Şou-biznes

Vasif Məhərrəmli: «Vasifdən borc pul alıb, verəcək zəhərli dərmana, uşaqlarını da, özünü də zəhərləyib öldürəcək!"

12 May 2010 09:35
Baxış: 454
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Mən altı dəfə evlənmişəm"


- Müğənnilərin əksəriyyəti hələ də maliyyə böhranından şikayətlənir. Sizdə vəziyyət necədir?


- Mən tələb olunan müğənnilər sırasındayam. Nə qədər maliyyə krizisi olsa da, Allaha şükür, toylarım kifayət qədərdi. Düzdür, əvvəlki illərə nisbətən bir az durğunluq yaranıb. Digər müğənnilərə baxanda bizə min şükür.

- Durğunluq ucbatından toy qonorarınızı aşağı salmaq məsburiyyətində qalmamısınız?

- Yox. Müəyyən etdiyim məbləğ normal olduğundan bu günkü durumla ayaqlaşır. Toy qonorarımı açıqlamağı sevmirəm. Vasif Məhərrəmlinin bəlli bir toy məbləğinin olduğunu bilənlər mənə müraciət edirlər. Mənim üstümə gələn insanların 99 faizi geriyə boş qayıtmır.
 

"Müğənnilər var ki, toy qiymətini bir manat eləsələr də onları toya çağırmayacaqlar"


- Yəni bəlli bir kateqoriya var ki, məhz toylarında sizin ifanıza üstünlük verir?

- Bəli. Ola bilər ki, həmin kateqoriyadan olan adamların maliyyə böhranı ilə bağlı durumu yaxşı olmasın və mənimlə əlaqə saxlamasınlar. Bəziləri toy qiymətlərini aşağı saldılar, çünki onların söylədikləri şişirdilmiş məbləğiydi. Bəzi müğənnilər qiyməti küyə düşüb qaldırmışdılar. Sonra gördülər ki, heç də tələb olunan deyillər. Maliyyə böhranını bəhanə edərək, bəziləri qiymətləri guya aşağı saldılar. İnandırım sizi, toylara çağrılmayan müğənnilər ki var, onlar qiymətlərini on min də, bir manat da eləsələr, onları toya çağırmayacaqlar. Çünki onlara təlabat yoxdur.

- Toylarda tələb olunan müğənni olmağınızda qalmaqallarınızın rolu çoxdur?

- Deməzdim. Ünvanıma deyilən böhtanlar, şərlər mənə çox pis təsir elədi. Böhtandan, şərdən kişiliymlə, insanlığımla yaxa qurtardım. İnsanların bəzilərinə sübut elədim ki, düşüdüyünüz kimi əzazil deyiləm, çox normal, sıradan bir adamam. Pis, yaxşı da olsa artıq Vasif Məhərrəmli kimi brend var. Çünki bu mərhələyə pilə-pillə gəlib çatmışam. Bununla belə, özümü sıradan biri hesab edirəm.


"Adını "kişi" qoyan kişi müğənnilərin adı pis işlərdə hallanır"


- Şər-böhtandan söz düşmüşkən, həyat yoldaşınız dünyasını dəyişəndə haqqınızda xoşagəlməz söz-söhbətlər dolaşdı...

- Düzü, beş-altı il bundan əvvəlki böhtan mənə pis təsir elədi. Həmin olay mənim reputasiyama mənfi təsir göstərdi. Bu haqda çox danışmaq istəmirəm. Digər qalmaqallarda mənim adım hallandı, amma toylarıma pis təsir etmədi. Hətta bəzi kişilər tərəfindən çox gözəl, hörmətlə qəbul olundum. Məni düzgün başa düşün, bununla öyünmürəm. Sadəcə, haqqımı tələb etməyim digər müğənnilərə də bir növ təkan verdi.
Haqqımı tələb elədim, böhtana dözmədim. Hazırda Azərbaycanda bəlli bir təbəqə var ki, məni və ifamı qəbul edir. Hətta ifamı qəbul etməyən insanlar da belə, məni dəstəklədi. İfamı bəyənməyənlər belə dedilər ki, sözünü deyə bilən insandı. Yüz faiz əmin olun ki, həmin qalmaqal mənim toylarıma mənfi formada təsir eləmədi. Bilirsiz, müğənnilərin adı o qədər pis işlərdə hallanıb ki. Söhbət adını "kişi" qoyan kişi müğənnilərdən gedir.

