Siyasət

Ermənistan Azərbaycan və Türkiyədən asılı vəziyyətə düşəcək

15 Yanvar 2021 16:24
Baxış: 3 087

"Son bir neçə ildə Dağlıq Qarabağ konfliktinin regionun nəqliyyat- kommunikasiya imkanlarının limitləməsi haqqında dəfələrlə danışmışıq. Ermənistan  hərbi təcavüzünü və işqal faktını gizlətmək üçün uzun illər apardığı manipulyasiyalar Cənubi Qafqaz regionunun təhlükəsizlik mühitinə və onun enerji, nəqliyyat və diğər kommunikasiyalar marşrutlarına yaratdığı təhlükə "basdırılmış mina" rolunu oynayırdı".

Bunu Milli.Az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert, siyasi fəal Yeganə Hacıyeva deyib.

Ekspert bildirib ki, nəqliyyat layihələri Ermənistanı Azərbaycan və Türkiyədən iqtisadi asılı vəziyyətə salacaq:

"Bundan başqa ekeloji fəlakətə səbəb olacaq siyasət yürüdürdü: meşələr qırılır, təbii və mineral su ehtiyatları çirkləndirilir, torpaq və əkin sahələrinin məhv edilməsi ilə müşayiət olunan qeyri-qanuni qazma fəaliyyəti ilə təbiət talan edilirdi. 

Azərbaycan Ordusunun Qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsi işğal altında olan torpaqlarımızın azad edilməsi ilə bərabər Cənubi Qafqaz regionunda yeni iqtisadi reallıqlar formalaşdırdı. 10 noyabr və 11 yanvar 3 tərəfli görüşlərdə əldə olunan razılaşmalarda nəzərdə tutulan nəqliyyat layihələri və onların uzunmüddətli iqtisadi nəticələri Ermənistanı Azərbaycan və Türkiyədən iqtisadi asılı vəziyyətə salacaq.

Ermənistan iki istiqamətdə, Gümrü-Naxçıvan-Mehri-Bakı və İcəvan-Qazax-Bakı marşrutları ilə Azərbaycanın nəqliyyat imkanlarından istifadə etməklə, öz ticarət dövriyyəsinin 30%-ni təşkil edən Rusiya ilə daha rahat əlaqə yarada biləcək. Öncə onu qeyd edim ki , Ermənistanın Azərbaycan və Türkiyənin dəmiryolu xətlərinin istifadəsi imkanları Ermənistan dövlətinin sonrakı addımlarından bir başa asılı olacaq".

Y.Hacıyeva onu da deyib ki, kommunikasiyaların açılması nəticəsində Ermənistanın ticarət dövriyyəsində Türkiyə və Azərbaycanın xüsusi payı olacaq:

"Azərbaycan və Türkiyənin dəmiryolu xətlərinin qoşulmaqla Ermənistan təkcə Türkiyə üzərindən Aralıq və Qara dəniz limanlarına deyil, həm də Azərbaycan üzərindən Culfa vasitəsilə İranla əlaqələr qurmaq şansları əldə edə bilər. Azərbaycan prezidenti İlham Əliyev öz çıxışlarından birində qeyd etdiyi kimi çətin coğrafi şəraitdə Ermənistan-İran dəmir yol layihəsinin tikintisi üçün 2-3 mlrd. dollar vəsait yatırmağa heç bir investor razı olmayacaq. Cənubi Qafqazda kommunikasiyaların açılması İranın Bəndər-Abbas yük limanı vasitəsilə İran körfəzi və Oman körfəzinə və Hind okeanına çıxış, İstanbul-İslamabad qatar xəttinə qoşulma imkanı yaradır.

Kommunikasiyaların açılması ilə inkşaf edəcək iqtisadi-ticari əlaqələr həm region ölkələrinə, həm də bu xətlərdən istifadə edəcək digər ölkələrə fayda gətirəcək. İqtisadçılar kommunikasiyaların açılması nəticəsində Ermənitsanın ticarət dövriyyəsində Türkiyənin payı 3 faizdən 13 faizə, Azərbaycanın payı isə ilk dövrdə minimumdan 1 faizə, sonraki illərdə isə hər iki göstəricinin artmasını hesablayırlar.

Qars-Naxçıvan-Meqri-Zəngilan-Bakı dəmiryolu xətti Naxçıvanın blokadadan çıxarılması ilə parallel , Azərbaycan Aralıq dənizi hövzəsi ilə Xəzər hövzəsinin Böyük İpək yolu və Şimal-Cənub dəhlizi üzrə nəqliyyat xəttini formalaşdırır ki, bununla da Orta Asiya və Avropa, Türkiyə və Rusiya, İran və Avropa, Türkiyə və Orta Asiya arasında yeni və daha iqtisadi səmərəli nəqliyyat imkanları yaranır. Əlbəttə bunlar iştirakçı ölkələrin iqtisadiyyatına öz təsirini göstərəcək".

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.