Rəhim dünyasını dəyişəndən sonra sənət dostu Nadir Nəğdpul onun geyimlərini evimizə gətirdi. Demək olar ki, səhnə geyimlərini paylamışam. Ən yaxın dostu idi deyə geyimlərindən ikisini Niyama verdim. Çox sevindi, qəbul etdi. Onun rəqqaslarının geyimlərini də payladım. Neynirəm o geyimlərini? Mənə oğlum lazımdır, geyimləri yox. Çox az sayda özümdə saxlamışam.
-Firəngiz xanım, Rəhim dünyasını dəyişəndən sonra bir xanım onun məzarı üstünə gedib, sevgilisi olduğunu dedi. Bu xanım kim idi?
-Ümumiyyətlə Rəhimin sağlığında da həmişə onun haqda şayiələr yayılıb. Rəhim ilk dəfə professional səhnəyə çıxanda mənə dedi ki, mənim haqqımda çox şayiələr yayılacaq, heç birinə fikir vermə. O bilirdi ki, mən ürəyimə salıram, fikir edirəm. Bütün müğənnilər haqqında haqsız sözlər deyiblər. O ki, qaldı bu xanıma.. Heç bilmədik o kim idi, hardan gəlmişdi? Fikir də vermədik. Yalan xatirinə, reklam xatirinə çıxmışdı. Özü bilsin, Allahı bilsin. İnsanın ölümündən reklam qazanmazlar. Bir də saytlarda yazırlar ki, Rəhim Ağdamda doğulub. Xeyr, Rəhimin atası Çəmbərəkənddən, anası isə Bülbülə kəndindəndir. Rəhimin nənəsi Ağdamlıdır.
-Rəhimin sevdiyi xanım var idi?
-Əlbəttə ki, vaxtilə sevdiyi qız da olub. Amma Rəhim anadangəlmə sənət üçün doğulmuşdu. Onun sevgilisi də, sevdiyi də sənət idi. Bir dəfə "Ay Zaur" verilişində Zaur ondan müsahibə götürdü. Çox danışdı, çox söhbət etdilər. Zaur ona dedi ki, Rəhim görürəm ki, sən elə səhnə, sənət üçün yaranmısan. Səhnə və ana sevgisi onun üçün bir başqa idi. Deyirdi ki, ana, təsəvvür etmək istəmirəm ki, sən nə vaxtsa olmayacaqsan (ağlayır). Mən bu dərdə dözürəm, yaşayıram. Amma elə bilirdim ki, dözmərəm. Sadəcə yaşayıram, ruhum ölüb. Heç nəyə sevinmirəm.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun