Şou-biznes

“Rəmiş anamın bibisi nəvəsidir” - Xalq artistinin oğlu - FOTO

12 May 2022 18:00
0 Şərh     Baxış: 1 176

Milli.Az xəbər verir ki, xalq artisti Sara Qədimovanın oğlu Vaqif Əlioğlu ilk dəfə olaraq məhz moderator.az-a müsahibə verib.
 

- Vaqif müəllim, sözün düzü sizin Sara xanımın oğlu olduğunuzu biləndə çox təəccübləndim. Bu sizin mətbuata verdiyiniz ilk müsahibədir. İndiyə qədər niyə üzə çıxmamışdınız?
 
- Bəli, mən Sara xanımın kiçik oğluyam. Doğru qeyd etdiniz, heç vaxt mətbuata müsahibə verməmişəm, bu mənim ilk müsahibəmdir. Anam haqqında adətən hər zaman qardaşım Akif İslamzadə danışıb, mənə ehtiyac qalmayıb. Çünki o özü də bu sahədədir, nəyi necə danışmağı o daha yaxşı bilir. Həm də axı o məndən yaşca böyükdür.
 
- Bəs siz hansı sahədəsiniz?
 
- Mən ticarət sahəsindəyəm, heç vaxt musiqiyə həvəsim olmayıb. Anam da məni heç nəyə məcbur etməyib.
 
- Bu gün Sara xanımın dünyasını dəyişdiyi gündür. Onu ailədə necə anırsınız?
 
- Hamı kimi hər doğum və anım günündə onun məzarını ziyarət edirik, ruhuna dualar oxuyub, məzarı üstünə güllər düzürük. O hər zaman bizim qəlbimizdədir. Yadımdadır, bizim doğum günlərimiz evdə keçirdi. Musiqiçilər, xanəndələr evə yığışardı, oxuyub-oynayardılar. Qonaqpərvər insan idi. Gözəl əl qabiliyyəti var idi. Bakı yeməkləri, düşbərə, qutab hazırlayardı. Elə düşbərə bükərdi ki, bir qaşıqa 15 dənəsi yerləşirdi. Həm də qurman idi. 
 
- Sara xanım sizin üçün anadan savayı həm də kim idi?
 
- İlk növbədə o bizim anamız idi, ailənin də böyüyü idi. Bizə hər zaman nəsihətlər verirdi, deyirdi ki, filan şeyi belə etməyin, olmaz.
 
- Hansı ifası sizin üçün bir başqadır?
 
- Sözün düzünü desəm, mənim musiqi, incəsənətlə yaxın əlaqəm yoxdur. Ona görə də sənət nöqteyi nəzərindən hansı ifası daha yaxşıdır, bunu deyə bilmərəm. Bütün bunların hamısını Akif daha yaxşı bilir. O ki, qaldı sevdiyim mahnısı. Onun bütün mahnıları mənim üçün çox əzizdir. Biz göz açıb evimizdə Zülfü Adıgözəlovu, Yavər Kələntərlini, Hacıbaba Hüseynovu, Rübabə Muradovanı, Şövkət Ələkbərovanı görmüşük. Allah hamısına rəhmət etsin!
 
- Ən böyük arzusu nə idi?
 
- O bütün arzularına çatmışdı. Dövlətin qayğısı, diqqəti anamı çox sevindirirdi. Bir də o heç kimdən nəsə gözləmirdi, ummurdu. Ehtiyacı olsa belə heç vaxt kimdənsə nəsə istəməzdi. Həmişə deyərdi ki, ümüdünüzü üzməyin, Allah necə məsləhət görübsə elə də olacaq. 
 
- Ailəsinə vaxt ayırmağa zamanı olurdu?
 
- Bəli, biz böyük qayğı və sevgi içərisində böyümüşük. Nə qədər məşğul olsa da bizə zaman ayırırdı. Qastrol səfərlərinə gedəndə bizə anamın xalaları baxırdı. Onlar da dindar, yaşlı çarşablı xanımlar idi. Zəng edib onlara deyirdi ki, uşaqlar neynir? Nə yeyib, nə içib?
 
- Nəvələrinə münasibəti necə idi?
 
- Nəvələri üçün əvəzedilməz nənə idi. O mənim oğlumu, qızımı, Akifin oğlu Ayxanı görmüşdü. Biz bu vaxtlar artıq bağa köçməyə hazırlaşardıq. İndi sizə danışıram, xatirəmdə anamla bir süfrə başında oturub, etdiyimiz o söhbətlər canlanır. Daim onunla maraqlanan sənət yoldaşları var idi. Evimiz, bağımız qonaqlı-qaralı idi.
 
- Sara xanımın doğulub boya-başa çatdığı Ağdama, Abdal Gülablıya getmisiniz?
 
- Akif də, mən də Bakıda doğulmuşuq. Anamın atası həmin kənddəndir. İşğaldan öncə biz ora tez-tez gedib gələrdik, çünki bütün qohum-əqraba orada idi. Gitara ifaçısı Rəmiş də anamın bibisi nəvəsidir. İşğaldan sonra hələ ki, getməmişik. Anamın doğma yurduna getmək istərdim. Mənə elə gəlir ki, bu təkcə bizim yox, bütün azərbaycanlıların arzusudur.
 
- Sara xanım övladları arasında fərq qoyurdu?
 
- Xeyr, o bizi ayırmazdı. Akiflə aramızda heç vaxt doğma-ögey münasibət olmayıb. Mən deməmişəm ki, o mənim ögey qardaşımdır, çünki bir-birimizdən doğma münasibət görmüşük. Anam da hansı səfərə gedirdisə, ikimiz üçün eyni əşyanı, geyimi götürərdi. 
 
- Bu il Sara xanımın 100 illik yubileyidir. Qeyd olunacaqmı?
 
- Əlbəttə ki, anamın yubileyinin keçirilməsini istərdim. Çünki ona hər zaman dövlət və insanlar tərəfindən böyük qayğı, diqqət olub. Onların işinə qarışa bilmərəm. Yəqin ki, qeyd edəcəklər. 
 
-Sara xanımın son gününü necə xatırlayırsınız?
 
- O insult idi, danışa bilmirdi. Ona görə də heç bir söz deyə bilmədi. Valideyn üçün övlad, övlad üçün valideynin itkisi ağır olur. Ona hər zaman ehtiyacımız var, bu gün də həmçinin. Bəzən evdə də oturub söhbət edəndə deyirik ki, anam filan sözü belə deyərdi. Anam rəhmətliyin o qədər maraqlı söhbətləri, sözləri var idi ki. Onları tez-tez xatırlayırıq. Bu gün yaşasaydı onu öpüb qucaqlayardım. Düzdü, insan öləndən sonra qədri bilinir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

40 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics