Siyasət

Azərbaycan sülhməramlıların nəzarətindəki ərazilərdə qayda-qanun yaradacaq

22 İyul 2021 13:46
Baxış: 1 940

Əgər Vətən müharibəsinin ilk günlərindən Türkiyənin Azərbaycana dəstəyi diplomatik səviyyədə hər fürsətdə ifadə edildisə, Rusiyanın dəstəyi isə aşkar mövqe sərgiləməməkdən, neytrallığı sonadək qorumaqdan ibarət oldu. Məhz bu amil Azərbaycana çoxdan arzuladığı vəziyyəti - düşmənlə təkbətək qalmaq imkanı verdi. Müxtəlif zamanlarda Azərbaycana qarşı təxribatlar törədərək Rusiyanın kölgəsində gizlənməyi bacaran Ermənistanı bu dəfə heç ən böyük havadarı da xilas edə bilmədi.

17 il ərzində Azərbaycan böyük müharibə hazırlığını istiqamətində uğurlu yol keçməyi bacardı. Hər bir xırda detalına incəliyinə qədər hazırlaşan Azərbaycan 44 günlük Vətən müharibəsi müddətində həm də dünyanın bir çox iri təşkilatlarının, dövlətlərinin təzyiqlərinə qarşı durdu, informasiya savaşında düşməndən bir neçə dəfə üstün olmağı bacardı. Bütün bu cəbhələrdə öndə qətiyyətli, iradəli sərkərdə, Ali Baş Komandan amili xüsusi nəzərə çarpırdı. 

10 noyabr bəyanatı ilə Ermənistan adlı dövləti məhvdən xilas edən Rusiya Ermənistanın kapitulyasiya aktında əsas tərəfə çevrildi. Artıq rəsmi Moskva da yaxşı anladı ki, Azərbaycanın qarşısını yalnız Azərbaycanın istəkləri daxilində bir sənədə imza atmaqla dayandırmaq mümkün olacaq. Elə bu amil Ermənistanın baş naziri Nikol Paşinyanı kapitulyasiya aktına vadar etdi. Bununla da Paşinyan pislərin içindən ən yaxşı variantı seçmək məcburiyyətində qaldı. Lakin istər 10 noyabr üçtərəfli bəyanatı olsun, istərsə də bu ilin əvvəlində (11 yanvar) üçtərəfli Moskva görüşünün sənədlərində əsas bəndlər hələ də Ermənistan tərəfindən icra edilməyərək qalır. Bu amil özlüyündə rəsmi İrəvanın sülh sazişindən imtinası kimi də qəbul edilə bilər. Xüsusilə nəzərə alsaq ki, Ermənistanda hələ ki, qanuni hökumət tam formalaşmayıb, Ermənistan Parlamenti tərəfindən Nikol Paşinyanın yenidən hakimiyyəti ələ alması təsdiqlənməyib və prinsipcə indi Ermənistana faktiki olaraq heç kim rəhbərlik etmir, o zaman üçtərəfli bəyanatlardan boyun qaçırmaq üçün qarşı tərəfin əlində vaxt qazanmaq məqsədi ilə əlverişli imkan düşdüyünü sanmaq olar. Lakin Azərbaycan gec, ya tez Ermənistan hərbi-siyasi rəhbəriyini bəyanatın bütün bəndlərini əməl etməyə vadar edəcək fikrində qətidir. Bunu Prezident İlham Əliyevin son çıxışlarında xüsusilə sezmək mümkündür. Eyni zamanda rəsmi Bakı bunu atdığı addımlarla da təsdiqləməyə başlayıb. Dövlət başçısının istər iqtisadi rayonlarla bağlı 7 iyulda imzaladığı Fərman, istərsə də müharibə əlilləri və şəhid ailələri il son görüşü zamanı "Şərqi Zəngəzur varsa, Qərbi Zəngəzur da var və biz ora mütləq qayıdacağıq. Çünkü o ərazilər tarixi Azərbaycan torpaqlarıdır" açıqlamaları bir daha Azərbaycanın yalnız Qarabağla kifayətlənmək fikrində olmadığını təsdiqlədi. Hazırda tikintisi davam etdirilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu (Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanır. Tikintisi aparılan yolun uzunluğu 39.7 kilometrdir-red) Zəngəzur dəhlizi planının tərkib hissəsidir ki, bununla da Azərbaycan əməli-praktiki fəaliyyəti ilə də Ermənistanı fakt qarşısında qoymaq niyyətindədir. 

