Siyasət

Fransa yeni Qarabağ müharibəsi istəyir

15 İyul 2021 12:37
8 Şərh     Baxış: 7 353

Rəsmi Paris, deyəsən, tarixə qovuşmuş "Dağlıq Qarabağ münaqişəsi"ni yenidən gündəmə gətirmək istəyir. Bu isə aksiomatik olaraq Cənubi Qafqazda yeni müharibə deməkdir.

Hər halda Fransanın Ermənistandakı diplomatik nümayəndəliyinin rəhbərinin ritorikasından belə aydın olur.

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan iqamətgahında Fransanın Ermənistandakı səfiri Conatan Lakotu qəbul edib.

N.Paşinyanın dediyinə görə, yaxın gələcəkdə Fransa prezidenti Emmanuel Makronun İrəvana rəsmi səfərini gözləyir.

Sürəkli olaraq N.Makronla təmaslarda olduğunu vurğulayan N.Paşinyan deyib: "ATƏT-in Minsk Qrupunda həmsədr ölkə olan Fransanın fəaliyyətini və regionda stabilliyin möhkəmlənməsinə yönəlmiş səylərini yüksək dəyərləndiririk".

C.Lakotun cavabı maraqlıdır: "Bölgədə yaşanan prosesləri diqqətlə izləyirik. ATƏT-in Minsk Qrupunun fəaliyyətinin və danışıqların bərpası üçün qətiyyətli səylərimizi davam etdirəcəyik. Xüsusi vurğulamaq istərdim ki, Dağlıq Qarabağ münaqişəsi hələ nizamlanmayıb. Məsələnin həlli yalnız Dağlıq Qarabağın statusunun dəqiqləşdirilməsindən sonra mümkün olacaq. Bundan başqa, atəşkəs rejiminin pozulmasının yolverilməz olduğunu vurğulamaq istərdim".

Səfirin açıqlamasından vəcdə gəlmiş N.Paşinyan dərhal söyləyib: "Regionda qeyri-stabillik yaratmaq üçün Azərbaycan əlindən gələni edir. Bakıda ən yüksək səviyyədə səslənən aqressiv ritorikalı daimi bəyanatlar buna sübutdur. Dünya birliyi baş verənlərə adekvat reaksiya verməli, gərəkli qərarlar qəbul etməlidir".

Nikol Paşinyanın bəyanatlarının məzmunu, forması və izhar tərzi əsla maraqlı deyil. Ermənistanı idarə edən bu şəxsin siyasətdə tam diletant, idarəetmədə yarıtmaz, diplomatiyada isə "axsaq ördək" olduğu bəlli məsələdir.

Onun fransalı səfirlə görüşündəki açıqlamaları da daxili auditoriyaya hesablanmış bəyanatlardır.

"Maraq" kəsb edən məqam Fransanın Ermənistandakı səfiri Conatan Lakotun diplomat kimi yox, aşkar provokator kimi çıxış etməsi və marazmatik açıqlamalar verməsidir.

C.Lakot "Mins Qrupu çərçivəsində danışıqların davam etdirləcəyini" deyir. Nəyə əsasən, hansı arqumentlərlə, niyə - sualların cavabı yoxdur.

ATƏT-in Minsk Qrupunun yaradılmasında məqsəd Azərbaycan ərazilərinin bir qisminin Ermənistan tərəfindən işğalda saxlanmasına son qoymaq, Dağlıq Qarabağ münaqişəsini dinc danışıqlar vasitəsilə nizamlamaq idi.

44 günlük Vətən Müharibəsinin sonucları bəlli: Ermənistan qoşunları Azərbaycan ərazisindən çıxarılıb, işğala son qoyulub. Və beləcə, "Dağlıq Qarabağ münaqişəsi" ifadəsi tarixə qovuşub.

"Dağlıq Qarabağın statusu" ifadəsi də anaxronizmdir, çünki "Dağlıq Qarabağ" anlayışı ümumiyyətlə yoxdur - olan Qarabağdır.

Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsündə isə Şərqi Zəngəzur da var.

