Siyasət

Şuşada tarixi Bəyannamə İMZALANDI – 11 səhifəlik sənəddə nədən bəhs olunur?

15 İyun 2021 18:03
Baxış: 23 248

İyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın işğalından azad olunan Şuşa şəhərinə tarixi səfər edib və Qarabağın ürəyi olan Şuşada tarixi bəyannaməyə imza atılıb.

11 səhifəlik Bəyannamədə Azərbaycan və Türkiyə birgə müdafiə və qarşılıqlı hərbi yardım öz əksini tapır.

Sənəddə "Zəngəzur dəhlizi"nin açılması məsələsi, ən başlıcası isə Azərbaycan və Türkiyə birgə müdafiə və qarşılıqlı hərbi yardım öz əksini tapır.

Şuşa Bəyannaməsinin bəzi bəndləri:

Ümumi maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətin qarşılıqlı koordinasiyası;

Müdafiə sənayesi sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri;

Azərbaycanla Türkiyəni birləşdirəcək Zəngəzur dəhlizinin açılması məsələsi;

Cənubi Qafqaz bölgəsində stabillik və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, habelə region ölkələri arasında münasibətlərin normallaşması, uzunmüddətli sülhün təminatı;

Üçüncü dövlət və ya dövlətlərdən tərəflərdən birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, dünya birliyi tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığı və ya təhlükəsizliyinə təhdid, yaxud aqressiya olarsa birgə məsləhətləşmələrin keçirilməsi;

Silahlı Qüvvələrin güc və idarəetmə stursturlarının koordinasiya edilmiş fəaliyyətinin təşkili;

Silahlı Qüvvələrin müasir tələblərə uyğun olaraq yenidən qurulması və modernləşdirilməsi;

Hər iki dövlətin milli təhlükəsizlik məsələləri ilə bağlı müntəzəm birgə toplantıların keçirilməsi, bu toplantılarda iki ölkənin milli maraqlarına və mənafelərinə uyğun olan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi;

Milli iqtisadiyyatların və ixracatın diversifikasiyasına yönəlmiş səylərin gücləndirlməsi, malların azad yerdəyişməsinin təşkili mexanizmlərinin yaradılması üçün zəruri tədbirlərin görülməsi, Cənub Qaz Dəhlizinin effektiv istifadəsi və bundan sonrakı inkişafına yönəlmiş sylərin davamı, beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissəsinin tranzit-nəqliyyat potensialının intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə bundan sonrakı inkişafı, bölgədə Azərbaycanla Türkiyə birləşdirəcək Zəngəzur dəhlizinin açılması, habelə nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına dəstək;

Azərbaycan-Türkiyə birgə media platformasının imkanları çərçivəsində iki ölkənin müvafiq strukturları arasında informasiya, kommunikasiyalar və ictimai diplomatiya sahələrində əməkdaşlığın gücləndirilməsi, habelə TDAŞ və onunla bağlı strukturlar çərçivəsində fəaliyyətə yeni impuls verilməsi

Şuşa bəyannaməsinin əsas müddəası, fikrimcə, budur:

"Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur."

İmzalanma mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev dedi: "İkinci Qarabağ Müharibəsi tarixdə qaldı. 44 günlük müharibədə Ermənistan ordusu diz çökdü və ağ bayraq qaldırdı. Bu gün dünya miqyasında biz unikal müttəfiqlik nümunəsi göstəririk. Bəyannamədə Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları yer alır. Bu tarixi sözlər bizim fəaliyyətimiz üçün əsas faktordur. Biz bu vəsiyyətə sadiqik".

Azərbaycan çox önəmli tarixi günün yaşayır. Milli Qurtuluş Günündə, Qars Müqaviləsindən tam bir əsr sonra "Bir millət, iki dövlət" prinsipinə əsaslanan münasibətlərlə əlaqələrə malik iki dost, qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin tarixlərində yeni mərhələdir.

Eyni zamanda bu sənəd ölkələrimiz arasındakı münasibətləri keyfiyyətcə ən yüksək müstəviyə, qarşılıqlı əlaqələrin zirvəsinə çatdırdı.

Ölkələrimiz arasındakı tərəfdaşlıqla əməkdaşlığın gələcəkdə də intensiv inkişafının təminatçısı olan Şuşa Bəyannaməsi eyni zamanda keçmişimizə sadiqlik, ənənələrin davamı, orta və uzaq perspektivdə təmaslarla işbirliyinin ən ciddi təminatıdır.

Azərbaycanla Türkiyə arasındakı əlaqələrin bütün sahələrini əks etdirən sözügedən sənəd bir daha göstərdi ki, ölkələrimiz daim bir-birlərinin yanında olacaq, bir-birlərinin təhlükəsizliyini təmin edəcəklər.

Şuşa Bəyannaməsi göstərdi ki, Azərbaycan və Türkiyə həmişə bir yerdə olacaqlar və bir birinin təhlükəsizliyini təmin edəcəklər. Bundan başqa, yardaş Türkiyənin siyasi və mənəvi dəstəyi Azərbaycana əlavə güc verəcək.