- Niyə bəzən sizə ünvanlanan suallara kəskin reaksiya verirsiz?

-  Nə qədər istəyirsiz sual verin. Yetər ki, böhtan xarakterli olmasın. Elə suallar var ki, insanı özündən çıxarır. Mən ilanla da yola gedən bir adamam. Bilirsiz, dedi-qodular, xoş olmayan söhbətlər tək Vasif Məhərrəmli haqqında deyil. Hansısa müğənnini tanımır, amma deyir ki, zəhləm gedir. Ay bacım, ay anam, niyə o adamdan zəhlən gedir? Cavab verir ki, çox lovğadı. Sən heç onunla qabaq-qənşər oturmusan? Haradan bilirsən ki, lovğadı? Dostum İzzət Bağırova görə çoxlarıyla mübahisə eləmişəm. Deyirlər ki, İzzət çox lovğadı. Vallah, onunla oturun, söhbət edin, görün lovğadı ya yox. Hamının üzünə gülməkdən gözümüz də qırışıb. Mən bundan artıq özümü necə aparmalıyam? Dostlarımla otururam, deyirəm-gülürəm. Hətta məni bir süfrə arxasında ilk dəfə görən adam türkün sözü, yaxşı mənada şaşırır. Vasif nə qədər deyən-gülən, baməzə insandı- deyə.


"Çox xoşbəxt idim... Gözləyirdim ki, oğlum dünyaya gələcək"


- Doğrudur ki, ailədə çox əzazil olmusuz. xanımınıza qarşı kobud davranıb, onu incitmisiz?

- Yox. Mənim acımı, ağırımı, həyatımı Allah heç kimə yaşatmasın. Mən bəxtimdən razı, taleyimdən narazı insanam... Bəxtimdən razı olmaq odur ki, mən gəlmişəm, bəlli bir yerdə özümə yer tutmuşam. Yüz il keçəcək, dünyaya Vasif Məhərrəmli kimi insan gəlməyəcək. Taleyimdən narazı oldum. Düzdü, Allahıma qarşı üsyan eləmirəm, əstəğfürullah. Ancaq Allaha sual edirəm ki, niyə belə oldu? Sonra özümdən cavab gəlir ki, şükür elə... Mənim başıma gələn həmin hadisə avqustda baş vermişdi. Bir il sonra - taleyimə üsyan etdiyim bir vaxtda, avqust ayında dostumun gözünün ağı-qarası bir qızı və xanımı dənizdə boğuldu. O, tam tək qaldı... Allah-Təala bəzən başqalarının faciəsi ilə sənə təsəlli verir. Mən demirəm ki, bu olay mənə təsəllidi. İnsanlar məni yanlış anlamasınlar. Çox xoşbəxt idim. Gözləyirdim ki, bir övladım da - oğlum dünyaya gələcək. Və mən dünyanın ən xoşbəxt insanlarından biri olacam. Olmadı, neyləyəsən... O qədər insanlar xoşbəxt deyillər ki. Azərbaycanda boşananların statistikası artıq kəllə-çarxa vurub. Bu, tək Vasif Məhərrəmlinin başında çatlayası iş deyil. Birində belə olur, birində də elə. Biri bir həftədən sonra evə qayıdır, biri bir aydan sonra... Boşanma böyük bir faciəvi problemdir. Bəzən mən toyu oxuyanda belə nəticəsinə görə qorxuram.
Allaha şükür ki, mən zatı-kökü olan azərbaycanlıların toyunda oxuyuram. Orada boşanmalar çox az olur. Bir dəfə bir nəfər mənə dedi ki, Vasif, sən azərbaycanlıların toylarının kralısan. Qanı-canı azəri olanların toyunda oxuyursan. Digərləri məndən inciməsin, bəzən "ruskoyazıçnı" deyirlər. Bu, çox normaldır, insan rus dilli ola bilər. Amma milli adət-ənənəni, zatı-kökü itirməmək şərtilə. Biri də var ki, "obrusevşiy"... Bu artıq ruslaşmış bir insandı. Məqsədim rusları pisləmək deyil. Bizim namus sözü ruscaya tərcümə olunmur. Ruslar buna "çest" deyirlər. Bu başqa şeydi. Vicdan sözü ruscaya tərcümə olunur, namus isə yox. Namus sözü müsəlman xalqlarına xas olan sözdür.


