Siyasət

Ermənistan yeni müharibə istəyir?

29 İyul 2021 13:52
3 Şərh     Baxış: 2 263

Ermənistan-Azərbaycan sərhədindəki situasiyanı N.Paşinyan bilərəkdən gərginləşdirir. Rusiyanı və KTMT-ni yeni yaratmağa çalışdığı münaqişəyə cəlb etməyə çalışan rəsmi İrəvan sərhəddə dövlətlərarası konflikt formalaşdırmaq niyyətindədir.

Nikol Paşinyan ümid edir ki, bu minvalla "yeni savaş təhlükəsi" vasitəsilə Azərbaycanı təhdid edəcək və danışıqlarda Bakını güzəştlərə meylli mövqe tutmağa vadar edəcək.

Azərbaycan-Ermənistan sərhədində ermənilərin yeni avantürasının məqsədi, hədəfi və strateji ssenarisi budur.

... "Hesab edirəm ki, indiki situasiyada Ermənistanın Azərbaycanla olan sərhədində rusiyalı sərhədçilərin dayaq məntəqələrinin yerləşdirilməsi məqsədəuyğun olardı. Bu, sərhədin demarkasiyası və delimitasiası ilə bağlı işləri silahlı toqqquşmalar riski olmadan həyata keçirmək imkanı yaradardı".

Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan bu gün ölkə hökumətinin iclasında çıxış edərkən belə deyib.

O, Azərbaycanı aqressiv ritorikada və fəaliyyətdə, problemin dinc yolla nizamlanmasına yönəlmiş bütün səyləri cavabsız qoymaqda suçlayıb.

Paşinyanın absurd çıxışından bəzi məqamları təqdim edirik:

"ATƏT-in Minsk Qrupu həmsədrlərinin dinc danışıqlar prosesinin bərpa edilməsi ilə bağlı aprelin 13-də səsləndirdikləri bəyanat Azərbaycan hələ də heç bir cavab verməyib. Azərbaycan noyabrın 19-da imzalanmış üçtərəfli bəyanatın şərtlərinə də əməl etmir. Məsələn, həmin bəyanatın 8-ci bəndinə zidd olaraq Azərbaycan erməni hərbçi əsirlər, əsirlər və girov götürülməş şəxslərə qarşı məhkəmələri davam etdirir, bu şəxsləri uzunmüddətli həbslərə məhkum edir.  Maraqlıdır ki, o şəxslərin tam əksəriyyəti Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin fəaliyyət zonasında tutulub. Rusiyalı sülhməramlılara qarşı Azərbaycanda aktiv kampaniyanın aparıldığını və sülhməramlı kontingentin mandatını Azərbaycanın hələ də imzalamadığını nəzərə alsaq, bunların Dağlıq Qarabağda sülh və təhlükəsizliyə qarşı yönəlmiş əməllər olduğunu anlayarıq".

O, Ermənistan-Azərbaycan sərhədində MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) monitorinq missiyasının yerləşdirilməsini də təklif edib.

Nikol Paşinyan daha sonra vəcdə gələrək bəyan edib ki, sən demə, ötən ilin noyabrın 10-da imzalanmış üçtərəflim bəyanatda "Zəngəzur dəhlizi" ifadəsi yoxdur: "Amma Azərbaycan bu ifadədər və konkret istiqamətlərdən istifadə edir. Halbuki Ermənistanın Azərbaycan ərazisi ilə Rusiya, Mərkəzi Asiya və İranla əlaqələr olmalıdır. Azərbaycan da Ermənistan vasitəsilə İran, Gürcüstan və Naxçıvanla əlaqələr qura bilməlidir. Bu səbəbdən də keçidlərin MDB çərçivəsində, beynəlxalq qaydalara uyğun olaraq həyaat keçiriləcəyi gömrük məntəqələri yaradılmalıdır".

O, səsləndirdiyi məsələləri Rusiya ilə müzakirə edəcəyini söyləyib.

Ermənistanla sərhəd boyunca vəziyyət gərgin olaraq qalır. Faktiki olaraq ötən ilin noyabrın 10-da üçtərəfli bəyanat imzalanandan bəri ən mürəkkəb və qarışıq dönəmi yaşayırıq.

Yenə ermənilər aqressiv bəyanatlar verirlər, yenə mövqelərimizi iriçaplı silahlardan, minaatanlardan və hətta tanklardan atəşə tuturlar, yenə Arsrun Hovannisyan marazmatik bəyanatlar yayır, yenə Nikol Paşinyan hansısa "sonadək müdafiə"dən bəhs edir.