Azərbaycanın Qarabağda infrastruktur layihələrini yüksək tempdə davam etdirdiyi bir vaxtda Ermənistanda parlament seçkisinin nəticəsi bəlli oldu. Qələbə çalan Nikol Paşinyan Moskvaya dəvət edildi. Azərbaycan prezidenti İlham Əliyevin Moskvaya işgüzar səfərə dəvət edilməsi, Rusiya prezidenti Vladimir Putinlə işçi görüşünün keçirilməsi bəzi dairələrdə balansın pozulmaması kimi dəyərləndirilsə də, əsas səbəb tam fərqli məsələ idi. Daha dəqiq desək, Kreml üçün daha narahatedici bir məsələ var di. Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin Cənubi Qafqaz turnesi Rusiyanı ciddi narahat etdi. Xüsusilə Avropa İttifaqının (Aİ) Ermənistana 2,6 milyard avroluq yardım paketi ayırması və yardımın daha 3 milyard avro artırıla biləcəyi barədə verilən açıqlamalar Rusiyada Ermənistanın vədinə xilaf çıxacağı xofunu artırdı. Çünkü Paşinyan hələ seçkilərdən öncə Fransa səfəri zamanı Emanuel Makronla görüşü zamanı, ardınca Brüsseldə Şarl Mişel ilə görüşlər keçirməsi rəsmi İrəvanın Nikolun seçkilərdən qalib ayrılacağı təqdirdə Qərb meyilli siyasət yürüdəcəyi siqnalları vermişdi. Putinin əslində Paşinyanı Moskvaya dəvəti bu proseslər sonrası bir nəbz yoxlaması da ola bilər. Azərbaycan dövlət başçısının səfəri isə sərəhddə yaranmış son gərginliklər və ən əsası 10 noyabr bəyanatının icrası, Zəngəzur dəhlizinin tikintisi istiqamətində atılacaq birgə addımlardan ibarət ola bilər. Çünkü Kreml tərəfdaş kimi Azərbaycandan, Prezident İlham Əliyevin siyasi iradəsinə, qətiyyətinə və sözünə nə qədər sahib çıxan bir lider olduğuna artıq dəfələrlə şahid olub. Odur ki, Azərbaycanın sağ göstərib, sol vurmaqla işinin olmadığını Kreml rəhbəri də yaxşı anlayır. Lakin Azərbaycan və Rusiya prezidentləri ayrı-ayrı güclərin regionda qarşıdurma yaratmaq istədiklərini başa düşürlər. 

Prezident İlham Əliyevlə görüşü zamanı "Aydındır ki, regionda vəziyyətin nizamlanması ən mühüm məsələlərdən biri olaraq qalır. Əlbəttə, bilirəm ki, Siz bu məsələyə çox böyük diqqət və əhəmiyyət verirsiniz. Buna görə Sizə təşəkkür etmək istəyirəm ki, kompromisli qərarlar tapılır. Onlar həmişə ən mürəkkəb məsələlərdir, lakin əgər biz nizamlama istəyiriksə, - biz hamımız isə bunu istəyirik, - onda bu yolla getməliyik. İndiyə qədər biz bunu etməyə nail olmuşuq, buna görə Sizə təşəkkür etmək istəyirəm" deyən Vladimir Putin "kompromisli qərarlar" deyərkən çox güman ki, burada bir neçə əsas məqamı nəzərdə tutdu:

44 günlük savaşın Qalibi kimi tələblərimizə Laçın dəhlizinin nəzarətimizə keçməsi, Qarabağdakı separatçılar tərksilah olunmalı, Qazaxın 7, Naxçıvanın 1 kəndi Azərbaycana qaytarılmalı, Zəngəzur dəhlizinin işə düşməsi üçün addımlar atılmalıdırki, bütün bunlar da sülh sazişini qəbul etdirmək üçün müharibədə məğlub olan Ermənistana rəsmi Bakının təzyiqi artırmaq vasitəsi ola bilər. Azərbaycanın bir başqa və Ermənistan üçün ən əsas kompromisi isə odur ki, atəşkəsi Ağdam, Şuşa, Kəlbəcər, Tovuz, Naxçıvan istiqamətində pozan Ermənistanı "dəmir yumruq" əməliyyatını davam etdirməklə zəlil durum salmır. Amma Kreml sahibi yəqin anlayır ki, Azərbaycan üçün "kompromisin" limiti var. 

Prezident İlham Əliyev cavab nitqində bölgədəki vəziyyətlə bağlı Putinə dediyi "Əlbəttə, regionda münaqişədən sonrakı vəziyyət mövzusu da var. Bu məsələyə daimi diqqətinizə, çox vacib və həssas məsələlərin həllində şəxsən iştirakınıza görə Sizə təşəkkürümü bildirmək istərdim. Biz Sizinlə daim əlaqə saxlayırıq. Hərbi əməliyyatlar başa çatandan sonra ötən səkkiz ay ərzində, zənnimcə, yanvar ayında Moskvada şəxsən görüşümüz və telefon söhbətlərimiz vəziyyətin sabitləşdirilməsi işində çox mühüm rol oynayıb. Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik. Düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq" sözlərlə Kreml sahibinə izah edib ki, üçtərəfli bəyanatın vasitəçisi olan Rusiya Nikol Paşinyana imzalatdırdığı bəyanatların yerinə yetirilməsini təmin etməlidir. 

Danışıqların rəsmi Bakının arzuladığı şəkildə getdiyini və növbəti hədəfimizin Qarabağın rus sülhməramlıların da nəzarətində olan hər bir qarışında qayda-qanun yaratmaq olacaq. Və bu görüşün Azərbaycan üçün növbəti qazancı digər minalanmış ərazilərin xəritələrinin Rusiyanın vasitəçiliyi ilə Bakıya qaytarılması məsələsi ola bilər. 

Azərbaycan Prezidentinin mətbuata açıq keçən ikitərəfli görüş zamanı "münaqişədən sonrakı dövr" ifadəsini dəfələrlə səsləndirməsi artıq Qarabağ münaqişəsinin sona çatdığını və vəziyyətin Rusiya tərəfindən də qəbul edildiyinin növbəti təzahürü oldu. Belə ki, Rusiya və Azərbaycan Prezidentlərinin növbəti görüşü dövlət başçılarının postmüharibə dövrü ilə bağlı ortaq mövqedən çıxış etdiyini düşünməyə əsas verən bir çox məsələlər olduğunu göstərdi. Ümumilikdə isə hər iki dövlət başçısının mətbuata açıqlamalarından da görünür ki, Kreml də Bakı qədər regionda əməkdaşlıq mühitinin formalaşması, Ermənistan və Azərbaycan arasında əməkdaşlığın qurulması, kommunikasiyaların bərpası məsələsində həmfikirdirlər.

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.