"Subay qalmaqda məqsədim..."


- Doğrudur ki, ikinci dəfə ailə həyatı qurmusunuz?

- Bu xəbər yenə də mənim üçün katastrofik bir xəbər oldu. Görürsüz, yenə də böhtan. Ən azından mənim ətrafım bilir ki, bu, yalandır. Mənim ailə dostlarım var, İzzət Bağırov, Ədalət Şükürov, onlara çıxıb xəbərin doğru və ya yalan olduğunu dəqiqləşdirə bilərsiz. Mənim şəxsi həyatımı onlardan soruşmağınız çox normal bir haldır. Məsələn, İzzət evləndi, heç kim bilmədi. Amma məndən soruşanda dedim ki, uşaq da var. Əgər mən dörd-beş dəfə evlənmiş olsam və siz bunu soruşsanız ki, dörd dəfə evlənmisiz? Deyərəm ki, yox mən altı dəfə evlənmişəm. Mən belə adamam, heç nəyi gizlətməyəcəm. Mənə qarşı böhtan olanda dözmürəm. Amma bununla da razılaşıram ki, belə söz-söhbətlərin olmaması üçün gərək mən Vasif Məhərrəmli yox, sıradan Vasif olaydım. Bu günə qədər subay qalmaqda məqsədim, övladımı dünyanın ən xoşbəxti kimi yaşatmağımdı. Yəni, onun xoşbəxt olması mənim ən böyük arzumdur. Bir söz deyim, əgər bir insan övladını istəyirsə, mütləq onu dünyaya gətirən qadını da istəməlidir. Tam açıq danışacam... Ola bilər ki, bu, dünənin ən pozğun qadını ola bilər. Əgər sən övladını istəyib, onu istəməyəsəksənsə, deməli, onu da istəmirsən. Dünyanın ən pozğun qadınından belə sənin övladın olsa, qadını da istəyəsəksən. Çünki ana və övladı - bunlar bir vəhdət təşkil edir.

- Zənnimcə, məşhurlar özləri haqda gəzən şayiələri normal qəbul etməlidir.

- Təbii. Məşhur olmağım məni bir az sakitləşdirir. Amma guya evlənməyim barədə xəbərləri eşitdim, yenə əsəbləşdim. Adam lap yüz dəfə də evlənə bilər. Amma belə şey olmayıb axı.


"Əri sağ olan boşanmış qadını ala bilmərəm"


- Üstəlik deyirlər ki, ikinci evliliyinizdən oğlan övladınız var...

- Mən həyatımda bircə dəfə evlənmişəm. Və boşanmamışam, başıma gələn hadisəni də hamı bilir. Evlənəndə bu xəbəri hamıya yayacam. Bu, o demək deyil ki, mən evlənmək istəmirəm. Mən səhv elədim, yaşım artıq 40-ı haqlayıb. Demirəm ki, qocalmışam, cavan oğlanam. Amma altı il bundan əvvəl başqa bir şeydi. İnsan həyatda tək qalmamalıdı. Sadəcə olaraq, ürəyinə, qəlbinə yaxın olan insanı tapmaq çox çətindir. Sizdən nə gizlədim, mən bir az qəlbi qara adamam. Boşanmış qadını - əgər əri sağdırsa - ala bilmərəm. Yeri gələndə, namus onunla ölçülmür. Neynim, bu, mənim xarakterimdi. Kiminsə arvadı olub, sonra boşanıb, mən almışam. Sonra mən o insanla üzbəüz gələ bilmərəm. Qarşıma çox gözəl insanlar çıxıb, mən belə işlərə getməmişəm. Çox normal adam ola bilər ki, mənim kimi tək qalıb. Gözəl insan ola bilər, hətta bir övladı da ola bilər. Mən onu çox normal qəbul edə bilərəm.

