Siyasət

İrəvandakı yunan: "Oğlum azərbaycanlılara qarşı vuruşdu, Şuşada həlak oldu" - VİDEO - FOTO

5 Mart 2021 10:50
Baxış: 4 766

"Ermənistanda doğulmuşam və buranın sakiniyəm. Ermənistanı çox sevirəm. Oğlum da İkinci Qarabağ Müharibəsində, Şuşada həlak oldu".

Amerikalı müstəqil jurnalist Patrik Lankaster Ermənistanın paytaxtı İrəvanda baş nazir Nikol Paşinyana qarşı müxalifətdəki 17 partiyanın birləşdiyi "Ermənistanın Xilası" Hərəkatının təşkil etdiyi yürüşlə bağlı reportaj hazırlayıb.

Reportajın "qəhrəman"larından biri Yunanıstan vətəndaşı olan Boris adlı yarıerməni, yarıyunandır.

"Ermənistanda doğulmuşam, 8 il Yunanıstanda yaşamışam. Özüm yunanam, Yunanıstan, yəni Avropa Birliyinin vətəndaşıyam. Oğlumun 25 yaşı vardı. Savadlı oğlan idi, hüquqşünasdı. Buraya gəldik ki, Qarabağda döyüşək", - yürüşə qatılmış yunan deyib.

Onun sözlərinə görə, Erməniistan və ümumiyyətlə ermənilər, sən demə, İkinci Qarabağ Müharibəsində məğlub olmayıblar: "Biz qalibik, sadəcə, bizi satdılar, bizə xəyanət etdilər. Bunu müharibədə olan hər kəs bilir. Dünya birliyinə gəldikdə isə... 44 gün ərzində ABŞ və Avropa gözlərini yumdular, heç nə görmədilər, görmək istəmədilər. Baş nazir Nikol Paşinyana gəldikdə isə... Ölkə başçısı, millətin lideri savadlı, bacarıqlı, peşəkar olmalıdır, xalqını və millətinin tarixini sevməlidir. Paşinyanda isə bu xüsusiyyətlərin heç biri yoxdur".

Borisin fikrincə, Nikol Paşinyan mütləq istefa verməlidir.

... Övladı və ya özü Qarabağda ordumuza qarşı vuruşmuş Yunanıstan vətəndaşları arasında Boris kimilər çoxdur.

Xatırladaq ki, 44 günlük Vətən Müharibəsi zamanı Yunanıstandan Ermənistana, oradan da Qarabağa yüzlərlə muzdlu yollanmışdı. Bu şəxslərin istisnasız olaraq hamısını Ermənistanın Müdafiə Nazirliyi "könüllülər" kimi qələmə versə də, onlar nazirlikdən maaş alırdılar. Yəni beynəlxalq hüquqa və qanunlara əsasən, muzdlu, hərbi cinayətkar sayılırlar.

Qarabağa bizə qarşı döyüşmək üçün Yunanıstandan gəlmiş sabiq yunan unter-zabit isə Facebook-dakı profilində yazmışdı: "Ermənilərlə, qardaşlarımla çiyin-çiyinə vuruşmaq istəyirəm. Şöhrət, yaxud savaş bitəndən sonra komandirin yanına gedib medal almaq və televizorda göstərilməyim üçün yox. Erməni qardaşlarıma kömək etmək istəyirəm, çünki onlar xristiandır. Yunanam və türkləri əzmək, məhv etmək istəyirəm".

Yunanıstandan Qarabağa 570 "könüllü" yollanmışdı. Onların 50 nəfəri yunan idi.

Digər absurd məqam isə Yunanıstan vətəndaşı olan Borisin İrəvanda yürüşə qatılması və Paşinyanın istefasını tələb etməsidir. Ermənistan vətəndaşı olmayan şəxs Ermənistan paytaxtında müxalifətin etiraz aksiyasına qatılır, siyasi tələblər irəli sürür, "qədim erməni tarixini qorumalıyıq və döyüşməliyik" deyir.

Yunanıstanın Ermənistandakı səfiri isə bu qanun pozuntularını görmür və özünü korluğa, karlığa vuraraq davranır.

Elçin Alıoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.