23:51
Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları azərbaycanlılara qarşı əməliyyat keçirib, iki nəfər öldürülüb.
APA-nın Rusiya bürosunun əldə etdiyi məlumata görə, əməliyyat Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən həyata keçirilib.
Belə ki, bu gün səhər saat 5 radələrində FSB əməkdaşları Yekaterinburq şəhərinin müxtəlif ünvanlarında yaşayan, Rusiya vətəndaşları, əslən Azərbaycanın Ağdam rayonundan olan Səfərovlar ailəsinin yaşadığı ünvanlarda əməliyyat keçirib.
FSB əməkdaşlarının mənzillərə basqını zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları qətlə yetirilib, döyülmə nəticəsində 8 nəfər, o cümlədən Bakir Səfərov isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Xəstəxanaya yerləşdirilənlərdən Akif, Ayaz, Kamal, Məzahir Səfərovların vəziyyəti ağır qiymətləndirilir.
Yekaterinburqda yaşayan həmyerlilərimizin verdikləri məlumata görə, əməliyyat 2001-ci ildə Səfərovların kafesində törədilən bir qətl hadisəsinə görə keçirilib.
Rusiyanın e1.ru saytı saxlanılanların 50 nəfərdən çox olduğunu yazıb.
Məlumata görə, saxlanılanlar Lenin küçəsi 17 üvanında yerləşən polis idarərinə aparılıblar.
"Onlar tutub aparırlar. Bəziləri çağırılanda özləri gəlib, bəziləri isə gizlənir. Deyirlər, qatili axtarırlar. Baş idarədən bir dəstə polis, İstintaq Komitəsinin müstəntiqləri gəlib", - şahidlərdən biri E1.RU-ya bildirib.
Rusiyanın rəsmi orqanları hələlik hadisə barədə açıqlama verməyib.
----------------
23:03
Bu gün Rusiyanın Yekaterenburq şəhərində OMON dəstəsi Ziyəddin və Hüseyn Səfərovların evinə basqın edib.
Bu barədə APA-ya Səfərovların qardaşı Seyfəddin Hüseyli məlumat verib.
"İki qardaşımı da işgəncə ilə öldürüblər" deyə Seyfəddin Hüseynli bildirib.
Onun sözlərinə görə, 25 il bundan əvvəl olan naməlum cinayət hadisəsinə görə kütləvi həbslər başlayıb.
"İki qardaşım öldürülüb, heç nə demədən evlərə basqın ediblər. Ailəni, evdə yaşayan insanları kütləvi həbs ediblər. Qardaşlarımı da işgəncə ilə öldürüblər".
Milli.Az