11 səhifədən ibarət sənəddə Zəngəzur dəhlizi haqqında müddəanın da əks olunması müstəsna önəm daşıyır.

... Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfərini Cənubi Qafqaz bölgəsi ilə yanaşı, Avropa və Asiya ölkələri, bütün region diqqətlə izləyir.

Beləliklə, Azərbaycan və Türkiyənin dövlət başçıları həddən ziyadə ciddi əhəmiyyətə malik Şuşa Bəyannaməsini imzaladılar.

Tarixi sənədin başlıca məqsədi Cənubi Qafqaz bölgəsində sülh və stabilliyin bərqərar olması, nəqliyyat və kommunikasiyaların bərpası, əməkdaşlıqla dialoqun başlanmasıdır. Eyni zamanda, Türkiyə bölgədəki vəziyyətin normallaşması istiqamətində, stabilləşdirmə mexanizmlərinin işlək və dayanıqlı olmasında faktiki təminatçı rolunu boynuna götürərək məsuliyyətli prosesə təkan verir.

Sənəd tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. 44 günlük Vətən müharibəsi zamanı dünya bir daha bunun şahidi oldu. Müharibənin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirdi. Bu, gücümüzə güc qatdı, Qarabağ Zəfərində mühüm rol oynadı. Xüsusən Rəcəb Tayyib Ərdoğanın Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradında Prezident İlham Əliyevlə yan-yana dayanması ölkələrimizin birliyini, xalqlarımızın qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdi.

Şuşa Bəyannaməsinin strateji mahiyyəti isə Azərbaycanla Türkiyənin müttəfiqlik və dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətlərinin daha da intensivləşdirilməsi ilə yanaşı, keyfiyyətcə dəyişərək inkişaf etdirilməsidir.

Bununla yanaşı, Şuşada imzalanmış sənəd Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının önəmini və ümumiyyətlə, Rusiyanın bölgədəki rolunu diqqətdən kənar saymır.

Azərbaycan və Türkiyənin dövlət başçıları Şuşada faktiki olaraq aşkar şəkildə Qarabağdakı rusiyalı sülhməramlı kontingentin fəaliyyətinə diqqət və məsuliyyətlə yanaşdıqlarını bəyan etdilər.

Eyni zamanda prezidentlər, rusiyalı və türk hərbçilərin birgə çalışdıqları, Ağdamda yerləşən Birgə Monitorinq Mərkəzinin fəaliyyətini, Rusiya və Türkiyə hərbçilərinin koordinasiyalı işlərini dəstəklədiklərini də vurğuladılar.

Tərəflər qeyd etdilər ki, məhz Rusiya və Türkiyənin Cənubi Qafqazjakı işbirliyi, xüsusilə də Qarabağ problematikasındakı anlamlı tərəfdaşlığı Azərbaycanla Ermənimstan arasında sülh təşəbbüslərinin əsasını qoyaraq gələcəkdə münasibətlərin normaollaşmasının təməlinə çevrilə bilər.

Şuşa Bəyannaməsində Azərbaycanla Türiyənin hərbi-siyasi əməkdaşlığının daha da inkişaf etdirilməsinin nəzərdə tutulması eyni zamanda Ermənistandakı revanşist, yeni müharibə arzulayan qüvvələrə cavabdır. İkinci Qarabağ Müharibəsindən sonra regionda formalaşmış vəziyyəti, yeni reallıqları nəzərə almaq istəməyən qüvvələr Bakı-Ankara hərbi əməkdaşlığı, müttəfiqliyi, birgə müdafiə və qarşılıqlı hərbi yardım məsələlərindəki vahid mövqeni nəzərə almaya bilməzlər.

Azərbaycan Silahlı Qüvvələrinin gücü, qüdrəti, hərbi hazırlıq və təminat səviyyəsinin Türkiyə ilə işbirliyi sayəsində daha da artırılması bölgədə sülhün, stabilliyin və inkişafın rəhnidir.

Beynəlxalq öhdəliklərə və qanunlara əsaslanaraq Azərbaycanla Türkiyə arasında güclənəcək hərbi-müdafiə işbirliyi hücum meylli yox, sülhlə əmin-amanlığın qorunmasına yönəlmiş strateji təşəbbüsdür.

Şuşa Bəyannaməsində məhz bu səbəbdən Azərbaycanla Türkiyənin üçüncü dövlətlərin maraqlarına və təhlükəsizliyinə qarşı yönəlməmiş birgə fəaliyyətindən bəhs olunur. Bu məqam Bakı ilə Ankaranın xarici siyasət doktrinalarında da əks olunub.

Azərbaycanla Türkiyə arasındakı hərbi-strateji müttəfiqlik bütün forma və təzahür hallarında terrorizm, kütləvi qırğın silahları, mütəşəkkil cinayətkarlıq, çirkli pulların yuyulması, qanunsuz narkotik maddələr dövriyyəsi, insan alveri və qanunsuz miqrasiya ilə mübarizəyə yönəlib.

Bu isə regional stabilliyin möhkəmlənməsi ilə yanaşı, beynəlxalq təhlükəsizliyə töhfədir.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.