Siyasət

Növbə Qazaxın işğal olunmuş kəndlərinə çatdı?

8 Mart 2021 14:00
Baxış: 5 553

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının təxminən 300 hərbçisi və Rusiya Federal Təhlükəsizlik Xidmətinin Errmənistandakı sərhədçiləri dünən Azərbaycanın Qazax rayonu ilə həmsərhəd Tavuş rayonunda idilər.

Onlar 1992-ci ildə ermənilərin işğal etdiyi Barxudarlı kəndində Azərbaycan və Ermənistan arasındakı dövlət sərhədinin demarkasiyası işləri aparıblar.

Eyni zamanda, Ermənistan mediasında və sosial şəbəkələrdə yer alan məlumatlara görə, həmin məkanda Azərbaycan hərbçiləri də olublar. Onlar işğal altında olan müəyyən ərazilərin azad edilməsi ilə bağlı Ermənistan tərəfi ilə danışıqlar aparıblar.

Ermənistan müxalifətçiləri və xüsusilə də Rusiyadakı erməni diasporunun nəzarətindəki çoxsaylı Telegram kanalları dərhal rəsmi İrəvanı xəyanətdə və "əraziləri Azərbaycana peşkəş etməkdə" suçlayıblar.

Bir qədər sonra Tavuş rayonun qubernatoru, daha sonra da Ermənistanın Müdafiə Nazirliyi faktiki olaraq analoji bəyanatla çıxış ediblər: "Ermənistanın hər hansı ərazisinin və ya yaşayış məntəqəsinin Azərbaycana təhvil verilməsindən söhbət belə, gedə bilməz. Sosial şəbəkələrdə yayılan iddialar əsassız şayiələrdir".

Ermənilər də bu açıqlamalardan sonra "rahatlaşıblar" və bəyan edirlər ki, heç bir demarkasiya, yaxud delimitasiya yoxdur.

Halbuki prosesi başlanıb və davam edir.

Ermənistanın rəsmi dövlət qurumları, o cümlədən Müdafiə Nazirliyi "ərazilər təhvil verilmir" dedikdə, əslində, yalan məlumat vermirlər. Bəli, Ermənistanın əraziləri Azərbaycana təhvil verilmir. Söhbət işğal edilmiş Azərbaycan ərazilərindən gedir ki, onlar beynəlxalq hüquqa və anlaşmalara görə, heç bir halda Ermənistan torpaqları sayılmırlar.

Daha dəqiq olsaq, Ermənistanın Tavuş rayonunda Azərbaycanın işğal edilmiş Bağanis Ayrım, Barxudarlı, Sofulu, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri yerləşir.

Ermənistan ərazində anklav statusunda olan bu kəndlərin ərazisindən Azərbaycandan Ermənistanın İcevan və Noembryan rayonlarına dəmir yolu keçirdi.

Noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə görə, müharibədən sonra bölgədə nəqliyyat kommunikasiyaları və regional infrastruktur bərpa olunmalıdır.

Ermənistan da Rusiyaya dəmiryolunun açılması üçün Zənzəgur yox, məhz İcevan istiqamətdə marşrutun bərpasını və işə salınmasını istəyir.

Azərbaycan bu marşruta razılıq verə bilər, amma iki şərtlə.

Həmin şərtlər hazırda Tavuş rayonunda işğalda olan 7 kəndimiz azad olunması və Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur nəqliyyat təhlizinin işə salınması üçün Ermənistanın süni əngəllər yaratmaması.

Zəngəzur dəhlizinin işə düşməsi, nə qədər paradoksal olsa da, ilk əvvəl Ermənistanın maraqlarında olmalıdır.

Çünki işğaldan azad edilmiş ərazilərimizi xatırladan indiki Zəngəzur - ermənilər bu bölgəyə Sünik deyirlər - çox pis vəziyyətdədir. Bölgənin iqtisadi və sosial durumu kritikdir, işsizlik fəlakət həddinə çatıb, sosial-iqtisadi və nəqliyyat infrastrukturu iflic durumdadır, yollar və kommunikasiyalar sanki iki əsr əvvələ məxsusdur. Zəngəzur sakinlərinin 83 faizi yoxsulluq şəraitində yaşayır.

Bu bölgədəki mənzərələr ermənilərin viran qoyduqları Ağdamdan və ya Cəbrayıldan heç nə ilə fərqlənmir.

Tavuş rayonunun da sosial-iqtisadi vəziyyəti ifrat dərəcədə ağırdır.

Belə vəziyyətdə Ermənistan hansısa absurd və idiotik şərtlər irəli sürmək əvəzinə İkinci Qarabağ Müharibəsindən sonrakı regional inteqrasiya proseslərinə qatılmalı, gələcəyini düşünməlidir.

Və unutmamalıdır ki, Zəngəzur da əsrin əvvəllərində erməni işğalına məruz qalmış qədim, əzəli Azərbaycan ərazisidir...

Orxan Hun
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.