Siyasət

Erməniyə canları yanan azərbayCANSIZlar: humanizm unutmaq deyil

20 Aprel 2021 09:30
Baxış: 2 139

"Zaman gələcək, insanlar qılınclarını döyərək kotanlara, nizələrini oraqlara çevirəcəklər, xalqlar arasında savaş olmayacaq, müharibələrə son qoyulacaq". İncildə peğəmbərlər İsayya və Mixeyə şamil edilən bu ifadənin minlərlə il yaşı var.

Bakıda saılmış Hərbi Qənimətlər Parkı barədə deyilən "tənqidi fikir"ləri, səslənən ittihamları və bəyan edilən gileyləri eşitdikcə, gördükcə, duyduqca sadəcə, təəssüflənirəm.

Məsələ heç də Parkda deyil.

Məsələ elementar və primitiv perfomans istəyində, qərəzdə, gerçəkdən uzaq suçlamalarda və subyektivlikdədir.

Həqiqət birdir: harada, kimlər tərəfindən və nə zaman deyilməsindən asılı olmayaraq.

Ötən ilin sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin mövqelərimizi, sonra da kəndlərimizi artilleriya atəşinə tutaraq hücuma keçmək istəyi ilə başlayan, noyabrın 9-da isə elə həmin Ermənistanın tam məğlubiyyəti və total kapitulyasiyası ilə başa çatan İkinci Qarabağ Müharibəsi ölkəmizin, xalqımızın, hər birimizin zəfəridir.

28 illik işğalı sonuclamaqla bahəm, bu zəfər Azərbaycan dövlət müstəqilliyi qazanandan bəri ilk və tam qələbəmizdir.

Qalib xalq, dövlət və qövm təbii ki, qələbəsini bayram edəndən sonra bu məşəqqətli savaş günlərini xatirələrdə yaşatmaq istəyir.

Xatirə və yaddaş isə birmənalı, homogen nəsnə deyil - onun tərkib hissələri arasında qələbənin kim üzərində qazanıldığını şərtləndirən məqam var.

Əsas məqamlardan biri olan bu nəsnə özündə düşmənin kimliyinin bəlirlənməsini ehtiva edir.

Hərbi Qənimətlər Parkı da o ehtivanın vizuallaşdırılmış obrazlar toplusu olmaqla yanaşı, xalqımızı məhv etməyə çalışan düşmənin istifadə etdiyi hərbi texnikanın, silahın və sursatın nümayişidir.

Parkı tənqid edənlərin arqumentləri çox zəifdir - bu barədə, az sonra.

İddialar da bisavad və səthidir, çünki Hərbi Qənimətlər Parkına görə Azərbaycan hakimiyyətini suçlayaraq cəmiyyəti az qala ifrat militarizmdə günahlandıranların tarix, mədəniyyət barədə bilikləri, yumşaq desəm, dolğun deyil.

1957-ci ildə sovet heykəltaraşı E.Vuçetiç gürz zərbəsi ilə qılıncı kotana çevirən dəmirçi heykəli hazırlamışdı. Sabiq Sovetlər Birliyinin rəhbərliyinin qərarı ilə "Qılıncları kotanlara çevirək" adlanan bu heykəl Birləşmiş Millətlər Təşkilatına hədiyyə olundu.

Abidə indi də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahının önündədir.

İncildəki süjetin obraz şəklində gerçəkləşməsi humanizm, şəfqət, savaşların inkarı, sülh istəyi və əmin-amanlıq istəyidirmi?

Təbii.

Bəs belədirsə, Bakıdakı Hərbi Qənimətlər Parkı ilə bağlı mənasız, dedi-qodu selini xatırladan və hələ də səngiməyən absurdun səbəbi, məğzi və qayəsi nədir?