- Yeri gəlmişkən, statistika da onu göstərir ki, Azərbaycanda boşanma halları ildən-ilə artır.

- Bəli. Son üç-dörd ay ərzində boşananların sayı min doqquz yüzə çatıb. Bizdə boşanmalara səbəb ailənin təməl daşının olmamasıdır.

- Amma əksər hallarda boşanmaların səbəbini daha çox maddi problemlərlə bağlayırlar.

- Əksinə, maddi durumu yüksək səviyyədə olan insanlarda boşanma halları daha çox olur. Bir çox imkanlı, varlı insanların övladları bir ayın içində boşanırlar. Burda başqa səbəblər var, araşdırıb tapmaq lazımdır. Mən səbəblərin nədən ibarət olduğunu təxminən bilirəm. Sözlərim böyük səs-küyə səbəb ola biləcəyindən ehtiyatlanaraq dərinliyə getmək istəmirəm. Bunu hamı təxmin edir, çox böyük varlı, imkanlı ailələrdə başqa türlü hallar cərəyan edir...


"Allaha yalvarıram qarşıma elə qadın çıxarsın ki, gözüm sağa-sola baxmasın"


- Vasif bəy, çoxarvadlılığa münasibətiniz necədir?

- İmkanlı kişilər ailəsindən başqa bir qadın da saxlayırlar. Mən bunu normal saymıram. Baxmayaraq ki, adım çıxıb ki, mən də o kateqoriyadan olan kişilərdənəm. Sizə yalan desəm də, Allahımı aldada bilməyəcəm. Mən gecə-gündüz Allahıma yalvarıram ki, mənim qarşıma elə bir qadın çıxarsın ki, gözüm sağa-sola baxmasın. Evə, ailəyə tələsmək çox qürurludu, şərəflidi. Nə yazıq ki, evə, ailəyə tələsmək halları indi çox azalıb. Ailəyə tələsməkdən gözəl heç nə ola bilməz.

- Ailə quracağınız qadın hansı insani keyfiyyətlərə malik olmalıdır?

- Xarici görünüş bəlli bir zamandan sonra əhəmiyyətini itirir. Və yaxud da dünyanın ən çirkin bir insanı gözündə qənirsiz olur- davranışı, hərəkətiylə. İstəyərəm, qarşıma çıxan insan təpədən-dırnağa - həm xarici görünüşü, həm davranışı ilə məni qane eləsin. Biz tərəfdə belə bir deyim var: Allah bir yastıqda qocaltsın. Çox böyük sözdü... Bunu ömür-gün yoldaşına deyirlər. Bəzən görürsən ki, ər-arvad ahıl yaşlarındadılar və necə də xoşbəxtdirlər. Bir-birinin nazını çəkirlər. Allah o hissləri hamıya yaşatsın.


"Qızım həm mənimdi, həm də mənim deyil..."


- Qızınızla bağlı nə kimi planlarınız var?

- Qızım səkkiz yaşının içindədi. Bilirəm ki, qızım həm mənimdi, həm də mənim deyil... Yaxşı, indən sonra mənim yanımda 12 il olsun. Sonra, artıq sənin deyil, oldu başqasının... Allah o günü mənə nəsib eləsin. Mən o günün eşqiylə yaşayan bir adamam. Onu da deyim ki, mən ev adamıyam, günümün çoxunu anamla, qızımla, bacımla keçirirəm. Məni tanıyanlar bilir ki, mən doğmalarıma bağlıyam. Azacıq məlumatı olan insan mənim anama, qardaşlarıma, bacılarıma və ələlxüsus da, qızıma, eləcə də bacı-qardaşımın uşaqlarına olan məhəbbətim haqqımda böyük bir informasiya verir.


