Siyasət

Düşmən Azərbaycanı pusquya salmaq istəyir - Rusiya təhlükədən xəbərdardır

22 Aprel 2021 11:18
Baxış: 3 117

Xankəndi meydanında keçirilməsi nəzərdə tutulan 9 may paradı Azərbaycan cəmiyyətində xüsusi etiraz doğurub. Cəmiyyət paradı Azərbaycan qarşısında güc nümayişi və sülhməramlıların missiyasını artıq neçənci dəfə aşması kimi dəyərləndirir.

Rusiya sülhməramlılarının 9 may Qələbə günündə Xankəndində hərbi parad keçirmək istəyi eyni zamanda Ermənistanda, xüsusilə də Rusiyadakı lobbinin əlinə əməlli-başlı fürsət verib. Azərbaycanla Rusiyanın münasibətlərini gərginləşdirmək baxımından düşmən üçün göydəndüşmə bu fürsəti deaktiv etmək üçün rəsmi Bakı qədər Kreml də maraqlı olmalıdır. Şuşaya atıldığı üzə çıxan "İsgəndər-M" operativ taktiki raket kompleksi ilə bağlı arada yaranan soyuqluğun reallıqda Rusiya üçün istənilən halda problemdən başqa bir şey deyil. Digər bir yandan da sülhməramlı kontingentinin nəzarətində olan ərazilərdə separatçı rejim nümayəndələrinin xaricdən aldıqları tapşırıq əsasında növbəti təxribat cəhdi rəsmi Moskvanın bayram əhval-ruhiyyəsinə soğan doğruya bilər. 

Görünür elə buna görə Azərbaycan dövlətinin 6 aydan çoxdur "İnterpol"la axtarışa verdiyi qalıqları hələ də mövcud olan qondarma rejimin baş separatçısı Araik Arutyunyan təcili olaraq Moskvaya çağırılıb. Xankəndindəki separatçı rejimin qondarma mətbuat katibi Lusine Avanesyanın bu haqda "Hazırda danışacaq bir sözüm yoxdur" deyərək şərh etmək istəməyib. "A.Arutyunyanın Moskvaya getməsi faktını inkar edirsinizmi?" sualına isə  Avanesyanın "Şərhlərə ehtiyac yoxdur..." cavabını verməsi iddiaları bir az da artırmış olur. Görünür ki, Moskvada Araikə Ermənistan baş naziri Paşinyanla münasibətləri Rusiyanın maraqlarına uyğun tənzimləməyi, 44 günlük müharibənin regionda yaratdığı yeni reallığa əsasən onun (Araik) arzularının çoxunun separatçı rejimin gələcəyinə zidd olduğuna inandırmaq istəyirlər.

Amma Rusiya sülhməramlılarının 9 may günündə Xankəndində hərbi parad keçirməsi sülhməramlılarla separatçı rejim arasında bəzi sövdələşmələrə səbəb olduğu barədə söz-söhbətlər də səngimək bilmir. Bu barədə Ermənistan parlamentinin deputatı Sofya Ovsepyanın Feysbuk səhifəsində yazdığına inansaq, Rusiya sülhməramlıları Qələbə paradına hər cür dəstək verməyə hazır olduqlarını bildirən separatçı rejimin qarşısında tələb qoyaraq Njdenin heykəlinin 9 may gününədək demontaj olunacağını istəyib. Bununla bağlı olaraq Rusiyanın təlimatı əsasında separatçı rejimin liderləri Xocavənd meri və əhalinin müəyyən hissələri ilə təbliğat söhbətləri aparırlar.

Sofya Ovsepyanın açıqlaması postmüharibə dövründə Azərbaycanın istəyinə nail olmaq yolunda vacib həmlələr etdiyini üzə çıxarır. Ermənistan parlamentinin deputatı bildirib ki, "Biz Mahatma Qandiyə heykəl qoyuruq, Martunidə (Xocavənddə) Njdenin heykəli isə 9 mayadək sökülməlidir. Rahat olmuşdunuz, elə zənn etmişdiniz ki, məsələ həll olub? Olmayıb, əl altdan işlədilər. Adamlara izah ediblər ki, götürülməlidir, variant yoxdur".

Hadisələrin bu cür xronoloji ardıcıllığı bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin Hacıqabul səfəri zamanı dediyi kimi Azərbaycanın hazırki vəziyyətdə əsas rəqibi zamandır. Bu gün Ermənistanda bəzi revanşist qüvvələr baş qaldıranda bilməlidirlər ki, onların başı istənilən zaman əziləcəkdir. Parad zamanı düşmənin Azərbaycan torpağında növbəti təxribatı özünə qazılmış quyudan başqa bir şey olmayacaq. 

Qarabağın erməni nəzarətində qalan hissəsi ilə bağlı cəmiyətimizdə müəyyən pessimizmi və narahatlığı, eləcə də süni qızışdırılan, müxtəlif mənşəli və məqsədli siyasi spekulyasiyaları nəzərə alsaq, ən pessimist ssenari belə bu gün Ermənistanın perspektivsiz cəhdləri sayəsində tamamilə dəyişmək imkanına sahibdir. Ola bilsin, bu dediklərim pessimistlərin ürəyincə pessimist, alarmist ssenari olmadı. Daha pessimist ssenarini, amma bayağı təbliğat şablonları ilə yox, ağlabatan arqumentlərlə iki gün öncə Azərbaycan Prezidenti açıqladı. Azərbaycan Ordusu 44 günlük müharibə ilə Ermənistanın 30 illik planlarını yerlə bir etdisə, postmüharibə mərhələsində 1 əsirlik "tarix"in üstündən xətt çəkməyi planlayır. Amma biz demirik ki, bunu tankla, topla edəcəyik...

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.