Şou-biznes

Xalq artisti: “Qonorarımı açıqlasam, deyərlər ki, Səidə necə ucuz aktrisadır” - FOTOlar

16 Noyabr 2023 18:09
Baxış: 1 352
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bulaq" verilişindən də az gəlir əldə edirəm. Nə qədər qonorar aldığımı açıqlasam, haqqımda deyərlər ki, "Səidə necə ucuz aktrisadır". Verilişə olan sevgim orada fəaliyyət göstərməyimə sövq edir".

Milli.Az bildirir ki, bu sözləri oxu.az-a müsahibəsində Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Səidə Quliyeva deyib. Aktrisa ilə milli teatrımızın və kinomuzun bu gününü və sabahını müzakirə etdik

Həmin müsahibəni təqdim edirik:

- Səidə xanım, necəsiniz? İşləriniz qaydasındadırmı?

- Yaxşıyam. Şükürlər olsun ki, hər şey qaydasındadır.

- "Azdrama"da fəaliyyətiniz nə yerdədir? Yeni tamaşalarınız varmı?

- Yeni tamaşalarda hazırda yoxam. Yeni mövsümdə rəhmətlik Ramiz Novruzla üç tamaşamız var idi. Lakin qismət olmadı. Onu itirdik. Rolları da kiməsə verilmədi. Çünki onu əvəz edə biləcək şəxs yoxdur. Bununla yanaşı, yeni mövsümdə teatrda Çingiz Aytmatovun "Əsrə bərabər gün" əsəri səhnələşdirilib. O tamaşada qadın rolu azdır. Ancaq köhnə tamaşalarda oynayıram.

Çox vaxt teatrda gənclərin oynadığı rollara tamaşa edirəm. Ötən gün "Sənsiz" tamaşasını yeni nəfəsdə tamaşaçılara təqdim etdilər. O, vaxtı ilə mənə uğur gətirmişdi. Ümid edirəm, gənclər üçün də uğurlu olar. Gənc aktyor və aktrisalar yeni rəng qatdılar. Bu, teatrımızın uğurudur.

- Sizin "Azdrama"dan işdən çıxarıldığınızla bağlı məlumatlar dolaşırdı.

- Mən qırx beş ildir ki, Akademik Milli Dram teatrında fəaliyyət göstərirəm. Düzdür, arada söhbət gəzdi ki, guya məni işdən çıxarıblar. Heç kim bizi orada işdən çıxarmır. Hətta "qovublar" sözünü də demişdilər. Cavab verməyi özümə yaraşdırmadım. Mən heç vaxt sənətimə xəyanət etməmişəm. Məndən yaşlılar da var. Heç onları belə, işdən çıxarmırlar. Sənətimi çox sevirəm. Bu günə qədər oynamadığım rol yoxdur.

Bir dəfə verilişlərin birində elə tamaşamdan parçalar verdilər ki, öz xatirimdən çıxmışdı. O qədər sevindim ki... Öz təşəkkürümü bildirdim. Bəzən zəng edənlər məni "Bala - başa bəla"dan tanıdıqlarını deyirlər. Onunla tanınmağım mənə acıq gəlir. Kimsə şəxsiyyətimi tanımaya bilər. Amma rollarımı bilməlidir.

- "Bulaq" verilişində fəaliyyətinizi hələ də davam etdirirsiniz.

- O, Azərbaycanın etiketidir. Dünya azərbaycanlıları məni dinləyirlər. Bunu bilirəm. Hər verilişdə ürəyimi qoyuram. Əlli dörd 54 ildir ki, "Bulaq" fəaliyyət göstərir. Bunun iyirmi bir ili mənə məxsusdur.

- Azərpaşa Nemətovun vəfatından sonra teatrda vəziyyət nə yerdədir? Yeni rəhbər sizi qane edirmi?

- Təbii haldır. Allah rəhmət etsin! Müqayisə etmək istəmirəm, düzgün olmaz. Kim gəlib teatra xidmət edirsə, yaxşı olmalıdır. Yaxşı tamaşalar olmalıdır. Hərənin öz yeri, öz cığırı var. Heç kəs müqayisə olunmur.

- Ümumiyyətlə, teatrımızın indiki səviyyəsi sizi qane edirmi? Nə kimi çatışmazlıqları var?

- Çatışmazlıq həmişə olur. Ailədə belə, bəzən nə isə çatır və ya çatmır. Bu, çox düzgün deyilmiş kəlamdır. Aydın məsələdir ki, iş prosesində hər kəs inkişaf etmək istəyir. O xırda məsələləri öz aramızda həll edirik. Qlobal məsələləri biz həll edə bilmərik. Heç teatrın da işi deyil.

