Siyasət

Gücümüzə kor olan, ordumuzdan qorxanlar kimlərdir?

4 Avqust 2021 12:06
Baxış: 1 189

İstənilən ölkənin dövlətçilik nişanələrindən biri onun silahlı qüvvələridir. Azərbaycanda isə ordu sadəcə, sursat və hərbi texnika ilə yox, xalqın qüruru, etimadı və inamı, sonsuz dəstəyi ilə silahlanıb.

Ordu ilə cəmiyyət arasındakı münasibətlərin də rəhnində dövlətə sevgi, özülündə millətə və Vətənə sədaqət durur.

Xalqımız ordumuza inanır, ordumuz da xalqımıza güvənir.

Vəhdət var gerçək təki - xalqın bağrından qopan ordumuz cəmiyyəti təşkil edən ailələrin təmsilçiləri olan övladların vətən xidməti çəkdikləri, yurd növbəsində durduğu müsəlləh gücdür.

Eyni zamanda, zəfərlər qazanmış, xalqın əlinin dəmir yumruğa çevrildiyi anda o yumruqla düşmənin qəddini əyərək onu məhv edən bir gerçəkdir Azərbaycan ordusu.

Azərbaycan anası indi oğlunu bağrına basaraq Vətənin bağrına, orduya yollayır. Oğul da "Mən artıq əsgərəm, ana!" söyləməyin təşnəsindədi.

Xalqın orduya inamının əslində də elə əsgərin qamətindəki şəst, baxışlarındakı sevinc, simasındakı qürur və fərəhdir.

Açıq duyulur, asanlıqla sezilir.

Azərbaycan gənci ordu sıralarına xidmətə çağırılanda kimləri və nələri qoruyacağını, Vətəni mühafizə etməyin ən ülvi vəzifə, qutsal borc olduğunu gözəl anlayır.

And içir əsgər qardaşlarının önündə və sonra da xidmət əsnasında andına sadiq qalır - düşmən güllələrinin altında "Vətən uğrunda!" hayqıraraq irəli atılan rəşadət sahibi başqa cür davrana bilməz.

Ordumuzua dil uzadanlar, Müdafiə Nazirliyinin təyinatlarında və kadr yerdəyişmələri ilə bağlı qərarlarında ikinci məna, üçüncü vəsilə, dördüncü səbəb arayanlarsa işığa baxa bilməyən varlıqlar misalıdır.

Onların yeganə istəkləri, can atdıqları məqsəd vətəndaşla ordu arasındakı qırılmaz bağları imkan olarsa, zəiflətmək, postsovet məkanı ölkələrinin tam əksəriyyətindəki orduya bədgümanlıq hissini yaratmaqdır.

Müdafiə Nazirliyində son illərdə keçirilmiş genişmiqyaslı islahatlar, həmin islahatların məntiqi sonucu olan təkmilləşmə və güclənmə, döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, qoşun növləri arasında qarşılıqlı əlaqənin üzvi sintez halına çatdırılması, ordumuzun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının çox yüksək olması qürur mənbəyimizdir.

Ordu daim düşmənə layiqli cavab verməyə hazırdır.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdıran nazir bu tapşırıqların icrası ilə bağlı komandir-rəis heyətinə müvafiq əmr və göstərişlər verib.

Son zamanlar Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər istiqamətində baş verən hadisələri təhlil edən müdafiə naziri Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək istənilən təxribata hazır olmağı və onların qarşısının dərhal alınmasını əmr edib.

Nazir döyüş planlarının dəqiqləşdirilməsi, intensiv təlim və məşqlər zamanı qoşunların yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi və yenidən qruplaşması üzrə tədbirlərin keçirilməsi, həmçinin döyüş və maddi-texniki təminat məsələlərinə diqqətin artırılmasını tələb edib.

Ali Baş Komandanın qətiyyətlə dediyi "Azərbaycan Ordusu nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır" inamı Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş qabiliyyətinə, gücünə verilən dəyərdir.

Ordu ilə cəmiyyətimizin indi eyni amal uğrunda yumruq təki birləşərək vəhdət təşkil etdiyi günümüzün bir başqa reallığı bəhs etdiyimiz birlikdən təşvişə düşən, xalq-ordu münasibətlərindən təlaşlanan, Azərbaycanı zəif və gücsüz, ordumuzu da dağınıq hərbi dəstələr kimi görmək istəyənlərdir.

Sosial şəbəkələrdə, müxtəlif videoservis platformalarında ordumuzu hədəfə alaraq böhtanları sıralayan, heç bir əsası olmayan "etibarlı mənbələrdən alınan məlumat"larla "zərərçəkmişlərin müsahibə"lərini növbələyənlərin əməlləri fərdi təşəbbüs olsaydı, Yalıncıqlaşma bəlasına mübtəla olmuşq adamlar sayıb keçərdik.

Amma belə deyil, çünki həmin məxluqat idarə olunur, göstərişlər və əmrlər əsasında hərəkət edir, Ermənistan mediasında yer alan və erməni siyasətçilərlə irqçi diaspor mənsublarının söylədiklərini dediklərini kəlmə hesabı ilə təkrarlayırlar.

Təsadüfdürmü? İnanmaq çətindir və bunun səbəbləri çoxdur.

Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsinə başladığı ilk günlərdə susan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dəmir yumruq təki birləşmiş xalq-ordu simbiozunu görərək əndişələnən və üstəlik, aldıqları göstərişlərin dərhal icrası tələb olunan "na"lı kəslər əsgərlərimizin rəşadətinə kölgə salmağa, cəsarətini olmazdan gəlməyə, uğurları görməməyə çalışdılar.

Daha sonra aldıqları mütitəcilli təkanla sürətləndilər, isterika səviyyəsində fəallaşdılar və sosial şəbəkələrdə qaranın zülməti çalarında kampaniyaya başladılar.

Çıxan səslərin məcmusu Afrika çöllərində sümük arayan zolaqlı və donqarbel canlıların sədalarını xatırladırdı.

İndi də sakitləşməyiblər, axı müvafiq göstəriş yoxdur və çətin ki, olsun: Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdıran, "Dağlıq Qarabağ münaqişəsi" ifadəsini tarixin kloakasına gömən, erməni işğalına son qoyaraq Ermənistan ordusununun işləklik əmsalını minimuma endirən Silahlı Qüvvələrimiz daha da güclənir.

Ordumuz xalqımızın mühafizi, xalq isə ordumuzun dayağıdır.

Budur işıqdan və inkişafdan qorxan kəsləri narahat edən.

Olsunlar - belə narahatın sonucu mərəzdir ki, onlar zatən şəxsiyyətsizlik və vətənsizlik bəlalılarıdır.

Orxan Hun
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.