Siyasət

Avropa qərarını verdi: "Dağlıq Qarabağ münaqişəsi" keçmişdə qaldı

9 İyul 2021 13:07
Baxış: 4 796

"Azərbaycana ilk səfərimi elə indi başa vurdum, çox şey gördüm və öyrəndim. Çox dolu, zəngin səfər idi. Hesab edirəm ki, Azərbaycanla tərəfdaşlığımıza yeni impuls verərək, sürətləndirməyi bacardıq".

Ölkəmizdə səfərdə olmuş Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi Tiflisdə belə deyib.

Varheyli Bakıda olarkən Avropa İttifaqı ilə Azərbaycan arasında müxtəlif sahələr üzrə əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd etmiş, Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu bildirmişdi.

Avropa İttifaqı ilə Azərbaycan arasında nəqliyyat, yaşıl enerji, rəqəmsal texnologiyalar, elm, təhsil və digər sahələr üzrə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparan O.Varheyli işğaldan azad edilmiş ərazilərdə minalardan təmizləmə, bərpa və yenidənqurma işlərində Avropa İttifaqının Azərbaycanı dəstəkləməyə hazır olduğu vurğulamışdı.

Avropa Birliyinin yüksək çinli diplomatının açıqlamasında önəmli məqamlar çoxdur, amma onların arasında ən diqqətçəkəni, fikrimizcə, budur: "Bakıda Dağlıq Qarabağla bağlı postkonflikt planı və savaşın fəsadlarının aradan qaldırılmasını, habelə regionda uzunmüddətli sülhün bərqərar olmasını nəzərdə tutan postkonflikt ideyaları müzakirə etdik. Gürcüstanın vasitəçiliyi ilə minalanmış ərazilərin Bakıya verilməsi və Bakının da erməni hərbçilərini Ermənistana təhvil verməsi kimi tərəflərin ilk aşkar qarşılıqlı fəaliyyətinin şahidi olmağımızı çox mühüm hesab edirik".

Oliver Varhelyinin bəyanatı təsadüfi, emosional və ya sadəcə, diplomatik bəlağət nümunəsi deyil.

Onun açıqlaması əslində, gözləniləndi.

Rəsmi Brüssel regionda yaranmış yeni reallığı, Azərbaycanın 44 günlük Vətən Müharibəsi ilə formalaşdırdığı gerçəkliyi görür və bölgədəki yeni gücün mənafelər toplusunun əslində regional inkişaf, dayanıqlı sülh və stabillik olduğunu anlayır.

Məhz bu səbəbdən Brüssel indi Bakı ilə bölgənin postkonflikt planını və postkonflikt ideyalarını müzakirə edir.

Bu, həm də rəsmi Bakının növbəti, özü də çox önəmli geosiyasi qələbəsi, xarici siyasi kursun irəliləyişi, hücum diplomatiyamızın nəticəsidir.

"Dağlıq Qarabağ münaqişəsi" isə artıq, gerçəkdən də yoxdur. Bu anlam və ifadə artıq məzmununu, mahiyyətini və mənasını itirib.

Dağlıq Qarabağ münaqişəsinin konteksti işğalçı Ermənistanın hərbi birləşmələrinin Azərbaycan ərazisində, Dağlıq Qarabağda və ətrafdakı rayonlarda olması idi.

Bu, işğal idi və 28 il davam etdi.

Ötən ilin sentyabrın 27-də başlayıb noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli bəyanatın imzalanması ilə başa çatan Vətən Müharibəsi İrəvanın işğalçılığına son qoydu.

Hazırda Azərbaycan ərazilərində Ermənistanın hərbi birləşmələri yoxdur və bu, aprior olaraq "Dağlıq Qarabağ münaqişəsi" anlamını daşıyıcı, hətta formalaşdırıcı mahiyyətindən məhrum edir.

Unutmayaq ki, son 28 ildə münaqişənin iki tərəfi vardı - Bakı və İrəvan. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə onillərdən bəri aparılmış danışıqlar prosesinə qarabağlı ermənilər də tərəf qismində qatılmağa çalışsalar da, onların bu cəhdləri sürəkli uğursuzluqla nəticələnib.

Onların "millətin öz müqəddəratını təyin etmək hüququ" iddiaları beynəlxalq hüququn təməl prinsipləri arasında önəmli yer tutan "ərazi bütövlüyü və sərhəd toxunulmazlığı" anlamı qarşısında absurd iddia, heç bir əsas olmadan "arqument" qismində təqdim edilən demaqogiya idi.

Ötən illər ərzində "Dağlıq Qarabağın statusu" sürəkli, hətta fasiləsiz müzakirə olunub.

Ermənistan və qarabağlı ermənilər, habelə onların çoxsaylı siyasi və s. hamiləri "status"un referendum vasitəsilə həllini, bunun müqabilində də Ermənistanın işğalda saxladığı rayonların "5+2" prinsipi ilə azad edilməsin təklif edirdilər. Çoxsaylı planlar, variantlar və təkliflər siyahısında dəyişməyən bir məqam vardı: Kəlbəcər və Laçın rayonları "Ermənistanla Dağlıq Qarabağ arasında kommunikativ ərazi, nəqliyyat və təhlükəsizlik dəhlizi" qismində İrəvanın nəzarətində qalmalıydı.

Eyni zamanda, o da israrla vurğulanırdı ki, qarabağlı ermənilərin "status" problemi həllini tapmayınca münaqişənin dinc yolla nizamlanması sadəcə, mümkün deyil.

Fəqət, Azərbaycan 44 günlük Vətən Müharibəsi ilə sübut etdi ki, bunun əksi mümkündür.

İndi nə münaqişənin "referendum"la həlli, nə çoxsaylı "həll variantları" var, nə də münaqişənin özü var.

Heç Dağlıq Qarabağ da yoxdur: olan Qarabağ və Şərqi Zəngəzurdur.

Oliver Varhelyiin bəyanatı həm də Azərbaycanın tərkibində "Dağlıq Qarabağ" adlı inzibati-ərazi vahidinin heç zaman olmayacağını Avropa Birliyinin də konstatasiya etməsidir.

Hazırda Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazilərin də bəlli müddətdən sonra vahid Azərbaycana reinteqrasiyası qaçılmazdır.

Avrokomissar O.Varheylinin açıqalamasında digər maraqlı məqam budur: "Azərbaycan bögənin ən sürətlə inkişaf edən, COVİD-10 səbəbindən mənvi iqtisadi reaksiyanın ciddi fəsadlarına məruz qalmamağa imkan vermiş uğurlu anti-pandemiya mübarizəsi aparmış ölkədir. Lakin Azərbaycanın inkişafı bütün Cənubi Qafqazın inkişafından asılıdır. Azərbaycanın hakimiyyət dairələri ilə bölgədə iqtisadiyyatın Bakıya da fayda verəcək inkişafını müzakirə etdik. Ümumi məsələ var - rabitə və kommunikasiyaların olmaması. Bu səbəbdən orta və uzunmüddətli perspektivdə iqtisadi inkişafla iş yerlərinin artmasına səbəb olacaq ticarətlə investisiyaların miqyasının artımı üçün məhdud potensialı müşahidə edirik. Rabitə odur ki, Qara dənizi Xəzər dənizi ilə birləşdirməliyik. Bizə Azərbaycandan keçərək Qara dənizədək və Avropaya qədər ticari marşrutlar gərəkdir".

O.Varheli Azərbaycan və Gürcüstandan sonra bu gün Ermənistana yollanıb.

Ümid edirik ki, o, Avropa Birliyinin mövqeyini Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyana anlada biləcək.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.