Hər şey sanki təkrarlanır, ötən ilin sentyabrın 27-dəki ərəfədəki situasiya deja-vyu formasına çevrilir.

İş o yerə çatıb ki, Ermənistanda "hərbi-texniki potensialın səfərbərliyi"ndən, "aqressiyanın qarşısını alaraq düşmənə sarsıdıcı zərbə endirmək"dən bəhs olunur.

Nə baş verir?

Ermənistan rəhbərliyi hər vəchlə Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli komissiyasının işini dalana dirəməyə, sərhədin demarkasiyası və delimitasiyası ilə bağlı işləri dayandırmağa, Zəngəzur dəhlizi məsələsini idefiksə çevirməyə, sərhəd boyunca vəziyyəti maksimum gərginləşdirməyə çalışır.

Ermənistan bütün bunları özbaşına, fərdi təşəbbüsü ilə etmir.

İrəvana bunları etdirirlər.

Daha doğrusu, "Dördgünlük müharibə", Tovuzda ermənilərin hücum cəhdləri və sonra da 44 günlük Vətən Müharibəsi ərəfəsində olduğu təki, Fransa İrəvanı bol vədlərlə uçuruma sürükləyir.

Niyə?

Fransa nəyin bahasına olursa-olsun, Cənubi Qafqazda itirilmiş mövqelərini bərpa etməyə, həmsədri olduğu Minsk Qrupunu diriltməyə və olmayan "Qarabağ münaqişəsi"ni gündəmə gətirməyə çalışır. Məqsəd bölgədə real güc olan Rusiya və Türkiyənin təsir imkanlarını zəiflətmək, xüsusilə də üçtərəfli bəyanatın imzalanmasında vasitəçi rolunu oynamış Rusiyanı reginal geosiyasi rıçaqlardan məhrum etməkdir.

Avropa Birliyi isə Fransa vasitəsilə bölgədə möhkəmlənmək, Rusiyanı bacarsıqsız, Azərbaycanı "Minsk Qrupunun səlahiyyətlərinin real implementasiyasına imkan verməyərək aqressiv mövqe tutan" tərəf elan edərək regiona daxil olmaq, itirdiyi geosiyasi mövqeləri geri qaytarmaq istəyir.

Rusiyanın hakimiyyət dairələrindəki bəzi qüvvələr Ermənistana bol vədlər, imkan olan kimi də silah və hərbi texnika verərək İrəvanın Moskvanın təsir orbitindən çıxmasına, forpost olduğunu unutmasına imkan verməməyə çalışırlar.

Nikol Paşinyan vəziyyətdən maksimum bəhrələnməyə çalışır. O, bir tərəfdən Moskvadakı "hami"ləri ilə oyunu davam etdirir, digər tərəfdən Fransadan dəstək alaraq gələcək addımlarını Parisin tələblərinə uyğun korrektə edir. Eyni zamanda, Paşinyan yaranmış situasiyadan daxili siyasətdəki mövqelərini möhkəmləndirmək üçün istifadə edir. Təsadüfi deyil ki, sosial şəbəkələrdə dünənədək Paşinyanı lənətləyən ermənilər indi "əclaf olsa da, öz əclafımızdır, onu dəstəkləyək, Azərbaycana imkan verməyək" deyirlər.

İran situasiyanı diqqətlə izləyir, hələlik aktiv müdaxilədən çəkinir. Fəqət əsla şübhə yoxdur ki, azacıq, cüzi imkan yaranan kimi Tehran mütləq oyuna atılacaq və Türkiyəni bölgədən sıxışdırıb çıxarmaq üçün arsenalındakı bütün vasitələrdən istifadə etməyə çalışacaq.

Belə vəziyyətdə biz nə etməliyik?

Yaratdığımız yeni reallıqları qorumaqla bahəm, mövqelərimizi daha da səbatlı, dayanıqlı etmək üçün mümkün qədər fəallaşmalıyıq. Hücum diplomatiyası davam etməlidir.

Rəsmi Moskvanın "atəşkəs təklifləri"nə bel bağlamaq olmaz: Vətən Müharibəsi günlərində də Kreml belə təkliflərlə çıxış edərək ordumuzun irəliləyişini dayandırmaq, erməniləri xilas etməyə çalışırdı.

Proses yüksələn xətt üzrə inkişaf edir.

Məntiqi və sərfəli sonuclara nail olmaq üçün qətiyyən dayanmaq olmaz.

Nəticə isə olacaq.

Əksi sadəcə, mümkün deyil.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.