Siyasət

Laçın SES işə salındı - VİDEO

25 Fevral 2021 10:57
Baxış: 2 903

Laçında su-elektrik stansiyası fəaliyyətini bərpa edib.

Rusiyanın Müdafiə Nazirliynin yaydığı açıqlamaya görə, Laçın rayonundakı SES rusiyalı sülhməramlıların dəstəyi və köməyi ilə işə salınıb.

Bu SES-də hasil edilən elektroenerji Laçın şəhərinə, ətraf kəndlərə və Xankəndinə verilir.

Ötən ilin noyabrın 9-dan 10-a keçən gecə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanata görə, Laçın SES-i rusiyalı sülhməramlıların nəzarət etdiyi ərazidə, su bəndi isə Azərbaycan ordusunun azad etdiyi ərazidə qalmışdı.

Laçın SES-in gücü saatda 4 min kilovatt, hasilat həcmi isə ildə 15 milyon kVt/saatdır.

Su-elektrik stansiyasının maşın zalı Laçın dəhlizinin ərazisindədir və hazırda orada erməni fəhlələr çalışırlar. Stansiyanın tam gücü ilə işləməsi üçün azərbaycanlı hərbçilərin işğaldan azad etdikləri ərazidəki su bəndi də təmizlənməli idi.

İkinci Qarabağ Müharibəsinədək Xankəndidə və erməni işğalında olan digər ərazilərə elektroenerji Ermənistandan hər biri 110 kilovoltluq iki elektrik xətti ilə verilirdi.

Hazırda rusiyalı sülhməramlıların nəzarətində olan əraziləri, sadəcə, Sərsəng su-elektrik stansiyası elektroenerji ilə təmin edir.

Laçının Güləbird kəndindəki su-elektrik stansiyası isə artıq işə salınıb. Bu SES Laçın və Qubadlı rayonlarını elektroenerji ilə təmin edir.

Eyni zamanda, Suqovuşanda da iki SES işə salınıb və həmin stansiyalar vasiətsilə ətrafdakı yaşayış məntəqələrinin elektroenerji təminatı problemi həll olunur.

Güləbird SES-ində yeni generatorlar quraşdırılıb, yeni istehsalat oksu tikilib.

İlkin mərhələdə stansiya 10 kilovolt elektroenerji istehsal edəcək. Elektrik xətləri şəbəkəsi çəkiləndən sonra isə "Azərenerji" Qubadlı rayonunda 110 kilovoltluq yarımstansiya inşa edəcək.

Beləliklə, Laçın və Qubadlı rayonlarının elektroenerji təminatı problemi bütünlüklə həll olunacaq.

Bilavsitə Laçın SES-inə gəldikdə isə, Laçın dəhlizində yerləşən bu stansiya rusiyalı sülhməramlılar ərazini tərk edəndən sonra "Azərenerji"in balansına veriləcək və orada tam bərpa-rekonstruksiya, habelə modernləşdirmə işləri aparılacaq.

Orxan Hun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.