Yəni Azərbaycan vətəndaşları olan qarabağlı ermənilərin "status" seçimi ilə iki variantı var: ya ölkəmizin qanunvericiliyinə tabe olaraq Azərbaycanın vətəndaşlıq pasportlu şəxslər statusuna malik olacaqlar, ya da bunu etməyib Qarabağı tərk edən şəxs statusunu qazanacaqlar.

İndi postmünaqişə, regional kommunikasiyaların bərpası, sərhədin delimitasiyası və demarkasiyası dönəmidir.

Qarabağ münaqişəsini birtərəfli qaydada həll edən Azərbaycan indi regionda qalıcı sülhün və stabilliyin bərpsında maraqlıdır.

Aktuallığını və formatının məntiqini itirmiş Minsk Qrupunda həmsədr olan Fransa isə Azərbaycana qarşı sürəkli demarşlar, təhriklər siyasətini indi aşkar marazm səviyyəsində olan "Dağlıq Qarabağın statusu ilə bağlı danışıqlar aparılmalıdır" absurduna endirib.

Bəhs etdiyimiz absurd təhlükəli, yanlış, Ermənistanın sərsəm ritorikasını dəstəkləməyə yönəlmiş yoldur.

Fransa "Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb" deyirsə, buyursun, zəhmət deyilsə, rəsmi Bakıya anlatsın ki, problem necə həll olunmalıdır.

Prezident İlham Əliyev sözügedən məsələ ilə bağlı deyib: "Əgər dırnaqarası Dağlıq Qarabağın statusundan söhbət gedirsə, mən demişəm, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlədilməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var. İyulun 7-də imzaladığım Fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı, vəssalam. Bütün Qarabağa aid olan rayonlar orada birləşib. Şərqi Zəngəzur iqtisadi zonası yaradılıb. İndi Ermənistanda bu məsələ ilə bağlı isterikaya qapılırlar. Buna ehtiyac yoxdur, Şərqi Zəngəzur bizim tarixi torpağımızdır, Qərbi Zəngəzur bizim tarixi torpağımızdır. Biz tarixi unuda bilmərik, kiminsə siyasi maraqlarının girovuna çevirə bilmərik. Gəlsinlər, açsınlar tarixi sənədləri, xəritələri, baxsınlar, sovet hökuməti Zəngəzuru nə vaxt Azərbaycandan qoparıb Ermənistana verib. Bu, yaxın tarixdir - 101 il bundan əvvəl. Yəni, biz deyək ki, bu, olmayıb? Nəyə görə? Biz həqiqəti deyirik. Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur - Şərqi və Qərbi Zəngəzur. İndi Ermənistanda deyirlər ki, İlham Əliyev ərazi iddiası ilə çıxış edir. Əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq. Bunu hələ on il bundan əvvəl demişəm. Mənim çıxışlarım hamısı mətbuatda var. Demişəm ki, bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur".

Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır. Lakin rəsmi İrəvan bu istiqamətdə heç bir addım atmır. Tam əksinə, sərsəm bəyanatlar səslənir, illüziyalar təkrarlanır.

Nikol Paşinyan administrasiyasının mənsublarının və Ermənistandakı siyasətçilərin bəhs etdiyimiz bəyanatlarının intensiv olmasının səbəblərindən biri də Fransanın hakimiyyət dairələrinin erməni xülyalarına təkan vermələridir.

Conatan Lakotun səfir fəaliyyəti çərçivələrini aşaraq Azərbaycanı hədələməsi və Nikol Paşinyanıi da vəcdə gətirməsi çox böyük səhvdir.

Lakotun idiotizmi Ermənistan rəhbərliyini və ermənilərin orqanizmlərində qısamüdətli də olsa, "bəxtəvərlik fermenti" adlanan serotinin miqdarını artıra bilər.

Fəqət, Ermənistan bu təhlükəli amneziyadan ayılmalı, Fransanın Cənubi Qafqazda yürütdüyü təhrikedici və destruktiv diplomatiyasının torundan çıxsa, ermənilər üçün pis olmaz.

Əks təqdirdə, gec olacaq.

Çox gec.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.