Siyasət

Azərbaycan Ordusu Zəngəzur dəhlizinin tam yaxınlığında təlim keçdi - MESAJ

9 İyun 2021 00:45
Baxış: 2 566

"Hazırda Ermənistanın hərbi-siyasi rəhbərliyi çox acınacaqlı bir durumdadırlar. Həm daxili auditoriyanı rahatlaşdırmaq üçün bir bəyanat verməlidirlər, digər tərəfdən də onların üzərində Azərbaycanın təzyiqləri müşahidə olunur".

Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert bildirib ki, Ermənistanın üçtərəfli bəyanatları icra etməkdən başqa çıxış yolu yoxdur:

"10 noyabr və 11 yanvar üçtərəfli birgə bəyanatlarının yerinə yetirilməsi Ermənistan üçün mütləqdir. Təbii ki, Azərbaycan Ermənistanın 6 aydan çoxdur  davam edən həyasızlıqlarına qismən təmkinlə yanaşır. Lakin o demək deyil ki, bu proseslər belə də davam edəcək. Azərbaycan da müqvilənin şərtlərinin yerinə yetirilməyəcəyi təqdirdə həmin o birgə bəyanatdan çıxmaq hüququnu daim özündə saxlayır.

Prezident İlham Əliyevin də vurğuladığı kimi, bəyanatda yerinə yetirilməyən bəndlərdən biri də Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Ali Baş Komandan həmin dəhlizin Azərbaycanın güc yolu ilə açılmasının mümkünlüyünü çox qəti şəkildə bəyan edib. Naxçıvan ərazisində həmin dəhlizin tam yaxınlığında keçirilən bizim Əlahiddə Ümumqoşun Ordumuzun təlimləri də bu istiqamətdə Azərbaycanın lazımı hazırlıqlarını gördüyünün siqnalını verir. İstənilən halda Ermənistan bu şərtlərə, imza atdığı bəyanatlara riayət etmək məcburiyyətindədir. 

Bir neçə gün öncə Ermənistan baş nazirinin müavini bir bəyanat verdi ki, biz bu müqavilədən çıxırıq. Ardınca isə məlum oldu ki, Ermənistan Rusiyada Azərbaycan tərəfi ilə həmin bəyanatın şərtlərinin yerinə yetirilməsi üzrə danışıqlarda iştirak edir. Belə deaktiv bəyanatlar və fəaliyyətlər Ermənistan tərəfinin əvvəlki kimi qeyri-səmimi olduğunu nümayiş etdirsə də, onların başqa çıxış yolu olmadığını bir daha sübut edir".

Təhməz Əsədov
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.