Siyasət

İran Bakıya düşmən qazandırmaq istəyir - Tehrandan İLGİNC TƏKLİF

12 Oktyabr 2021 15:34
Baxış: 1 507

Belə görünür ki, İranın erməni sevdası bütün sevgilərdən üstdə dayanır. Belə olmasaydı rəsmi Tehran 44 günlük müharibədən sonra bölgədə yekdil söz sahibinə çevrilən Azərbaycanın fəaliyyətini bloklamaq, ona işğaldan azad edilən ərazilərdəki infrastruktur layihələrinə (yol-nəqliyyat) əngəl olmaq üçün bu qədər baş sındırmazdı.

Bakı ilə son zamanlar münasibətləri gərginləşən İrandan Ukraynaya qəribə bir təklif səsləndi. Belə ki, rəsmi Tehran Ermənistandakı səfiri Abbas Bədaxşan Zohuri vasitəsilə Kiyevə "Əgər Kiyev İran-Ermənistan-Gürcüstan-Ukrayna nəqliyyat marşrutunun reallaşmasına kömək edərsə, Tehran da Krımın işğaldan azad edilməsində ukraynalılara kömək edər" mesajı göndərib. İranın nəzərdə tutduğu bu nəqliyyat marşurutu sözsüz ki, Zəngəzur dəhlizinə alternativ olaraq düşünülüb ki, Zəngəzur dəhlizi ən azından bölgə dövlətləri (İran, Ermənistan, Gürcüstan) üçün əhəmiyyətini itirsin və Azərbaycan bu dəhlizin inşasından əl çəksin. Lakin bu layihə təkcə iqtisadi layihə yox, eyni zamanda Azərbaycan üçün tarixi torpaqlarına qayıtmaq baxımından olduqca həyati bir məsələdir.

İran Zəngəzur dəhlizini əngəlləməyə niyə bu qədər can atır?

Zohuri bu "təklif"lə ukraynalı diplomatlara iki dəfə müraciət edib. Tehrandan bu qədər absurd təklifin səslənməyi onu deməyə əsas verir ki, İran nəyinki Azərbaycan və Türkiyə ilə münasibətlərini uzunmüddətli korlamağa hazırdır, hətta Rusiyanı da bu siyahıya əlavə etməyi gözə alıb.

İrandan Kiyevdə belə təkliflərin göndərilməsi Rusiyaya meydan oxumaqdan başqa bir şey deyil. Bu, eyni zamanda son zamanlar Ukraynaya həm siyasi, həm də hərbi dəstəyini açıq ifadə edən Ankaranın Kiyevlə münasibətlərinə yenidən baxması deməkdir. Bu səbəbdən Kiyevin İrandan müxtəlif kanallar vasitəsilə gələn eyni təklifə müsbət cavab verəcəyi inandırıcı görünmür. Bakı ilə Kiyev arasındakı dostluq münasibətlərindən əlavə Ukrayna rəhbərliyi qərarı nəzərdən keçirərkən Türkiyənin də maraqlarını nəzərə alacaq. Bu səbəbdən Ukrayna onun ərazi bütövlüyünü dəfələrlə müxtəlif kürsülərdə, rəsmi görüşlər zamanı açıq şəkildə dəstəklədiyini ifadə edən Azərbaycan və Türkiyə kimi dost, müttəfiq ölklələrlə münasibətləri kormalamaq istəməz. Xüsusən də rəsmi Kiyev bunu günü-gündən nüfuzu düşən, nümayiş etdirdiyi qeyri-konstruktiv mövqeyinə görə dünyada zaman keçdikcə daha da yalnızlaşan İran və ağır müharibədən çıxmış, separatizm, işğalçılıq siyasi ritorikasını təşkil edən Ermənistana görə heç etməz.

Ukrayna yaxşı anlayır ki, "İran-Ermənistan-Gürcüstan-Ukrayna nəqliyyat marşrutunun reallaşmasına kömək etmək qarşılığında Tehran da Krımın işğaldan azad edilməsində ukraynalılara kömək edər" təklifi bu günki gün reallıqla daban-dabana ziddir. İran regionda, bölgədə ən yaxın ölkə hesab etdiyi, Bakı ilə arasındakı gərginlik biraz artan kimi kömək umduğü üçün qapısını döydüyü Rusiyanı belə asanlıqla ofsayda qoya bilməz. İran indi bunun ağır nəticələrini daşımaq gücündə deyil. Buradan belə nəticə çıxır ki, heç bir qaynar bölgədə (Yaxım Şərq - Suriya) nüfuzu qalmayan, əldə etdiyini də itirən İranın məqsədi Ukraynanı aldatmaqdır. Bu isə İranın xəyalını qurduğu Zəngəzur dəhlizinə alternativ layihənin gerçəkləşməsində növbəti "maneə" olacaq.

KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) blokunun üzvü olan Ermənistanın Rusiyanın bölgədə kənar qalacağı və xüsusən də Rusiyanın əleyhinə olacaq bir layihədə iştirak etməsinə heç vaxt imkan verməyəcək. 10 noyabr üçtərəfli bəyanatının əsas müddəalarından biri məhz Zəngəzur dəhlizinin istifadəyə verilməsi məsələsidir ki, 11 ay ərzində rəsmi Moskva tərəfindən edilən açıqlamalara əsasən demək olar ki, Rusiya bu dəhlizin açılmasında fəallıq nümayiş etdirməsə də maraqlıdır. Ermənistanın Tehranın təklif etdiyi nəqliyyat dəhlizində iştirakı Zəngəzur dəhlizindən imtinası hesabına ola bilər. Çünki İran məhz bu təklifi Zəngəzur dəhlizinin açılmaması üçün hesablayıb.

Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının gözlənildiyi, delimitasiya, demarkasiya işlərinin qaldığı yerdən davam edəcəyinin düşünüldüyü, Zəngəzur dəhlizi ilə bağlı Ermənistan tərəfindən də əhəmiyyətli addımların atılacağının gözlənildiyi bir vaxtda İranın gərginliyi artırması bunun növbəti təsdiqidir. Buradan çıxan nəticə isə ondan ibarətdir ki, Qərbi Zəngəzurun tezliklə İran və Ermənistan arasında sədd olacağından narahat olan Tehran erməni dövləti ilə aralarında türk xəttinin olacağından çəkinir.

Ermənistanın Tehranın İran-Ermənistan-Gürcüstan-Ukrayna nəqliyyat marşrutu təklifinə hə deməsi isə bölgədəki varlığını ciddi mənada sual altına sala bilər. Müharibənin ağır nəticələrini heç cürə üzərindən ata bilməyən rəsmi İrəvan çox yaxşı bilir ki, məhz Rusiya 44 günlük müharibənin gedişində Ermənistanın daha ağır məğlubiyyətlə üzləşməyinin qarşısını aldı. Bu dəfə isə Rusiya nə Paşinyanın zənglərinə, nə də ermənilərin müxtəlif platformalarda zarımasına əhəmiyyət verməyərək Azərbaycanın 10 noyabr bəyanatının şərtlərini güc yolu ilə icra etməsi üçün fürsət yarada (hərbi əməliyyatlara müdaxilə etməməklə, netral mövqe tutmaqla - oxu) bilər ki, nəticənin necə olacağını təsəvvür etmək elə də çətin deyil. 

Təhməz Əsədov
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.