Siyasət

Yenidən müharibə başlaya bilər? - Məşhur türk hərbi ekspert danışdı - ÖZƏL

15 Yanvar 2021 15:05
Baxış: 3 985

"Ermənistan tərəfində müharibənin qoyduğu çox ağır bir "travma" var. Yəni, məğlubiyyəti həzm edə bilmirlər".

Bunu Milli.Az-a açıqlamasında tanınmış türkiyəli hərbi ekspert Abdullah Ağar deyib.

Ekspert bildirib ki, Ermənistanın hər hansı bir hücum planı olarsa, həmin savaşa onlara himayədarlıq edən bəzi qüvvələri də daxil etməyə çalışacaq:

"Məğlubiyyəti həzm edə bilmədikləri üçün də tez-tez savaş deyib dururlar. Normalda, indiki vəziyyətdə 80-100% gücünü, texnikasını itirən Ermənistan ordusunun Azərbaycana qarşı qələbə qazanmaq ehtimalı yoxdur. Amma hərb bir diləkdir. Biri dilək edib, diləkdən uğur əldə etmək niyyətini ortaya qoya bilər. Bu necə ola bilər?! Azərbaycan tərəfinin gözləmədiyi yerdə, gözləmədiyi zamanda, gözləmədiyi şəkildə və gözləmədiyi güc birləşmələri ilə hücum edə bilər. İndi onlarda belə bir üsyan var. Amma bu onların savaşı qazanacağı anlamına gəlməz, eyni ilə Tovuz hücumlarında (2020 iyul hadisələri) olduğu kimi.

Ermənistandan bu plan gözlənilir

Bir məsələyə çox diqqət edilməli olduğunu düşünürəm - Ermənistanın hər hansı bir hücum planı olarsa, hücuma qarşı onlarla bütün sərhəd xətti boyunca son dərəcə diqqətli olmaq lazımdır, sadəcə Qarabağla sərhəd ərazilərdə yox. Ermənistan həmin savaşa onlara himayədarlıq edən bəzi qüvvələri də daxil etmək istəyə bilər. Necə ki, 44 günlük müharibə zamanı Rusiyanı hər yolla müharibəyə daxil etməyə çalışdı. Ermənistandan bu plan gözlənilə bilər. 

Belə bir riskin olduğunu düşünürəm

Eyni zamanda burada qeyri-sabitlik yaratmaq üçün terror da törətməyə cəhd edə bilərlər. Necə ki, Hadrut istiqamətində belə bir cəhd etdilər. Ermənistan digər tərəfdən də Azərbaycanla müharibəni siyasi meydanda, beynəlxlaq arenada, iqtisadi müstəvidə davam etdirə bilər. Onlar həm də "Artsax" sözünü müxtəlif platformalarda qondarma rejimin varlığını davam etdirmək məqsədilə istifadə edə bilərlər və ya Rusiyadan istifadə edərək, arxasında gizlənərək Rusiyanın üzərindən Azərbaycandan bəzi güzəştlər əldə etmək, ərazi qoparmaq istəyə bilərlər. Bunu görürük, xüsusilə də Laçın Koridoru, Xocavəndlə, Ağdərə ilə, Xocalı ilə bağlı bəzi güzəştlərə sahiblənmək istəyə bilərlər. Beləliklə də ərazisini, dairəsini genişləndirməyi düşünə bilərlər. Açığı belə bir riskin olduğunu zənn edirəm.

Çox diqqət etmək lazımdır

İndi müharibə diplomatik müstəvidə beynəlxlaq siyasi arenada davam edir. Bu cəbhədə tora düşməmək lazımdır. Çünki Ermənistanın xüsusilə Qarabağla bağlı dərin bir planı, niyyəti var. Eynilə Yunanıstanın Türkiyəyə etdiyi kimi, Ermənistan da Azərbaycana hiylə işlədə bilər. Yəni, siyasi, hərbi, beynəlxalq təhlükəsizlik və beynəlxalq hüquq və diplomatik müstəvidə bunu etməyə çalışacaqlar. Və bu sadaladığım sahələr üzərindən qazancını demoqrafik anlamda istifadə edə bilər. Demoqrafik vəziyyət çox önəmlidir. Necə ki, bu gün Ermənistan Dağlıq Qarabağın demoqrafiyasının dəyişməməsi üçün terror törədir, terrorçuları bölgəyə göndərir. Bunlara çox diqqət etmək lazımdır". 

Təhməz Əsədov
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.