Özlərini humanist, insani dəyərlər sadiqi, beynəlxalq hüquq cəngavəri və az qala ermənilərin psixoloji durumlarının müdafiəçisi kimi göstərməyə çalışanlar, "Qərb dəyərləri" təki marazmatik ifadə ilə səciyyələndirilən yanlışlıqlar toplusuna sadiq olduqlarını göstərərək libertarianlıqda yeni rekord vurmaq istəyənlər nə dediklərinin, nə istədiklərinin və ümumiyyətlə, nəyə vaysınmalarının fərqindədirmi?

Bakıdakı Hərbi Qənimətlər Parkının analoqlarına dünyanın müxtəlif ölkələrində rast gəlinir. Elə həmin Qərb ölkələrində onlarla muzey var ki, qalib xalq və dövlət məğlub etdiyi düşməni heç də Belvederli Apollon, yaxud Hermes qismində göstərmir. Tam əksinə, fransızların muzeylərində almanlar zavallı və eybəcər, ingilislərin dioramlarında düşmən qaniçən, Rusiyadakı analoji muzeylərdə düşmən qaniçən cəllad obrazınadır.

Bu, öz yerində və mövzu barədə dəfələrlə yazdığımızdan izafi şərhə zərurət duymuram.

Antitezlərə varaq və fərz edək ki, Hərbi Qənimətlər Parkı ilkdir, təkdir və heç bir analoqu da yoxdur.

Sözügedən parkdakı fənərlər İkinci Qarabağ Müharibəsində düşmənin bizə atdığı mərmilərin gilizlərindən, skamyalar sursat yeşiklərindən hazırlanıb. Səngərlər ermənilərin Qarabağda, işğal etdikləri ərazilərimizdə 28 il ərzində goreşən kimi qazdıqları, on kilometrlərlə uzunluğu olan eşelonlaşmış müdafiə xətlərinin tam təkrarıdır.

Belədə, qayıdırıq peyğəmbərlər İsayya və Mixeyin dediklərinə, sonra da Vuçetiçin abidəsinə, çünki Bakıdakı Hərbi Qənimətlər Parkı ermənilərin aşağılanması, təhqir olunması, onların bədheybət və idbar göstərilməsi deyil.

İdeya fərqlidir, məqsəd torpaqlarımızı işğal edən qüvvənin cəlladlığını, amansızlığını, yazılı və yazılmamış qanunları heçə saymasını, beynəlxalq hüququ tanımamasını, dinc insanlarımıza divan tutmasını, terroru dövlət siyasəti səviyyəsinə yüksəltməsini göstərməkdir.

Bu park sülhün savaş, insanlığın vəhşilik, qanunların cəlladlıq, ədalətin zülm üzərində qələbəsinin simvoludur.

Parkdakı manekenlər də heç bir halda ermənilərin etnos, millət və ya toplum qismində aşağılanması, Bakının anti-erməni siyasət yürütməsinin izharı və ən nəhayət, antihumanist nümayiş sayıla bilməz.

Bakıdakı Parkla bağlı təşvişə düşən S.Osmanqızı və digərlərinin humanizmə istinadlarına gəldikdə isə, arqumentasiya qüsurludur.

Çünki humanizm kimi qələmə verilən libertarian dəyərlərin şəfqət və insanpərvərliklə heç bir əlaqəsi yoxdur.

Lakin sadəcə, nominal, de-yure azərbaycanlı sayılan Arif Yunus, Sevinc Osmanqızı və ilaxırlar Parkı az qala anti-Oradur və ya anti-Osvensim sayırlar.

Onların fikrincə, əslində haqqın Şər üzərində qələbəsinin memorialı sayılacaq Park yolverilməzdir.

"Hərbi Qənimətlər Parkı, ümumiyyətlə bu qənimətlər var və göstərilməlidir. Mən də razıyam, amma bunun bir yolu tapılmalıdır. O dünyaya hərb yox, məhz sülh mesajı verməlidir. Əgər mən öz təklifimi versəydim, deyərdim ki, həmin o, erməni güllələrini yığıb, bir yerdə ondan Bakı göyərçini düzəltmək olardı".

Bu fikirləri YouTube-dakı "Osmanqızı TV" kanalının canlı efirində jurnalist Sevinc Osmanqızı deyib.