- Səidə xanım, Azərbaycanda film sektorunun iflic vəziyyətdə olduğu bildirilir. Siz də müsahibələrinizin birində kinomuzun səviyyəsinin aşağı düşdüyünü vurğulamısınız, həqiqətən, elədirmi?

- Razıyam bu fikirlə. Film sahəsi iflic olub. Sağaltmaq lazımdır. Aktyorların olmadığını deyirlər. Belə deyil. Əsasən, maliyyə çatışmazlığı var. Kinostudiya ağrılı yerimizdir. Azərbaycan kinosunun yüksəliş dövrü də olub. Gənclərin içində yetişən olacaq. Amma maliyyə lazımdır.

Gənc rejissorlar Azərbaycan teatrında işləyən aktyorları tanımırlar. Çox təəssüf edirəm ki, bu, həqiqətdir. Gərək teatra gəlib, baxsınlar. Aktyor rolu ilə tanınmasa, kinoya dəvət etməzlər. Bütün tamaşalara baxılmalıdır ki, aktyorları tanısınlar. Üstəlik, film çəkəndə aktyoru kinosınaqdan keçirməlidirlər. Bizi o sınaqlardan keçirib, kinoya dəvət ediblər. Bu gün rejissorlar kinoya tanıdıqlarını çəkirlər. Nəticə də sabun köpüyü olur.

- Siz də vurğuladınız ki, Azərbaycanda kifayət qədər gənc, bacarıqlı, peşəkar aktyor və aktrisalar var. Bəs indiki kinomuzda keyfiyyət niyə aşağıdır?

- Kino çəkilmir. Çəkilənlərə kino kimi baxmıram. Dünya standartlarına uyğun gələn yalnız Vaqif Mustafayevin filmləridir.

- Bəlkə, problem rejissorlardadır?

- Təkcə rejissorlarda deyil. Müvafiq qurum olmalıdır ki, dağılmışları bir yerə toplaya bilsin. Nəticə əldə etmək lazımdır. Kinoya külli miqdarda maliyyə ayrılmalıdır. İstedadın üstünə ssenari və maliyyə gəlməlidir.

- Hansısa serialı izləyirsinizmi?

- Son vaxtlar "Xəzər" televiziyasında yayımlanan "Xəyanət" serialını izləyirəm. Rejissoru Ramildir. Çox istedadlıdır. Türkiyədə təhsil alıb. Rüfət Şahbazov və Rövşən İsax da çox istedadlı rejissorlardır. Vaxtı ilə "Ata ocağını" da izləmişəm. Artıq bitib. "Yuxu kimi"ni də bəyənirəm.

- Filmlərə dəvət alırsınızmı?

- Dəvətlər hələ də var. Lakin özüm istəmirəm. Çünki filmi çəkən rejissoru mən tanımalıyam. Tanımadığımla işləyə bilmərəm. Sabah mən damla-damla yığdığım hörməti heçə endirmək istəmirəm. Maliyyə də aşağı səviyyədə verilir.

-  Maliyyə demişkən, teatr aktyorları da maaşdan şikayətlənirlər.

- Ümumiyyətlə, bu sənət meydana gələndən maaşlarımız aşağı olub. Artım çox cüzi olur. Mən ən yüksək maaş alan aktrisayam. Teatrda maaşlar artsaydı, daha yaxşı olardı. Serial çəkilişləri də azalıb. Dublyaj yoxdur. Aktyorun qazancı yoxdur. "Bulaq" verilişindən də az gəlir əldə edirəm. Nə qədər qonorar aldığımı desəm, haqqımda deyərlər ki, "Səidə necə ucuz aktrisadır". Məni orada işləməyə həmin verilişə olan sevgim sövq edir. Bu mənim üçün önəmlidir. Bununla da qarın doymur. Məncə, seçilən aktyor və aktrisaların gəliri çox olmalıdır.

- Siz pedaqoji fəaliyyət də göstərirdiniz. Lakin sonradan uzaqlaşdınız.

- Mən çoxdan pedaqoji fəaliyyəti sonlandırmışam. 1994-2003-cü illərə qədər pedaqoji fəaliyyət göstərdim. Sonra övladım oldu. Başım qarışdı ona. Dərs demədim. Mən həyatımı ailəmə sərf etdim. Düzgün də etdim.

Gözəl tələbələr yetişdirmişəm. İstedadlı uşaqlardır. Fəxrimdir. Gənc qızlara deyirdim ki, "yaxşı qismət olsa, ailə həyatı qurun". Çünki bəzən aktrisaları qəbul etmirlər. Şükür ki, məndə belə olmadı.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.