"Əlimi Qurana basaram ki, Hillari Klintonun ömrü boyu sevgilisi olmayıb"


- Bir sıra xarici ölkələrdə olursuz. Əcnəbi qadınlarla azərbaycanlı xanımlar arasında nə kimi fərq var: istər ailədə, istərsə də cəmiyyətdə mövqeyini, davranışını nəzərdə tuturam.

- Qəliz sualdı. Yeri gəlmişkən, bizim kişilərdə belə bir hal var: mənim bacım, mənim bacımdır, yerdə qalanları qadındır. Ya bütün qadınlar bizim bacımız olmalıdır, ya da bütün bacılar elə qadın olmalıdır. Probem budur. Bizdə böyük sərbəstlik olmalıdı, amma indi yox, uzun illərdən sonra. Qadın sərbəst olduğunu bilərəkdən başqa işlərə əl atmamalıdır. Eyni zamanda da kişilər... Mən kişiləri yuxarı tutmayacağam. Qadın kişini utandırsa, nə gözəl olar. O ailə gözəldir ki, orada qadın kişini utandırır. Ən şərəfsiz kişini qadın utandırdıqca, o da haqq yoluna dönəcək. Belə qadınların sayı azaldıqca cəmiyyət də uçuruma gedir. Xaricdəki qadınlar ailə münasibətlərində çox rahat və sərbəstdirlər. Bizdə də elə qadını tapmaq lazımdır. Mən əlimi Qurana basaram ki, Hillari Klintonun ömrü boyu sevgilisi olmayıb. Bu, dərin məsələdi, sərt danışmaq istəmirəm. Burada başqa məsələlər var. Bizdə qadınların əksəriyyətini boş buraxanda özlərinə sevgili tapırlar və bununla da fəxr edirlər. İfadəmə görə üzr istəyirəm, bəzi təbəqələr var ki, qadınlar fəxrlə bir-biriylə sevgililərini paylaşırlar. Mənim sevgilim səninkindən çox-çox qəşəngdi. Ərim yox ha, sevgilim... Bütün bunları danışmaq istəmirdim. Dedim, fəlakət olacaq. Təbii ki, bütün qadınlar belə deyil. Çox böyük ehtiyac içində olan bir qadının zatı-kökü varsa, Vasifdən borc alacaq. Verəcək zəhərli dərmana, uşaqlarına da içirdəçək, özü də içib öləcək. Eləsi var, dindirirsən, deyir ki, bu yola ehtiyacdan düşdüm. Mən özüm ehtiyac içində olmuşam. İmkansızlıqdan bacım qonşuya deyib ki, bir "kusok" çörək verin, uşağa yedirtməyə. İndi düşüb, alacağıq. Halbuki, düşüb çörək almağa pul olmayıb.
Mən bacımı tərifləmirəm, amma ehtiyacdan pis yola düşmək çıxış yolu deyil. Mənim nə qədər də ehtiyacım olsa da, oğurluq edə bilmərəm. Evimdə bir "rajok" var. Mən kirayə qalırdım, həmin evdəki ayaqqabı geyən əldə qayırma idi, çox xoşuma gəlirdi. Evimə gələnlərə də göstərirəm, deyirəm ki, mən oğru deyiləm. Amma bunu kirayə qaldığım evdən gətirmişəm, həyat təcrübəmdə oğurluq halı bir odur. Bilirsiz, oğurluğu da bacarmaq lazımdır. Amma qadın ehtiyacdan oğurluq etsə, mən ona bəraət qazandıraram, kişiyə yox. Kişi kanalizasiya təmizləyə bilər. Ən azından iki manat qazanıb, yavan çörək alıb, acından ölməmək olar.

Aytən
Milli.Az

--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.