"Sən düşmən üzərində qələbə qazanacaqsan, amma onu aşağılamaq nəyə gərək? Sən qalib tərəfsənsə, qalibin dili fərqli olmalıdır. Güclünün dili fərqli olmalıdır, o zəiflərdir həmişə dil uzatmağa çalışır. Ona görə də bu ideya üzərində hələ də işləməyin yeri var".

... İnsanın növ kimi özünü qoruması baxımından humanizm işləkdir və populyasiyanın ayaqda qalmasına yönəlib.

Sosial, mənəvi və əqli təkamül baxımından kollektiv Qərbin libertarian dəyərlər üzərində qurulmuş saxta humanizm modeli ziyanlıdır, çünki zərurəti minimuma endirərək fərdin inkişafını əngəlləyir.

"Hamı barəbərdir" prinsipinə əsaslanan bu dəyərlər toplusu ikili siyasəti, şəraitə görə əlcək kimi dəyişdirilən "əxlaq kodeksi"ni şərtləndirir.

Məhz budur "Qalibin dili fərqli olmalıdır" ifadəsinin məcazsız izharının səbəbi. Hərgah ifadə sadəcə, bir nəfərin şüur məhsulu olsaydı, yanlışlığına rəğmən, fərdin özəl fikri, mövqeyi kimi qəbul edilə bilərdi.

Lakin həmişə olduğu kimi, özlərini müstəqil bloqer və az qala mövcud siyasi müstəvidəki üçüncü qüvvə, alternativ fikir daşıyıcıları kimi təqdim edən nominal azərbayanlı miqrant danışanların istisnasız olaraq hamısı bir-birlərini təkrarlayırlar.

Bəli, erməni güllələrini yığıb Parkda Bakı göyərçini də düzəltmək olardı. Amma bir şərtlə ki, o güllələri Ermənistanın Silahlı Qüvvələrinin mənsubları atmayaydılar.

Düşmənimiz 28 il işğaldakı ərazilərimizi viran qoyub, ölülərlə belə, savaşıb, məzarları dağıdıb, kənd və şəhərləri xarabazara döndərib, on minlərlə azərbaycanlının ölümünə bais olub, minlərlə vətəndaşımızı ağlagəlməz işgəncələrlə öldürüb.

Yarasaların izlərindən göyərçin hazırlanmır, buna cəhd göstərməyin özü kollaborasionizm, millətin və dövlətin məruz qaldıqlarını unutmaq cəhdi, könüllü manqurtluqdur.

Xarici ölkələrdəki erməni diasporunun fəallarının, Ermənistan siyasətçilərinin və məmurlarının, habelə ermənilərin maddi və mənəvi dəstək verdikləri avropalı siyasətçilərin ritorikası ilə özlərini cəfakeş millət fədailəri qismində qələmə verənlərin açıqlamaları yenədə az qala, sözbəsöz üst-üstə düşür, təkrarlanır.

Onların bir mərkəzdən idarə olunduğunu düşünmürəm - çap, nüfuz, imkanlar və çəki fərqlidir.

Xarici ölkələrə sığınaraq millətimizin sığınacağı olan Vətəni hədəfə alanların yeni Park ritorikasının məhvərində bir mərkəzin sifarişi var.

Sifariş fərdlərə görə fərqlənir və konkret halda, cılızların ifasında sadəcə, kakafoniyaya çevrilən absurd ittihamlara çevrilir.

Dünyaya sülh mesajı verən Azərbaycan oldu və indi də belədir.

Son 28 ildə olduğu kimi.

Sülh arzusu işğalla barışmaq, torpaqları unutmaq deyil.

Azərbaycan əsgəri vətənində Vətən müharibəsində oldu, qalib gəldi.

Qalibin səsi və əməli sülhdür, zahiri görünüşü isə müzəffər əsgər görünüşü.

İşğalçı məğlub olanda isə təbii ki, mahiyyətini ortaya qoyur.

Bakıdakı Hərbi Qənimətlər Parkındakı manekenlərin obrazları kimi...

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.